www.science.az
27.04.2020 12:44

NASA-nın “Hubble” teleskopunun orbitə buraxılmasından 30 il ötür

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) “Hubble” kosmik teleskopu 30 illik yubileyini kosmosun yeni görüntüsü ilə qeyd edib.

Teleskopun saytında 30-cu ildönümü ilə əlaqədar olaraq, Yerdən təxminən 163 min işıq ili məsafədə yerləşən Süd yolu qalaktikası yaxınlığında bir ulduz meydana gətirən bölgənin görüntüsü paylaşılıb. Həmin görüntüdəki nəhəng qırmızı dumanlı formanın "NGC 2014", daha kiçik mavi formanın isə "NGC 2020" adlandırıldığı bildirilib.

Astronomlar bu görüntünü sualtı dünyaya bənzəməsi səbəbi ilə "Kosmik rif" adlandırıblar. Yeni görüntü "Hubble"in 30 illik fəaliyyəti boyunca müşahidə etdiyi ən aydın "ulduz doğuşu bölgəsi" sayılır.

Qeyd edək ki, NASA və Avropa Kosmik Agentliyinin (ESA) birgə layihəsi olan “Hubble” teleskopu 1990-cı ildə fəzaya buraxıldığı andan etibarən ilin hər günü kosmosdan ən azı bir şəkil çəkib və astronomiyaya mühüm töhfələr verib. Teleskop vasitəsilə əldə edilən məlumatlardan istifadə edilərək keçən il təxminən 1000 məqalə nəşr olunub.

“Hubble” teleskopunun orbitdə 30-cu ildönümü münasibətilə NASA tərəfindən maraqlı bir səhifə yaradılıb. Səhifədə istifadəçilər öz doğum günlərini qeyd edərək həmin gündə teleskop tərəfindən çəkilmiş şəkillərə baxa bilərlər. Görüntülər arasında Günəş sistemindəki planetlər, ulduzlar, qalaktikalar, həmçinin “ulduz doğuşu” və digər kosmik hadisələrin şəkilləri yer alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.