www.science.az
28.04.2020 13:26

Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Yer Fizikası Bölməsinin Seysmologiya və geomaqnetizm şöbəsinin rəhbəri vəzifəsini icra edən, Yer elmləri doktoru, dosent Qulam Babayevin şöbə əməkdaşları və italiyalı professor Luçiano Teleska ilə birlikdə hazırladığı məqalə “Springer” beynalxalq bazasına daxil olan “Pure and Applied Geophysics” jurnalında dərc edilib.

“Böyük Qafqazın cənub yamacının seysmik təhlükəsinin təhlili” adlı məqalədə seysmik təhlükənin qiymətləndirilməsi məqsədilə kvazi-ehtimal və neo-deterministik nəzəriyyələri əsasında iki modifikasiya olunmuş üsuldan istifadə olunub. Həmçinin 1902-2018-ci illərdə baş vermiş zəlzələlərin makroseysmik parametrləri (məsələn, zaman-məkan üzrə paylanan zəlzələ vahidləri, aktivlik, ardıcıllıq) nəzərə alınmaqla, müasir riyazi-statistik və inteqrə deterministik üsulların tətbiqi vasitəsilə Böyük Qafqazın cənub yamacının müxtəlif əmsallarda seysmik ssenari modelləri qurulub.

Tədqiqat işində zəlzələlərin Zaqatala-Balakən, Şəki-Oğuz-Qəbələ və Şamaxı-İsmayıllı seysmoaktiv zonalarına təsiri qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.