Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.05.2020 14:16
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun fəaliyyəti müzakirə olunub

Şərqşünaslıq İnstitutunun fəaliyyəti müzakirə olunub

Mayın 15-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görülən işləri müzakirə etmək və qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədilə iclas keçirilib.

İnstitutun direktoru, akademik Gövhər Baxşəliyevanın rəhbərliyi ilə keçirilən iclasda koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə sosial izolyasiya dövründə müəssisə əməkdaşlarının tədqiqatlarını məsafədən davam etdirdikləri, araşdırmalarının nəticələrini nüfuzlu elmi jurnallarda dərc etdirdikləri qeyd olunub.

İclasda institutun Nəşriyyat və elmi informasiya təminatı şöbəsində çapa təqdim olunan kitabların redaktəsi üzərində işin davam etdirildiyi diqqətə çatdırılıb.

Tədbirdə t.ü.f.d. Əmmar Abbasovun “Erkən islam tarixi məsələləri”, fil.ü.f.d. Sədaqət Qasımlının “Türk tarixi və mədəniyyəti”, fil.ü.f.d. İnci Qasımlının “Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi və müqayisəli mətni”, f.ü.f.d. Esmeralda Həsənovanın “Müasir Türkiyədə islam dini, millət, millətçilik və milli dövlət problemlərinin şərhi” (rus dilində), i.ü.f.d. Əkrəm Rəhimlinin “Seyid Cəfər Pişəvəri. Həyatı və siyasi fəaliyyəti” (rus dilində) və Vüqar Məmmədovun “Fars dilini tədqiq edən Azərbaycan alimləri” (XX əsr) kitablarının nəşrə tam hazır olduğu bildirilib.

Bundan başqa, iclasda payız aylarında keçirilməsi planlaşdırılan “Şərq xalqlarının Bakı qurultayı-1920. Şərq dünyası 100 il əvvəl və bu gün”, Nəriman Nərimanovun anadan olmasının 150 illiyi münasibətilə “Nəriman Nərimanov - böyük maarifçi və ictimai-siyasi xadim” adlı respublika elmi konfranslarına dair nəzərdə tutulan işlər müzakirə edilib. Konfranslara tezislərin qəbuluna başlanılmasına, konfransdan sonra isə məruzələrin tam şəkildə dərc edilməsinə dair qərar verilib.

Tədbirlərin dəqiq tarixləri xüsusi karantin rejimi ləğv edildikdən sonra müəyyənləşdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: