www.science.az
18.05.2020 11:11

Azərbaycan beynəlxalq onlayn tədbirdə təmsil olunub

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dmitri Kiriçenko Rusiya Elmlər Akademiyasının (REA) Arxeologiya İnstitutu tərəfindən keçirilən “Paleoantropologiya: qədim miqrasiyaları necə tədqiq etmək?” mövzusunda beynəlxalq onlayn tədbirdə iştirak edib.

Tədbirdə REA Arxeologiya İnstitutunun Kontekstual antropologiya laboratoriyasının rəhbəri, tarix elmləri doktoru Mariya Dobrovolskayanın mühazirəsi dinlənilib.

Mühazirədə qədim insanların sümük qalıqları əsasında miqrasiya məsələlərindən, həmçinin bu mövzuda tədqiqatlarda paleoDNT analizlərinin rolundan bəhs olunub. Tarixçi alim homosapiens cinsinin miqrasiyaları və dünyanı məskunlaşdırmaları, Epipaleolit (son buzlaşmada Paleolitdən Mezolitə keçid) və Neolit dövrlərində Ön Asiyadan Avropaya miqrasiyalar, Xalkolit, Tunc dövrü Avrasiya miqrasiyaları, iskitlərin köçləri və Xalqların Böyük köçü dövrünün miqrasiyalarını nümunələr kimi göstərib.

Mariya Dobrovolskayanın mühazirəsi miqrasiya proseslərinin bərpasında mütəxəssislərə kömək edən kraniologiya, qədim DNT və izotop analizləri sahələrinə həsr olunmuş 3 bölmədən ibarət olub.

Onlayn tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan və Tacikistanı təmsil edən 40-dək mütəxəssis iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.