Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Albaniya tarixinə dair fundamental əsər işıq üzü görüb
30.04.2020 14:17
  • A-
  • A
  • A+

Albaniya tarixinə dair fundamental əsər işıq üzü görüb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Qafar Cəbiyevin “Girdiman. Tarixi və tarixi coğrafiyası” adlı fundamental tədqiqat əsəri rus dilində çapdan çıxıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın redaktoru akademik Yaqub Mahmudov, rəyçiləri AMEA-nın müxbir üzvləri Vəli Əliyev və Cəfər Qiyasidir.

Doqquz fəsildən ibarət olan əsərdə Girdiman abidələri və onlarda aparılmış arxeoloji tədqiqatlara dair 54 şəkil, habelə nadir arxeoloji tapıntıların foto və rəsmlərini əks etdirən 43 tablo yer alıb.

Uzun illər ərzində qədim Azərbaycan dövləti olan Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında aparıcı mövqe tutan Girdiman vilayətinin tarixi və əraziləri ilə bağlı tədqiqatçılar arasında fikir ayrılıqları mövcud olub. Əksər tədqiqatçılar Girdiman vilayətinin ərazilərinin Albaniyanın qərbində və ya şimal-qərbində yerləşdiyini iddia ediblər. Bu yanlış versiyanı ilk dəfə elmi dövriyəyə məqsədli şəkildə gətirən, Albaniya tarixini təhrif edərək saxtalaşdırmağa çalışan SSRİ EA Şərqşünaslıq İnstitutunun Qafqazşünaslıq şöbəsinin rəhbəri, akademik S.Yeremyan olub.

Əsərdə ermənilərin bu iddialarına tutarlı cavab verilib. Nəşrdə ilk dəfə professor Qafar Cəbiyev Girdiman vilayətinin Şirvan bölgəsində, Ağsuçay-Girdimançay-Göyçay çayları hövzəsində yerləşdiyini elmi dəlillər əsasında sübuta yetirib. 

Akademik Yaqub Mahmudov isə kitaba yazdığı “Ön söz”də müəllifin inkarolunmaz elmi əsaslara söykənərək S.Yeremyanın və digər erməni tarixçilərin əsassız fikirlərini təkzib etməklə tarixi həqiqətləri ortaya qoyduğunu bildirib.

Qeyd edək ki, monoqrafiya tarixçilər, arxeoloqlar, etnoqraflar, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: