www.science.az
05.11.2014 00:00

Almaniya alimləri və Azərbaycan diasporunun elmi nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyası ilə Almaniya elmi ictimaiyyəti arasında əməkdaşlıq imkanları müzakirə edilib. Oktyabrın 28-dən noyabrın 2-nə qədər Berlinə səfər çərçivəsində AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya alimləri və Azərbaycan diasporunun elmi üzvləri ilə görüşüb. Ölkəmizin Berlində yerləşən səfirliyinin dəstəyi ilə təşkil edilən səfər çərçivəsində “Azərbaycan – Almaniya: İkitərəfli münasibətlərdə elmin yeri və rolu” mövzusunda dəyirmi masa, Humbolt Fondunda, Azərbaycan Diaspora Mərkəzində, həmçinin Berlin Brandenburq Elmlər Akademiyasının (BBEA) vitse-prezidenti Kristof Markşiss ilə görüşlər keçirilib. BBEA-nda keçirilən görüşdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə olunub, yaxın zamanda AMEA ilə memorandum imzalanması təklifi irəli sürülmüşdür.

Sonra Humbolt Universitetinin “Azərbaycan tarixi” fakültəsinin rəhbəri Eva Mariya Aux ilə görüş keçirilib. Tədbirdə Almaniyada Azərbaycan tarixinə dair kitabların çap olunması və ölkəmiz haqqında ensiklopediyanın hazırlanmasına, həmçinin AMEA-nın Mərkəzi Kitabxanası ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

AMEA prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Şərq Tarixi (PERQAMON) və Berlin Etnologiya muzeylərinə də səfər edib. Muzeylərdə İran, Əfqanıstan və digər şərq ölkələrinin, həmçinin türkdilli xalqların mədəniyyət və incəsənətinə dair tarixi eksponatlarla tanış olublar.

Səfərdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli və Rəyasət Heyətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva da iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.