Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Karantin rejiminin yumşaldılması rahatlıq yaratmamalıdır
01.05.2020 12:18
  • A-
  • A
  • A+

Karantin rejiminin yumşaldılması rahatlıq yaratmamalıdır

Hazırda dünyanın 200-dən çox ölkəsində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə aparılır. Əksər ölkələrdə həyata keçirilən tədbirlərə baxmayaraq, dünyada COVID-19 daşıyıcılarının sayı 3,2 milyonu ötüb, təxminən 230 min insan həyatını itirib, 1 milyona yaxın isə sağalıb. Virusdan ölənlərin sayının sürətlə artması dünyanın pandemiya ilə mübarizəyə hazırlıqlı olmadığını göstərdi.

Azərbaycanda pandemiyanın yayılma təhlükəsi ilə bağlı vəziyyət Prezident İlham Əliyev tərəfindən vaxtında və düzgün qiymətləndirildi, mühüm addımlar atıldı, lazımi tədbirlər görüldü. Azərbaycan hökuməti tərəfindən həyata keçirilən preventiv tədbirlər sayəsində epidemiyanın geniş yayılmasının qarşısını almaq mümkün oldu.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən, biologiya elmləri doktoru Elşad Əhmədov deyib. O vurğulayıb ki, görülən tədbirlərə baxmayaraq bütün dünyada olduğu kimi, Azərbaycanda da hər gün yeni yoluxma halları qeydə alınmaqda davam edir.

Pandemiyanın yayılmasına görə bəzi ölkələrdə yoluxanların və ölənlərin sayı artır, bəzilərində isə virusa qarşı aparılan effektiv tədbirlərin nəticəsi olaraq qadağalar yumşaldılır.

Əhalinin sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyevin qərarlarının və dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlərin müsbət nəticəsi olaraq aprelin 27-dən Azərbaycanda da karantin rejiminin yumşaldılmasına başlanılıb, bəzi sahələrdə çalışan insanların fəaliyyətinə icazə verilib. Bu heç də koronavirus təhlükəsinin bitdiyi, virusun yoxa çıxdığı demək deyil! Biz ancaq bütün dünyada koronavirusa son qoyulduğu vaxt arxayın ola bilərik. Karantin rejiminin yumşaldılması laqeydliyə əsas verməməli, heç kim arxayınlaşmamalıdır. Son günlər əhali arasında karantin rejiminin tələblərinə riayət etməyənlərin sayında artım müşahidə olunur. Küçəyə çıxan insanlar qoruyucu vasitələrdən kütləvi halda istifadə etmir, sosial məsafəni qorumur. Məhdudiyyətlər götürülsə belə, insanlar sanitar normalara əməl etməlidir. Dövlət üzərinə düşəni edib, artıq növbə vətəndaşlarındır.

Elşad Əhmədov vurğulayıb ki, əhali tərəfindən xüsusi karantin qaydalarına əməl edilməməsi Azərbaycanın hər bir vətəndaşının sağlamlığının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin səmərəliliyini təhlükə altında qoyur.

“Xəstəliyin simptomları müşahidə edilməyən yoluxmuş insanların aramızda ola biləcəyini nəzərə alsaq, əhalinin sıx təmasları, ciddi zərurət olmadığı halda evdən çıxmaları, karantin dövrünün tələblərinə tabe olmamaları pandemiyanın yeni, “ikinci dalğa”sının meydana çıxması ilə uzunmüddətli karantin rejiminə keçilməsinə səbəb ola bilər. Belə halların baş verməməsi üçün əhalini dövlət tərəfindən irəli sürülən bütün tələblərə ciddi şəkildə əməl etməyə çağırırıq”, – deyə Elşad Əhmədov qeyd edib.

  • Paylaş: