Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Avstraliyalı musiqişünas Hüseyn Cavidin Ev Muzeyi ilə əməkdaşlıq edir
04.05.2020 11:49
  • A-
  • A
  • A+

Avstraliyalı musiqişünas Hüseyn Cavidin Ev Muzeyi ilə əməkdaşlıq edir

AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsi tərəfindən akademiyanın elmi tədqiqat institutları və əlaqədar müəssisələrin beynəlxalq əlaqələr üzrə məsul şəxslərinin onlayn iclası keçirilib. 

Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayevanın sədrliyi ilə keçən iclasda AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün elan edilmiş layihə müsabiqəsi, eləcə də  beynəlxalq elmi və elmi-mədəni əlaqələr sahəsində həyata keçirilmiş işlər müzakirə edilib.

Tədbirdə AMEA-nın Hüseyn Cavidin Ev Muzeyini bu qurumun beynəlxalq əlaqələr üzrə məsul şəxsi Aytən Cəfərli təmsil edib.

Muzeyin əməkdaşı diqqətə çatdırıb ki, ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq Hüseyn Cavidin Ev Muzeyinin beynəlxalq əlaqələr üzrə fəaliyyəti nisbətən məhdudlaşdırılsa da, davam etdirilir: “Bu müddət ərzində muzeyin rəsmi huseyncavid.az veb-saytında yerləşən “virtual muzey” pəncərəsindən burada saxlanılan eksponatlar haqqında ətraflı məlumat əldə etmək mümkündür”. Onun sözlərinə görə, muzeyin saytına son 1 ay ərzində dünyanın 55 ölkəsindən 800 izləyici daxil olub. Bu ölkələr sırasında Fransa, Almaniya, Türkiyə, İspaniya, Böyük Britaniya, ABŞ, İtaliya, Rusiya, Ukrayna, Çin, İran, Hollandiya, Polşa ilk sıralarda yer alır.

A.Səfərli qeyd edib ki, avstraliyalı musiqişünas, Kvinslənd vilayətində yerləşən Ormiston Kollecinin professoru Con Varney Hüseyn Cavidin Ev Muzeyi ilə əməkdaşlıq edir. C.Varney Ərtoğrol Cavidin fortepiano üçün bəstələnmiş musiqi əsərlərini yeni aranjemanda fleyta, skripka, violançel kimi musiqi alətlərində,  eləcə də ansamblda ifa oluna biləcək formada hazırlayıb.

O, vurğulayıb ki, Hüseyn Cavidin qüdrətli türk sərkərdəsi və dövlət xadimi Əmir Teymur haqqında qələmə aldığı tarixi “Topal Teymur” dram əsərinin yazılmasının 95 illiyi münasibətlə əsərin ingilis dilinə tərcüməsi üzərində iş aparılır. Bununla yanaşı, “Cavid hikməti və seçmə aforizmlər” kitabı ingilis dilinə tərcümə olunur.

Həmçinin xüsusi karantin rejimi dövründə muzeyin “Youtube” kanalında, “Facebook” səhifəsində və rəsmi saytında bir neçə xarici dildə yerləşdirilmiş videoekskursiyalar nümayiş olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: