Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Biz birlikdə güclüyük!” çağırışı hər birimizin məsuliyyətini artırmalıdır
04.05.2020 10:58
  • A-
  • A
  • A+

“Biz birlikdə güclüyük!” çağırışı hər birimizin məsuliyyətini artırmalıdır

Bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19 pandemiyasına qarşı mümkün vasitələrdən istifadə olunmaqla mübarizə davam etdirilir. Lakin bu mübarizənin digər ölkələrdən fərqi ondadır ki, dövlət pandemiyanın qarşısının alınmasında vətəndaşının yanında oldu, insanların sağlamlığı yönündə vacib addımlar atdı. Bu istiqamətdə görülən qabaqlayıcı tədbirlər çərçivəsində ölkəmizdə COVID-19 virusundan sağalanların sayı yoluxanlardan çoxdur.

Bu fikri AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarova AZƏRTAC-a müsahibəsində söyləyib. O bildirib ki, Azərbaycan Prezidentinin pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə atdığı qətiyyətli addımlar ölkəmizdə virusa qarşı mübarizədə ciddi nəticələr əldə edilməsinə səbəb oldu. Dövlətimizin başçısının hadisələrin axarını uzaqgörənliklə və düzgün təhlil edərək vaxtında verdiyi qərarlar, həyata keçirilən qabaqlayıcı tədbirlər ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində misilsiz əhəmiyyət daşıyır. Təşkilatlar mümkün vasitələrdən istifadə edərək onlayn rejimdə çalışmaqla fəaliyyətlərini davam etdirirlər. Bir neçə gündür ki, xüsusi karantin rejimində yumşalmalar var. Lakin bu, insanları arxayınlaşdırmamalı, vətəndaşlar pandemiya təhlükəsinin aradan qaldırılmadığını anlamalı və qaydalara əməl etməlidirlər. Yenidən neqativ hallarla qarşılaşmamaq üçün insanlar “Evdə qal” çağırışına qoşulmalı, həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə əməl etməlidirlər.

MEK-in direktoru vətəndaşların sosial təcrid qaydalarına ciddi riayət etməyəcəkləri halda virusun ikinci dalğasının alovlana biləcəyini, hər kəsin özünü məsuliyyətli aparmalı olduğunu vurğulayıb.

“Biz birlikdə güclüyük!” çağırışı hər birimizin məsuliyyətini artırmalıdır. Pandemiya ilə bağlı ABŞ-ın, Avropa ölkələrinin və qonşu ölkələrin acı aqibətini yaşamamaq üçün hər kəs digərinin sağlamlığında cavabdeh olduğunu dərk etməli, ətrafda risk qrupuna aid insanların da olduğunu yaddan çıxarmamalıdır. COVID-19-a qalib gəlmək üçün, əlbəttə, əsas məsuliyyət vətəndaşın üzərinə düşür. Sosial təcrid, ara məsafəsinin saxlanması, tibbi maskadan və dezinfeksiyaedici vasitələrdən istifadə həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilməlidir. Hər kəs bilməlidir ki, əvvəlki həyat şəraitinə dönmək üçün ilk məsuliyyət onun üzərindədir”, - deyə Sevil Zülfüqarova bildirib.

  • Paylaş: