Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib
01.05.2020 10:57
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu fəaliyyətini yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq davam etdirir. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyevin rəhbərliyi ilə bu elmi qurumun növbəti onlayn iclası keçirilib. İclasda bir sıra cari məsələlərə baxılıb.

İlk növbədə, AMEA-nın elmi müəssisə və təşkilatlarına zəruri İnternet xidmətləri göstərən, eləcə də ölkəmizin elm və təhsil qurumlarının Avropanın Elm və Təhsil Şəbəkəsinə (GEANT) inteqrasiyasını təmin edən AzScienceNet elm-kompüter şəbəkəsinin xüsusi karantin rejimi şəraitində fəaliyyəti, dayanıqlığı ilə bağlı müzakirələr aparılıb. AzScienceNet-in infrastrukturunun genişləndirilməsi və texniki imkanlarının artırılması ilə bağlı görüləcək işlər müəyyənləşdirilib.

Sonra GEANT təşkilatının dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect layihəsi çərçivəsində bu il oktyabr ayının 10-da Bakıda keçirilməsi nəzərdə tutulan “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı” (EaPEC 2020) ilə bağlı təşkilati məsələlər müzakirə olunub.

Eyni zamanda, institutda ötən ildən keçirilməsi planlaşdırılan süni intellekt problemləri və informasiya təhlükəsizliyinin aktual məsələlərinə həsr olunacaq elmi konfranslara hazırlıq işləri haqqında fikir mübadiləsi aparılıb, təşkilatçılar tərəfindən zəruri məlumatlar verilib.

İclasda xüsusi karantin rejimi müddətində institutun fəaliyyət planına daxil edilən müxtəlif elmi mövzular üzrə müvafiq əməkdaşların iştirakı ilə onlayın seminarların keçirilməsi təklif edilib.

Bundan başqa, institut əməkdaşlarının, doktorant və dissertantlarının apardığı elmi-tədqiqat işlərinin vəziyyəti müzakirə olunub, tədqiqatların nəticəsi kimi beynəlxalq bazalarda indeksləşən konfrans və jurnallara təqdim edilən, çapa qəbul olunan tezis və məqalələr barədə məlumat verilib.

Sonda institutun magistrantlarına distant qaydada tədris olunan dərslərin keyfiyyəti, mənimsənilmə səviyyəsi, onların elmi rəhbərləri ilə onlayn rejimdə təmasları ilə bağlı məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: