www.science.az
21.10.2014 00:00

“Ədəbi proses - 2013” elmi müşavirəsinin materialları nəşr olunub

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda bu il aprelin 2-də keçirilmiş “Ədəbi proses - 2013” yaradıcılıq müşavirəsi Azərbaycan ədəbiyyatşünaslıq elmində son illərin ən mühüm hadisələrindən biri idi. Belə ki, əsası Ədəbiyyat İnstitutunda qoyulmuş “Ədəbi proses” formatında yaradıcılıq müşavirəsi sonuncu dəfə 30 il qabaq, 1984-cü ildə keçirilmiş və tədbirin materialları bir il sonra nəşr olunmuşdur.

“Ədəbi proses – 2013” Azərbaycan ədəbiyyatının müstəqillik dövrünə həsr olunmuş ilk yaradıcılıq müşavirəsi kimi də mühüm əhəmiyyət kəsb edir. Bu yaradıcılıq müşavirəsinin aparıcı elmi-ideoloji istiqamətini azərbaycançılıq, millilik və bəşərilik təşkil etmişdir. O da xüsusi qeyd olunmalıdır ki, müşavirənin materialları AMEA Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapa təqdim edilərək tez bir zamanda toplu halında çap olunub. Toplunun “Ədəbi proses – 2013: ənənənin bərpası və yeni mərhələ” adlı ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.

Nəşrdə cari ildə şeir, poema, bədii nəsr, dramaturgiya, ədəbi tənqid, bədii publisistika, bədii tərcümə sahəsində baş verən proses və dəyişmələr, bu istiqamətdə aparılmış geniş və elmi-nəzəri mahiyyət daşıyan məruzələr öz əksini tapıb. Topluya ədəbi tənqid şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin “İlin ədəbi mənzərəsi”, Nərgiz Cabbarlının “2013-cü ilin şeiri”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovanın “İlin poema yaradıcılığı (janrın qürubu, yoxsa ədəbi laqeydliyimiz?!)”, filologiya üzrə elmlər doktoru Salidə Şərifovanın “Bədii nəsr”, fəlsəfə üzrə elmlər doktoru Rahid Uluselin “Tənqid və müasir ədəbi proses” və s. mövzularda məruzələr daxil edilib.

“Hədəf nəşrləri”ndə nəfis şəkildə çap olunmuş bu toplu Azərbaycan ədəbi prosesini daha dərindən öyrənmək üçün böyük əhəmiyyətə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.