Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan-Türkiyə “bir millət, iki dövlətin” yenilməz gücünün fəlsəfəsi
19.05.2020 09:06
  • A-
  • A
  • A+

Azərbaycan-Türkiyə “bir millət, iki dövlətin” yenilməz gücünün fəlsəfəsi

İndi aforizm kimi dillər əzbəri olan “Azərbaycan-Türkiyə, bir millət-iki dövlət”  kəlamı - bu, psixoloji ol­­duğu qədər ictimai-siyasi, mədəni fenomen əslində qə­­dim tarixlərin sınağından çıxmış, iki dövlətin ən ağır günlərində özü­­nü təsdiq etmiş müdriklik fəlsəfəsidir ki, onun meyarları birlik, həmrəylik, dostluq, inam, sevgidir.

Bu fəlsəfə bizim ortaq türk kökənli qəbilələrdən, Qıpçaq, Bulqar, Oğuz boylarından, Orta Asiyadan gəlmə türk nəsilləri, Səlcuqlu türkləri, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər tariximizdən, din, dil, adətlər, etnos, mifologiya, çoxçeşitli və zəngin folklorumuz beləcə, ədəbi klassiklərimizin irsindən və bütünlükdə milli-mənəvi dəyərlərimizdən, habelə ictimai-siyasi, elmi, mədəni, iqtisadi münasbətlərdən qaynaqlanmış, zaman-zaman həyat fəlsəfəsi olub, bütün sahələrdə “Azərbaycan-Türkiyə, bir millət-iki dövlət” düşüncəsinin yenilməz gücünü nümayiş etdirmişdir.

Bu həyat fəlsəfəsinin tarixi əsaslarına 100 il qədər uzaq, lakin məzmunca unudulmazlığı ilə çox yaxın hadisələr obyektivindən baxanda daima xoş hislərlə xatırlanacaq Atatürk-Nəriman Nərimanov, Atatürk-İbrahimbəy Əbilov, Atatürk-M.Ə.Rəsulzadə, həmçinin Heydər Əliyev-Süleyman Dəmirəl, İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan ictimai-siyasi əlaqələri gözəl bələdçidir.

Tarixin ən ağır hadisəsi müharibələr, ən humanist münasibət isə haraya yetişmək, xilas etmək, qorumaqdır. Bu baxımdan Türkiyə-Azərbaycan birliyi, həmrəyliyi nümunələrindən yada düşən ilk nümunə: 1918-ci ildə Azərbaycanın harayına gəlmiş, “ya istiqlal, ya ölüm”, -  deyən türk generalı Kazım Qarabəkir Paşa Azərbaycanın qədim məskəni Naxçıvanı erməni daşnaklarından qorumuş, Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperiyasının dəstəyi ilə Naxçıvan və ətrafında yaşayan türklərin təhlükəsizliyini təmin etmək üçün Araz Türk Cümhuriyyətinin yaradılmasına nail olmuşdur. Hələ Kazım Qarabəkir Paşa İran Azərbaycanını da ingilisləri dəf edərək fəth etmiş, bir müddət o tərəfli, bu tərəfli Azərbaycan ürək kimi bərabər döyünmüşdür.

Naxçıvana gəldiyi vaxt maarifçilik işlərinə də nəzarət edən Kazım Qarabəkirin məktəblərdə öz yazdığı marşı öyrətməsi xatırlanmaqdadır.

Ya istiqlal, ya ölüm,

Ya istiqlal, ya ölüm!

Vətənim, millətim, bayrağım, evim,

İstiqlalsız yoxdur yerim!

Zəncir vurdurarmı türklər boynuna?

Varlığı fədadır vətən yoluna.

Biz tarixin türk dediyi millətiz,

Hür yaşar, hür ölür, nurlu ümmətiz !

Həmçinin Kazım Qarabəkirin bu marşı uşaqlara öyrətdiyi məktəbdə müəllim işləyən, sonralar Azərbaycanın böyük şairi, dramaturqu olacaq Hüseyn Cavidin türk generalı haqqında çıxışında bədahətən söylədiyi misralar da elmi ədabiyyatlara iz salmışdır:

“İkimiz de 1882’de doğmuşuz

İkimiz de şair olduk

Kalem ile kılıç, muallim ile asker 

Sen hem kalem, hem de hançer

Vatan için şanlı bir asker”.

Azərbaycanın demək olar ki, bütün bölgələrində cərəyan etmiş 1918-ci ilin 31 mart-2 aprel soyqırım hadisələrinə qısa nəzər yetirdikdə də biz “bir millət, iki dövlət”in birlik, həmrəylik həyat fəlsəfəsinin şahidi oluruq. Onların xalqımıza, millətimizə qarşı törətdiyi soyqırım xəritəsi Bakıya qədər bütün rayonlarımızda, kəndlərimizdə öz dəhşətli izlərini qoymuşdur. Göyçayın Qaraməryəm ərazisində, Hacıqabulun Nəvai qəsəbəsində, Qobustanda və beləcə Bakıda törədilmiş qəddarlıqlar şəxsən mən özüm də daxil, nəsil-nəsil uşaqlara nənələrinin danışdığı qorxulu nağılların mövzusuna dönmüşdür.

Həmçinin ermənilərin Quba rayonunda 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri soyqırımın vəhşilikləri şəhidlər qəbiristanlığında öz aydın izlərini yaşadır. 2007-ci ildə yol təmiri  zamanı təsadüf nəticəsində üzə çıxmış, başları bədənlərindən ayrı vəziyyətdə olan yüzlərlə şəhid bədəni tarixdə insan adlanan ermənilərin öz insan həmvarlığına qarşı amansızlığına əyani sübutdur.

Vətənimiz üçün belə bir tarixi-faciəli dövrdə Türkiyə xalqımızla həmrəylik nümayiş etdirərək harayımıza gəldi. “Bir millətin” qardaş dövləti Türkiyədən hərbi nazir Ənvər paşanın xüsusi əmri ilə osmanlı əsgərlərindən ibarət 15 minə yaxın qüvvə Azərbaycana gəldi. Sözsüzdür ki, Nuru paşanın komandanlıq etdiyi bu Qafqaz Müsəlman Ordusu olmasaydı, 1918-ci ildə ermənilərin bolşevik hərbi qüvvələrinin dəstəyi ilə azərbaycanlılara qarşı həyata keçirdikləri milli soyqırım daha geniş miqyas alardı. Məhz türk ordusunun sayəsində bu qəsbkar və insanlığa sığmayan soyqırım dayandırılmışdır. 

1920-ci illərdə də “Azərbaycan-Türkiyə, bir millət-iki dövlət”in yenilməz birlik gücü öz təntənəsini yaşayır. Bu dəfə Azərbaycan Türkiyəyə öz qardaş mətanətini göstərir.Belə ki, 1920-ci il may ayının 3-də Mustafa Kamal Atatürk Şərq cəbhəsi komandanı Kazım Qarabəkir Paşaya aşağıdakı məz­mun­da bir ­məktub yazır: “Dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin edə bi­lə­cə­yi­miz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər Azərbaycan hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm”.

Kazım Qarabəkir Paşa Atatürkün bu istəyini Azərbaycan hökumətinə bildirir. Bu, Azərbaycan SSR ilə Ankara hökuməti arasındakı ilk rəsmi təmas idi. Azərbaycandan Türkiyəyə  1921-ci ildə Nərimanovun şəxsi əmriylə qardaş əli uzanır.

Azərbaycanın Xarici İşlər naziri Mirzə Davud Hüseynov savaşda qazanılan uğurlar münasibətilə göndərdiyi teleqramda “Qazanılan böyük zəfərlərə görə türk xalqını Azərbaycan SSR adından təbrik edirik” yazıb və bu böyük zəfərin şərəfinə Azərbaycan xalqının yardım üçün 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin göndərdiyini bildiririb. Həmin ilin may ayında Azərbaycan Türkiyəyə 62 sistern neft göndərmiş və bundan sonra savaş qurtarana qədər eyni dəyərdə neft və üç vaqon kerosin göndərmə öhdəliyi götürmüşdü. Mustafa Kamal Paşa 1921-ci ildə Nərimanova bir məktub yazaraq ondan borc pul istəmişdi. Bu məktub səfir vasitəsilə 1921-ci il mart ayının 17-də Nərimanova çatdırılmış, o isə dərhal 500 kq qızıl göndərmişdi. Bunun 200 kq-ı dövlət büdcəsinə, qalanı isə silah və sursat üçün istifadə edilmişdi.

Daha sonra Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl pulu Ankaraya göndərmişdi. Bu yardımlar sayəsində müharibə-döyüş şəraitində olan ölkənin vəziyyəti xeyli yaxşılaşmışdı. Bundan əlavə, 1922-ci ildə Türkiyəyə Batum yolu ilə Azərbaycan tərəfdən doqquz min tondan çox kerasin və 350 ton benzin yardımı göndərilib. Nərimanov Mustafa Kamal Paşaya yazdığı məktubunda türk xalqının qazanılan uğurlarla imperializmdən qurtulma günlərinin yaxınlaşdığını, buna görə təbrik etdiyini bildirir və sonra əlavə edirdi: “Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdən tutacaq və tutmağa davam edəcəyik”.

Xarakterik bir hadisədir ki, Türkiyə Cümhuriyyəti qurulan dövrdə Mustafa Kamal Atatürk  Azərbaycandan yardım istəmişdi və onun bu dərin maddi ehtiyacdan doğan müraciətinə Nəriman Nərimanov “bizdə qardaş-qardaşa borc verməz” mötəbər cavabı verməklə mümkün olandan da artıq yardım yollamışdı. 1991-ci ildə müstəqil Azərbaycan dövləti qurularkən Türkiyə  Azərbaycan lideri Heydər Əliyevin çağırışına dərhal cavab vermiş və Azərbaycana maddi-mənəvi dəstək vermişdi. Bu haqda bir qədər sonra...

Təsadüfi deyil ki, Atatürk 1920-ci ildə Türkiyə Böyük Millət Məclisi qurulduqdan sonra ilk səfirliyini Bakıda açmış və yazıçı Memduh Çevket Esendalı Azərbaycana öz təmsilçisi kimi göndərmişdir. Azərbaycanda doğma, isti münasibətlə qarşılanan Esendal səfirlik bağlanana kimi - 4 illik fəaliyyəti dövründə ilk olaraq Birinci Dünya Müharibəsindən sonra Zaqafqaziya və Rusiyada qalmış türk əsirlərinin Türkiyəyə qayıtması kimi çox çətin vəzifəni yerinə yetirmiş, Azərbaycanda ərəb əlifbasından latına keçilməsi üçün çalışmışdır.

1921-ci ildə Nəriman Nərimanov da Atatürkün bu inamlı addımından sonra İbrahim Məhərrəm oğlu Əbilovu Azərbaycan Sovet Sosialist Respublikasının Türkiyə səfiri vəzifəsinə təyin etdirmiş və onun da Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq, birlik, həmrəylik hislərinin qüvvətlənməsində böyük rolu olmuşdur.

Belə ki, Azərbaycanda bolşevik hakimiyyətinin yeni qurulduğu həmin vaxtlar ölkədə kəskin maddi problemlər yaşandığına rəğmən Nəriman Nərimanovun tövsiyəsi ilə Azərbaycanın Xarici İşlər üzrə Xalq Komissarı Mirzə Davud Hüseynov 1921-ci ilin avqust ayında Türkiyədə fəaliyyət göstərəcək fövqəladə səfirliyin açılmasını məqsədəuyğun bilərək 25 nəfərdən ibarət korpusunu təsdiq etmişdir: səlahiyyətli nümayəndə - İbrahim Əbilov, I katib - Mirzə Davud Rəsulzadə, hərbçi - Ələsgər bəy Əsgərov, şəxsi katib - İsmayıl İsmayılov, şifrəçi - Məbud Zeynalov, işlər üzrə idarə edən - Yusif Axundov, informasiya üzrə müdir - Ağabala Yusifzadə, informasiya şöbəsinin əməkdaşı - Rəhim Hüseynov, informasiya şöbəsinin əməkdaşı - Rza Təhmasib, ticarət şöbəsinin müdiri - Musa Sultanov, əməkdaşları - Yusif Həsənov, Həbib Əliyev, təsərrüfat üzrə müdir və komendant - Nadir İbrahimov, diplomatik kuryer - Əsgər Topçubaşov və Musa Həsənzadə, İbrahim Əbilovun şəxsi mühafizəçisi - əsgər Qara Günəş oğlu Dünyamalıyev. Ankaradakı səfirlikdə əsas işçilərdən əlavə 5 əsgər mühafizəçi - Həmidulla Mirzə oğlu, Əminağa İbrahim oğlu, Hənifə Rzayev, Məmməd Emin Aslanbəyov və Məmməd Həci Məmməd oğlu işə məsuliyyətli kadrlar olmaqla bərabər, türk xalqlarının birliyini ali vəzifə, amal hesab edən əqidə sahibləri idi. 

Bu güclü diplomatik korpus Ankaraya gəldikdə Türkiyənin yeni hökumətinin xarici işlər naziri, digər yüksək vəzifə sahibləri, xalq kütlələri onları izdihamla qarşılamış, əsl dost, qardaş hislərini, milli birlik və həmrəyliyin sevincini paylaşmışdılar. İbrahim Əbilovun tarixi qeydindən  də aydın olduğu kimi onlar “bir millətin” insanları kimi böyük məhəbbətlə qəbul edilmişlər: “Anadolunun hər yerindən olan insanların bizə qarşı münasibəti səmimi və doğmadır. Bizi Trabzondan Ankaraya qədər bütün şəhər və kəndlərdə isti qarşıladılar və hörmətlə qəbul edildik”. .

Azərbaycanın Türkiyədəki ilk diplomatik heyətini 1921-ci ilin oktyabr ayında Türkiyə Böyük Millət Məclisinin sədri və Baş komandanı Mustafa Kamal qəbul etmiş və İbrahim Əbilov  ona Azərbaycan hökumətinin etibarnamə məktubunu təqdim etmişdir. 

Bundan sonra Türkiyədə Azərbaycan səfirliyi binası üzərində bayrağımız dalğalandırılmış və həmin tarixi ğün təşkil olunmuş möhtəşəm tədbirdə Qazi Mustafa Kamal bir millətin iki dövləti arasındakı əlaqələr haqqında bunları söyləmişdir: "Məncə Türkiyə və Azərbaycan arasındakı səmimilik və qardaşlıq əlaqələrinin dərəcəsini şərhə lüzum yoxdur. Bu qardaşlıq əlaqələrini təsdiqləmək və gücləndirmək üçün Azərbaycan hökuməti cənab İbrahim Əbilovu bizə səfir olaraq göndərdi. Bu, çox uğurlu bir seçimdir. Çünki İbrahim Əbilov zat-aliləri bu qardaşlıq bağlarını canı ilə bağlayır və bizim üçün çox vacib olan missiyanı uğurla yerinə yetirmək üçün bütün lazımi keyfiyyətlərə sahib bir insandır”.

Həmçinin də elə məhz həmin tədbirdə nəhəng türk dünyası lideri Qazi Mustafa Kamal Atatürk bu gün dillər əzbəri olan “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur”, - bəyanatını Azərbaycanın Türkiyədəki ilk diplomatı, dostu İbrahimbəy  Əbilov vasitəsilə bütün dünyaya bəyan etmişdir.

Qazi Mustafa Kamal Atatürk İbrahim Əbilovu anadolu türklərindən ayırmamış, daim ona qarşı yüksək dostluq, qardaşlıq münasibəti bəsləmiş və bu doğmalıq münasibəti tarixə dərin izlər salmışdır. Məsələn, Azərbaycan Tarixi Muzeyində Mustafa Kamal Atatürkün bir tarixi fotoşəkli vardır ki, üzərində “Azərbaycanın hörmətli səfirinə, qardaşım İbrahim Əbilova. 28 oktyabr 1921.” sözləri yazılmışdır və bu avtoqraf yenilməz türk liderinin Azərbaycan diplomatına xüsusi ehtiramını aydın əks etdirir. Bundan başqa, Atatürkün İbrahim Əbilovu ən etibarlı adamı kimi Türkiyə ordusunun böyük hücum hazırlıqları dövründə ön cəbhəyə dəvət etməsi, onu döyüş diviziyaları ilə tanış etməsi, zabitlərlə görüşdürməsi, həmçinin onunla məsləhətləşməsi mövzu ilə maraqlananlara yaxşı məlumdur.

Məsələn, Türkiyənin tanınmış Atatürk irsi araşdırmaçı yazarı D.Özdən bir məqaləsində yazır:  “Cəbhə boyu bir çox yerdə Aralov (Rusiyanın səfiri) və Əbilova əsgərlərə müraciət etmək imkanı verilir. Sovet səfiri Aralov, "cəsur və nəcib türk əsgərləri!", - deyib,  Qırmızı Ordunun salamlarını çatdırdıqdan sonra türk bayrağının İzmirdə dalğalanacağını vurğulayır. Aralovun çıxışı "yaşa!"  nidaları ilə kəsilir. Azərbaycan səfiri İbrahim Əbilov isə türk əsgərlərinin başa düşücəyi aydın bir türkcə ilə, Sovet Qızıl Ordusunun ingilislərə, fransızlara və digər kolonistlərə qarşı qazandıqları qələbələrdən, rusların çarı necə devirdiklərindən, kapitalistlər, varlılar və hökumətin indi xalqın əlində olduğu haqda danışır.  Əbilov Sovet Rusiyasının Türkiyəyə dəstək verdiyini, Qızıl Ordunun arxa cəbhəni imperialistlərin hücumlarından qoruduğunu bildirir, əsgərləri arxa cəbhəyə görə narahat olmamağa çağırır  və türk əsgərləri Əbilovu böyük coşğu ilə alqışlayırlar. Mustafa Kamal və müstəqillik döyüşünün komandirləri, ön cəbhəyə səfər zamanı Aralov, Əbilov və Sovet Hərbi Attaşesi Zvonaryevlə hərbi sirləri bölüşmüşlər”.

“Türkiyənin "Ahəng" qəzeti də “Azərbaycan-Türkiyə, bir millət-iki dövlət”in yenilməz iradəsini təmsil edənİbrahim Əbilov haqqında müsbət fikirlər şərh etmişdir: "Türkiyədə Əbilovu doğma qardaş kimi sevməyən və ona hörmət göstərməyən bir tək adam yoxdur. O, həqiqətən milli azadlıq mübarizəmizin zirvəsində bir qardaş və dost idi”.

İbrahim Əbilova etimad göstərilərək o, daha sonra 3 respublikanın – Azərbaycanla bərabər Gürcüstan və Ermənistanın da (Cənubi Qafqaz Federasiyasının) Türkiyədəki səfiri olmuşdur. Əlbəttəki, ölkəmizin ilk diplomatı Azərbaycan-Türkiyə əlaqələrinin daha da dərinləşməsi məqsədilə mühüm addımlar atmış, beynəlxaq, iqtisadi, mədəni sahədə əlaqələri gücləndirmişdir. Bu baxımdan o, dövlətimizin beynəlxalq münasibətlər tarixinə qiymətli səhifələr yazmış ilk diplomatlarından biridir. 

Bu taleyüklü işlərin sırasında 1922-ci ildə Türkiyə və Sovet respublikalarının iqtisadi əlaqələrinin qurulması məqsədilə yaradılmış və ölkənin bir çox şəhərində şöbələri fəaliyyət göstərən "Azneftesindikat" adlı idxal-ixrac qurumu xüsusilə yada düşür. 1922-ci ildə  Azərbaycandan Türkiyəyə  ixrac edilmiş 9294 ton kerosin və 340 ton benzin "Azneftesindikat"  xətti ilə həyata keçirilmişdir. Bundan başqa, İbrahim Əbilovun təşəbbüsü ilə ölkələrimiz arasında dəmir yolu, poçt və teleqraf və s. sahələrdə əlaqələr yaradılmış, müxtəlif müqavilələr imzalanmışdır. 

İbrahim Əbilovu Atatürkün Anadolunun “atası” adlandırmasını vurğulayan D.Özdən yazır ki, “1918-1923-cü illər arası müstəqil bir respublika olan Azərbaycanın Türkiyə səfiri   İbrahim Əbilovun türk xalqının və Mustafa Kamal Atatürkün çox yaxın dostu olaraq, yalnız cəbhədə deyil, yeni və gənc Türkiyə Respublikasının ictimai, mədəni, siyasi və iqtisadi inkişafı üçün böyük faydası olmuşdur. Onun İzmir İqtisadi Konqresinin təşkilində böyük xidmətləri danılmazdır”.

İbrahim Əbilov hərtərəfli biliyə, geniş dünyagörüşə malik bir sovet diplomatı olaraq hələ tam qurulmamış, müharibə reallıqları yaşayan və bu səbəblərdən böyük maddi ehtiyaclar içində olan Türkiyədə yetim uşaqlara yardım etmək məqsədi ilə xeyriyyə tədbirləri də təşkil etmişdir. Hələ İbrahim Əbilovun təkcə təşəbbüsü ilə deyil, həm də lap əsl konsertmestr kimi rəhbərliyi ilə səfirliyin əməkdaşları - Nadir İbrahimov, Əsgər Topçubaşov, İsmayıl İsmayılov və Mirzə Davud Rəsulzadə “Aşıq Qərib” operasını nümayiş etdirmişlər. Xeyriyyəçilik məqsədilə səfirliyin informasiya şöbəsinin əməkdaşı Rza Təhmasibin rejissorluğu ilə Ə.Haqverdiyevin “Bəxtsiz cavan” pyesi də tamaşaya qoyulmuşdur.

Xeyriyyə məqsədli bu tədbirlər eyni zamanda Türkiyə-Azərbaycan mədəni əlaqələrinin əsası kimi də böyük əhəmiyyət daşıyır.

İbrahim Əbilovun Azərbaycanın Türkiyənin Trabzon və Samsun şəhərlərində kon­sul­luq­la­rı­nın açılmasına nail olması isə əlbəttə ki, onun diplomatik səriştəsindən, peşəkar­lı­ğın­dan xəbər verir.

Ancaq bu sadalanlarla birlikdə və onların fövqündə İbrahim Əbilovun bir fövqəladə səlahiyyətli səfir kimi fikrimcə ən böyük xidməti onun Naxçıvan uğrunda diplomatik mübarizəsi olmuşdur və o, Azərbaycan Dövlət Nəzarətinin Xalq Komissarı Behbud bəy Şahtaxtinski ilə bərabər 1921-ci il martın 16-da Rusiya və Türkiyə arasında bağlanan müqavilənin III maddəsinə, - yəni Ermənistanla Naxçıvan MSSR-in sərhədlərinin birmənalı şəkildə müəyyənləşdirilməsinə nail olmuşdur ki, bununla erməni daşnaklarının Azərbaycanın əzəli məskəni Naxçıvana məkirli iddialarına bir dəfəlik son qoyulmuşdur. 

Təsadüfi deyil ki, Nəriman Nərimanov İbrahim Əbilovun səfirlik fəaliyyətini bu sözlərlə yüksək qiymətləndirmişdir: “Azərbaycanın siyasi nümayəndəliyinin Türkiyədəki siyasi xətti düzgündür”.

Lakin Atatürkün qardaş qədər sevdiyi, Nəriman Nərimanovun ən inanılmış adamı İbrahim Əbilovun diplomat taleyi nə qədər uğurlu, ürək açan aydın rənglərdə olsa da, həyat sonluğu o qədər tünd və faciəvi xarakterdə olmuşdur. Belə ki, İbrahim Əbilovun dəstəyi, təşkilatçılığı ilə keçirilmiş İzmir İqtisadi Konqresində Türkiyə-Azərbaycan əlaqələrinin böyük cəfakeşi ilk diplomatik səfir ağır xəstələnir. Ancaq qurultayı tərk etmir, evinə döndükdən sonra həyat yoldaşı bu barədə onun dostu, qardaşı Mustafa Kamala xəbər verir və Əbilovu əvvəlcə Kazım Qarabəkirin məsləhəti ilə İzmirin ən güclü həkimləri Əsəd bəy və Murad bəy müayinə, müalicə edirlər, halı pisləşdikcə (dostu kimi taleyini zəhərlənib ölmək izləyən) böyük Atatürk şəxsi həkimi Tofiq Rüştü Arazı Əbilovu xilas etmək üçün göndərir. Lakin Əbilovu xilas etmək mümkün olmur və o, 1923-cü il fevralın 23-də  41 yaşında Türkiyədə vəfat edir.

“Bir millət-iki dövlət” fəlsəfəsinin yenilməzliyinə bir möhtəşəm misal da Atatürkün öz dostu İbrahim Əbilovu vətəninə son mənzilə göndərərkən onun üçün ərəb və hind mütəxəssislərini çağırması və  nəəşini 200 illik mumiyalatdırması hadisəsidir.

Atatürk bununla da sakitləşə bilməmiş İbrahim Əbilovun cənazəsinin olduğu gəmini sanki, dostunu sevdiyi bütün Türkiyə ilə vidalaşdırır. Beləcə, Atatürk İbrahim Əbilovun cənazəsinin və həmçinin ailəsinin olduğu gəmini İzmirdən İstanbula, ordan Batumiyə göndərilməsi əmrini vermişdir. Gəmi Batumidə böyük bir  izdihamla qarşılanmış, sonra Bakıya göndərilmişdir.

“Bir millət-iki dövlət” fəlsəfəsinin həyati misallarından biri də İbrahim Əbilovun qızı Anadolu ilə bağlıdır. O, Anadolu ilə ki, onu doğuşunu Atatürkün həkimi Tofik Rüştü Araz həyata keçirmişdi. O, Anadolu ki, adını da böyük Atatürk qoymuşdu və o, Anadolu ki, İbrahim Əbilovun vaxtsız və müəmmalı ölümündən sonra həyat yoldaşı onu və digər qızı Zibanı cənazə ilə birlikdə Bakıya apardıqda Atatürk onu buraxmaq istəməmiş, ona Tofik Rüştü Araz vasitəsilə Anadolunu öz övladı kimi böyütmək arzusunu və körpənin Türkiyədə qalması xahişini yetirmişdi...

Lakin  Əbilovun həyat yoldaşı bu istəyi qəbul edə bilməmiş, Atatürk və Türkiyəylə vidalaşıb birlikdə Bakıya dönmüşlər.

Əlbəttə İbrahim Əbilov zəhərlənib öldürülmüşdü və bu, Azərbaycanın - türkün əbədi düşməni, xalqlarımız arasına nifaq salmaq məqsədli, diplomat haqqında ardı-arası kəsilməyən şikayət məktubları yazan, hələ onun rəhbərlik etdiyi səfirliyi təftiş etdirməyə nail olmuş erməni daşnaklarının məkrli planı idi.

Qəribədir ki, İbrahim Əbilovun 200 illik mumiyalı nəəşinin basdırıldığı qəbir də müəmmalı şəkildə dağıdılmış, atası kimi qəhrəman Anadolu Böyük Vətən Müharibəsindən sonra qəbri ziyarət edərkən onun yerlə-yeksan edildiyini görmüşdür. “1941-ci ildə mən Bakıda Tibb İnstitutunun ikinci kursunda oxuyarkən Böyük Vətən Müharibəsi başlandı. Könüllü olaraq cəbhəyə yazıldım. Cərrahiyyə şöbəsinin şəfqət bacısı kimi Ukrayna, Belarus, Şimali Qafqaz cəbhələrini qarış-qarış piyada keçib Berlinə qədər getdim. Balet ustası olan böyük bacım Ziba da döyüş briqadalarında çıxış edirdi. Müharibədən sonra cəbhədə ailə qurduğum həkim İskəndər İsmayılovla Bakıya qayıtdım. Atamın məzarını ziyarətə gedərkən qəbrin yerlə-yeksan olunduğunu gördük...Nə qədər axtarılsa da, dəmir qutuda basdırılan mumiyalanmış cəsəd tapılmadı”.

Anadolunun xatirələrində ulu öndərin göstərişi ilə İbrahim Əbilova Fəxri Xiyabanda  simvolik qəbir qoyulduğu da əks olunmuşdur. 

Bu da bir həqiqətdir ki, Türkiyə hərmişə ölkəmizə qarşı, xalqımıza qarşı isti, doğma münasibətlərdə olmuş, Azərbaycana dost, qardaş köməyini əsirgəməmişdir. Elə həmin mürəkkəb, qarışıq illərdə Azərbaycanın yanında olan Türkiyə öz qoşunlarını Naxçıvandan o vaxt çıxarıb ki, Rusiya Naxçıvan sərhədlərini  tanıyıb.

Heç də təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev 1997-ci il 8 may tarixində Türkiyənin iş adamları ilə görüşündə söylədiyi nitqində soyqırım illərində Türkiyə Respublikasının yaradıcısı Mustafa Kamal Atatürkün Azərbaycana göstərdiyi böyük diqqəti yüksək qiymətləndirərək demişdir: ”Böyük Mustafa Kamal Atatürk 1918-1920-ci illərdə həmin erməni millətçilərinin, daşnaklarının azərbaycanlıların başına nə bəlalar gətirdiklərini yaxşı bilirdi. Azərbaycanda nə qırğınlar etmişdilər, yaxşı bilirdi. Məhz Mustafa Kamal Atatürkün və onun kimi insanların iradəsi nəticəsində 1918-ci ildə Türkiyənin Qafqaz Ordusu Azərbaycana gəldi, Naxçıvanda, Qarabağda, Gəncədə, Bakıda azərbaycanlıları erməni qırğınından xilas etdi. Biz bunları unutmuruq”.

Bu gün də Türkiyə işğalçı Ermənistana etiraz olaraq o dövlətlə bütün nəqliyyat yollarını bağlayıb. 

Yeri gəlmişkən, böyük Atatürkün Azərbaycanın ilk müstəqil dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə dediyi məşhur sözlərin məzmunundan da türk birliyi və həmrəyliyi ideyası boylanır: “Ben dünyaya senden 3 sene önce geldim. Fakat tüm türk dünyasında türkün cumhuriyyet bayrağını ilk defa sen yükselttin ve bayrak inmesin diye ben senden alıp Türkiye üzerinde dalgalandırdım. İnmez dedin, bu bayrak inmeyecek”. 

İndisə, ulu öndər Heydər Əliyevin 1994-cü ildə müstəqil Azərbaycanın Respublikasının prezidenti olaraq ilk xarici səfərini Türkiyəyə düşünməsini və bu vaxt “biz bir millət, iki dövlətik”  kəlamını bütün dünyaya elan etməsini yada salmaqla, ümummilli liderin Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi həyat fəlsəfəsinin qüvvətlənməsi, iki qardaş ölkə arasında əbədi dostuq körpüsünün yaranması üçün gördüyü tarixi işlərin, sınaqdan çıxmış monolit münasibətlərin mümkün qədər lakonik tablosunu canlandırmaq istəyirik. Belə ki, Heydər Əliyev Sovet imperiyası rəhbərlərinin xalqımıza qarşı ədalətsiz və qəddar münasibətinə etiraz olaraq yüksək vəzifəsindən istefa verib vətənə döndükdən sonra doğulub böyüdüyü Naxçıvan Muxtar Respublikasına gedib həmvətənlilərinin əhatəsində yaşadığı 3 il kimi qısa zamanda həyata keçirdiyi tarixi əhəmiyyət kəsb edən böyük dövlət quruculuğu işlərinin mərkəzində məhz Türkiyə ilə əlaqələr yaratmaq məqsədi dayanmışdır.  

Yüksək müdriklik xislətinə malik görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın ikinci müstəqillik döv­rün­­də və hələ Azərbaycan Ali Məclisinin sədri, Azərbaycan Prezidenti olmamışdan öncə Türkiyənin başçısı Süleyman Dəmirəllə birlikdə gerçək Türkiyə-Azərbaycan körpüsünün yaradılmasına nail olmaqla xalq­la­rı­mı­­zın birliyini canlandırmışdır.   

Məsələn, Türkiyə-Azərbaycan arasında real bünövrə - Türkiyə Cümhuriyyəti və Azər­bay­­­canı və bu ulu diyarın bir parçası qədim Naxçıvanı bir­ləş­di­rən körpünün Araz çayı kimi tarixi qan yaddaşımız üzərində sa­lın­ma­sı və körpünün “Ümid” adlanması heç də təsadüfi olmayıb böyük müd­rik mənalar daşıyırdı.

Heydər Əliyevin böyük səyi və cəsarəti sayəsində yaranan bu əla­qələr və “Ümid” körpüsünün müvəqqəti olaraq 29 oktyabr­da, tam ola­raq 28 mayda rəsmi olaraq açılması da iki türk dövlətinin respublika gününü ifadə edir və yenə xal­qı­mı­zın ulu öndərinin türkçülüyə və deməli milli ideyaya müdrik ya­naş­masını birmənalı surətdə təsdiq edir.

Bununla bərabər, görkəmli siyasətçi Heydər Əliyevin Türki­yə Cüm­huriyyəti tərəfindən Naxçıvan Muxtar Respub­likasına maliyyə, iq­tisadi və texniki yardım göstərilməsi barədə, 100 milyon dollar məb­ləğində krediti nəzərdə tutan müqaviləni həyata keçirməklə düş­mən­lə həmsərhəd ərazidə blokada şəraitində, digər tərəfdən relyef ba­xımından sərt iqlimə malik regionda mühüm təlabat eh­ti­yac­la­rın­dan məhrum olmuş - işıqsız, qazsız, hətta çörəksiz qalmış xalqın hə­ya­tını xilas etməyə nail olması müdrik siyasətin inqilabi təntənəsi idi. Hər il 100 tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan bir­gə Əməkdaşlıq Protokolunun imzalanması faktı da zamanına və bü­tün zamanlara münasibətdə müdrik milli lider qəhrəmanlığı idi ki, müqaviləni Türkiyə tərəfdən imzalamış 9-cu prezident Sü­leyman Dəmirəl ömrünün sonuna kimi bu qəh­rəmanlığı xatırlayıb yad­daşlara və əlbəttə ki, tarixə həkk etmişdir. Süleyman Dəmirəl: “Qəh­rəmanları, böyük insanları, şəxsiyyətləri zaman meydana çı­xa­rır. Onlar siyasi şəraitə uyğun olaraq xalqı çətin vəziyyətdən xilas edir, ona öndərlik edirlər. Böyük dövlət adamı, əziz qardaşım Hey­dər Əliyev Azərbaycanda daxili çəkişmələr, vətəndaş müharibəsi təh­lükəsi olan bir şəraitdə siyasi səhnəyə çıxmışdır. Onun zəngin si­ya­si təcrübəsi ölkəni bu ağır vəziyyətdən çıxarmağa imkan verdi. Müs­təqillik qazandıqdan sonra Azərbayca­nın qarşısında duran əsəs və­zifə bu dəfə yüksələn bayrağın enməməsi idi. Bu bayrağı kim da­şı­saydı, qəhrəman da o olacaqdı. Bu, Heydər Əliyevin tarixi mis­si­ya­sı idi. Fövqəladə çətinliklərə rəğmən böyük qəhrəmanlıq nü­mu­nə­si göstərən dahi şəxsiyyət, o bayrağı əbədi yüksəklərdə tutdu, Azər­bay­­canı dünyaya bir türk dövləti kimi tanıtdı” . 

Yeri gəlmişkən qeyd edək ki, ulu öndər 1992-ci il soyuq fevral günlərinin birində iki qardaş arasında isti münasibətlərin möhkəmlənməsi məqsədilə “Diplomatik münasibətlərin yenidən qurulması ilə bağlı müqavilə”nin imzalanmasını həyata keçirmiş, bundan sonra strateji ortaqlıq, iqtisadi-ticarət əlaqələri qurulub möhkəmlənmişdir. 

1999-cu ilin noyabrında İstanbulda ATƏT-in sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gür­­cü­stan, Türkmənistan, Qazaxıs­tanla birlikdə “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin yaradılmasına dəs­­tək üçün imzalarını atdılar.  Bu və həmçinin “Bakı-Tbilisi-Ərzurum” təbii qaz xətti, “Böyük İpək Yolu”,  habelə “Bakı-Tbilisi-Qars” dəmiryolu layihələri Azərbaycanın ulu öndəri Heydər Əliyevin “bir millət-iki dövlət” birlik, həmrəylik fəlsəfəsindən qaynaqlanan siyasi proqramının ana prinsipləri kimi unudulmazdır.

Onu da qeyd edək ki, türk dövlətləri arasında Heydər Əliyev qədər Türkiyəni qarış-qarış ziyarət etmiş, müxtəlif sahə adamları ilə görüşmüş, konfranslarda, tədbirlərdə əsl türk mənsubiyyəti qüruru ilə atəşin nitqlər söyləmiş ikinci bir lider olmamışdır və yoxdur. Ulu öndər Heydər Əliyevin 1997-2003-cü illər arasında Türkiyənin müxtəlif universitet, təşkilat və s. qurumlarının 50-yə yaxın mükafatına layiq görülməsi də dediklərimizi təsdiq edir. Bu baxımdan da deməliyik ki, Heydər Əliyevin “iki dövlətin bir milləti” konsepsiyasına əməli, dəstəyi sonsuz olmuşdur.

Burada bir məsələni də xüsusi olaraq vurğulamaq istərdik ki, Hey­dər Əliyev azərbaycançılığı türkçülük və İslam dəyərləri ilə monolit dövlətçilik mahiyyətində dərk edir və öz ida­­rəçilik prinsiplərində bu əsaslara söykənirdi.

Heydər Əliyevin Atatürk Beynəlxalq Sülh Mükafatını alarkən söy­lədiyi nitqdən gətirdiyimiz misallar bu fikrimizi təsdiq edir. Ulu ön­dər demişdir: “Mustafa Kamal Atatürkün həyatı, yaradıcılığı, onun qoy­duğu irs sizin üçün örnəkdir və bizim üçün, Azərbaycan üçün də bö­yük örnəkdir. Biz özümüzü sizdən ayırmırıq. Mustafa Kamal Ata­türk bütün dünyaya sübut etmişdir ki, müsəlman ölkəsində, əsr­lər boyu dinin təsiri altında dini dövlət kimi yaşayan bir ölkədə cüm­huriyyət, layiq cümhuriyyət qurmaq, demokratik yolla getmək olar. O, dünyanın bəşəri dəyərlərindən istifadə edərək, xalqının mə­nə­vi dəyərlərini bunlarla birləşdirərək öz xalqını daha da yüksəklərə qal­dırmışdır. Mustafa Kamal Atatürk təkcə Türkiyə üçün yox, bü­tün dünya türkləri üçün, türk dünyası üçün də çox düşünmüşdür”.

Tarix üçün uyğunluqlar xarakterikdir və bütöv türk dünyasını bir­ləşdirən hadisə və şəxsiyyətlər arasında da oxşarlıq və bağlılıqlar tə­sadüfi deyil. Bu baxımdan Azərbaycanın istiqlaliyyət tarixi və xal­qı­mızın ulu öndəri – Heydər Əlirza oğlu Əliyevlə türk dünya­sının “ata­sı” Mustafa Kamal Atatürk arasında da beləcə liderlik taleyi, uy­ğun­luğu olmuşdur.

İlk öncə xarizmalılıq keyfiyyətlərindən çıxış etməklə çox qə­ri­bə bir bənzərliyi qeyd etmək yerinə düşər. Belə ki, bu hər iki böyük türk liderinin ata adlarının eyniliyi xarizma mahiyyətində maraq do­ğurur. Sanki, bu bir millətin iki qəhrəman oğlu tarixi türk tor­paq­la­rının dövlətlərinin bərpası üçün dünyaya gəlməliydi. Beləcə dünyanın bi­ri o başında, biri bu başında və biri-birindən 40 il zaman uzaqlığında Əli­rza adlı iki türk ata nəhəng türk dövləti quracaq, ən əsas da bü­töv türk ailəsində “ata” kimi sevilib tarixə iz salacaq oğul övladları dün­yaya gətirdilər. Bu başdakı - Əlirzanın oğlu Heydər Əliyev həm də o mübarək ildə doğuldu ki, o başdakı Əlirzanın oğlu - Mustafa Ka­­mal Türk dün­yasının əfsanəvi xilaskarı elan edilmiş, Türkiyə Res­­publikasının yekdilliklə ilk prezident seçilmiş, yeni respub­­li­ka­nın ilk hökumətini “Hakimiyyət qeyd-şərtsiz mil­lətin­dir” və “Yurd­da sülh, cahanda sülh” ideologiyası əsasları üzərin­də qur­muş­du. Öz za­manı üçün adi, bizim dövrdən boylandıqda Hey­dər Əliyevin doğulduğu tarixdən iki il əvvəl isə bu möh­təşəm hadisə yaşanmışdı - Mustafa Kamal Ata­türk bir əsrlik zamanı arxada qoymuş “Azərbaycanın sevinci bi­zim se­vincimiz, kədəri bizim kədərimizdir. Azər­baycan bizim qar­da­şı­mız­dır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur” – bəyanatını Azərbaycanın Türkiyədəki ilk diplomatı - dostu İb­­rahimbəy Əbilov vasitəsilə bütün dünyaya yetirmişdi və fik­ri­miz­cə bu dəlil də çox xarakterikdir ki, Türkiyənin ən nüfuzlu mükafatı - “Ata­türk Sülh Mükafatına” layiq görülmüş dünya şöhrətli Azər­bay­can lideri Heydər Əliyev də prezident statusunda Türkiyəyə ilk səfərində “biz bir millət-iki döv­­lətik” kəlamını bütün dünyaya bəyan etmişdir və bu dahiyanə kəlam Türk dünyasını birləşdirən ən güzlü, yenilməz həyat fəlsəfəsidir.

Yeri gəlmişkən, əgər Atatürk “Türk qadını zəhmətkeşdir, evindən və vətənindən asılı deyil. Qadınlarımız kişilər qədər mərd və  mübarizdir. Müasir Türkiyəni onlarla birlikdə quracağıq və yaşadacağıq. Heç kimin türk qadınını çadra və cəfəngiyatla xurafata batırmağa haqqı yoxdur"- demişdisə, Heydər Əliyev də Azərbaycan qadınını eyni yüksək meyarlarla tərif etmişdir:       “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir”.

Belə fikir, amal, əqidə birliyi türk insanlarının qan qardaşlığından qaynaqlanmış və həmişə, hər dövrdə  əyani surətdə təsdiqlənmişdir. Bu baxımdan ulu öndər Heydər Əliyevin məşhur türk alimi və hə­ki­mi, Türkiyənin Bilkənd Universitetinin yaradıcısı İhsan Doğra­macı ilə dostluğu da türk dünyasının iki böyük ziyalısının dövlətlərimiz ara­sın­da sağlam mənəvi körpünün əsasına bir tarixi nümunədir və türk birliyi üçün bu gün də əhəmiyyət kəsb edirdi.

Böyük alim İhsan Doğramacı ulu öndərin 86 illik yubileyinə yaz­dığı bir məqalədə Heydər Əliyevlə dostluq münasibətlərinin ta­ri­xi­ni belə şərh etmişdir: “Heydər Əliyev mənimlə ilk görüşüylə bağlı müşahi­dələrini ne­çə illər sonra Bilkənd Universitetində düzənlənən bir tədbirdə aşa­ğı­dakı iltifatlı sözlərlə dilə gətirdi:

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi An­ka­rada İhsan Doğramacının Bilkənd Universitetinə gəldim. Doğ­ra­ma­cının Azərbaycan tarixi haqqındakı, Naxçıvan haqqındakı, Azər­bay­canın başqa bölgələri haqqındakı dərin məlumatları məni heyran et­di. Sadəcə Azərbaycana deyil, bütün türk­dilli xalqlara diqqət gös­tər­miş, xidmət etmişdir. İhsan Doğra­macının böyük xüsusiyyətləri var­dır; məsələn, Azərbay­canın Bakı ləhcəsini, Naxçıvan ləhcəsini, Qa­rabağ ləhcəsini və başqa tərəflərin ləhcələrini bilir. Bizim xal­qı­mı­zın çoxu bunları bilməz. Bu ilk görüşmələrdən sonra İhsan Doğ­ra­macıyla aramızda böyük bir dostluq başladı. Sanki yüz illik bir dost­luq. Həqiqətən, Heydər Əliyevlə bu sə­mi­mi görüş­lərdən son­ra Azərbaycanla daha çox maraqlandım. Onların uni­versitetləri ilə da­­ha sıx əlaqələr qurduq. Bilkənd Universi­teti­nin müxtəlif bölmə­lə­ri­nə, xüsusilə Musiqi fakültəsinə azərbaycanlı təh­sil nüma­yən­dələri və sə­nət­karlar təyin olundular. Heydər Əliyev mənim doğum gün­lərim­də məni da­im xatırlayırdı”.

Görkəmli alim bu məqalədə dostu Heydər Əliyevin onun 1995-ci ildə 80 illiyini və 2000-ci ildə 85 illiyini Bakıda təntə­nəli surətdə qeyd etməsini unudulmaz xatirə kimi xüsusi vurğula­mışdır.

İhsan Doğramacının 2003-cü ildə ulu öndər Heydər Əliyevin 80 illiyi ərəfəsində onun haqqında öz ürək sözlərini bölüşərək dediyi fi­kirlər türk dünyasının nəhəng Azərbaycan siyasətçisinə qiyməti ki­mi də çox dəyərlidir: “Heydər Əliyev əsrimizin nadir yetişdirdiyi döv­lət xadimlərindəndir. Heydər Əliyev yaşadığı fırtınalı həyatı bo­yu hər zaman xalqını, vətənini dü­şün­müşdür. Azərbaycanın müs­tə­qil­liyinin möhkəmlən­dirilməsi, xalqının xoşbəxtliyi üçün çırpın­mış­dır. Azərbaycanın ən çətin anlarında vətəni xilas etmək üçün mi­sil­siz fədakarlıqlar göstərmişdir. O, fırtınalı həyatının hər döv­ründə Azər­baycanı, türklüyünü unutmayan böyük bir şəxsiyyətdir. Öl­kə­si­ni bəlalardan qurtaran dövlət başçısıdır”.

Beləcə, bu iki əsl ziyalının möh­kəm dostluğu fiziki itki həqiqətlərindən mənəvi yüksəkliyə ucal­maq­la türk dünyasında dostluq simvoluna çevriləcək qədər möhkəm əsas­lar yaratmışdır. 2005-ci il “AzərTac”ın məlu­matlarından bi­rin­də oxuyuruq:

“İhsan Doğramacı xalqımızın ümummilli lideri ilə böyük dost­lu­ğunu xatırlayaraq dedi ki, vaxtilə Heydər Əliyev ona yubile­yi­nin Azərbaycanda qeyd olunmasını təklif etmişdi. Bu il də mənə 90 il­liyimi müxtəlif ölkələrdə qeyd etmək təklif olunmuş, hətta Ya­po­ni­ya­dan xüsusi təyyarə göndərilmişdi. Lakin mən Azərbay­candayam və yubileyimi burada qeyd edəcəyəm. Bu gün Heydər Əliyev ara­mız­da olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşa­ya­caqdır”.

Bir milləti birləşdirən ədəbiyyat və sənətin də “ana dili” bizi tarixlər boyu birləşdirmiş, bu gün də eyni dildə danışdıraraq iki dövlətin bir milləti ideyasını təlğin və təbliğ edir. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev bu birliyi ədəbi identiklik kontekstində belə tərif etmişdir: "Qədim dövrlərdə “Dədə Qorqud”, “Manas”, “Alpamaş”, “Koroğlu” dastanları, xalqımızın hamısına mənsub olan şairlərimiz, yazıçılarımız - Nizami, Yunis Əmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay və digərləri xalqımızın tarixini və milli dəyərlərini əks etdirən, onu dünyada tanıdan ölməz əsərlər yaratmışlar və bunlar nəsillərdən nəsillərə xalqımızı özünəməxsus milli-mənəvi dəyərlər, o cümlədən ümumbəşəri dəyərlər əsasında tərbiyə etmiş, hazırlamış, vətənpərvərlik, vətənə sədaqət hislərini daim gücləndirmişdir” .  

Habelə, Heydər Əliyevin dərin məna kəsb edən aşağıdakı fikirləri də bu dərin ideyadan - “bir mi­llət-iki dövlət” - birlik və həmrəylik fəlsəfəsindən qaynaqlanır və  bəşəri əhəmiyyət kəsb edir: “Ərəblər və farslar Füzulini öz şairləri sayırlar. Türkdilli xalqlar isə hesab edirlər ki, o, türk­dür. Biz də deyirik ki, Füzuli türk, azərbaycanlıdır. Eyni zamanda bunu türk­mən­, öz­bək, qazax, Türkiyədə yaşayan türklər, İraq türkmənləri də deyə bilərlər. Qoy Füzuli hamıya məx­sus olsun. Tarixə bəşəri şəxsiyyət kimi düşsün”.

Bu baxımdan Heydər Əliyevin təşəbbüsü ilə 1996-ci ildə UNESCO tərəfindən “Füzuli ili” elan edildikdə əslən Azərbaycan türkü olub, İraqda doğulub 3 dildə yazıb-yaratmış dahi söz ustadı Məhəmməd Füzulinin yubiley tədbirlərinin doğulduğu İraqla bərabər, Türkiyədə keçirilməsi, Azərbaycanda yekunlaşması da simvolik məna kəsb etməklə yanaşı, yenə türk birliyinin əyani ifadəsidir.

Heydər Əliyev müdrik siyasətçi, rasional keyfiyyətlərə sahib nəhəng lider olaraq “biz bir millət, iki dövlətik” fəlsəfəsini bir məqsədlə - Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi ideyasında birləşdirərkən bu bünövrəni uzun onilliklərin siyasi idarəçilik təcrübəsində sınaqlardan çıxmış peşəkarlıq gücü, xarizmatik keyfiyyətlərlə ilə elə formalaşdırmış, sistemləşdirmişdir ki, bu ideya - həyat fəlsəfəsi ulu öndərin əbədiyyətə qovuşduğu 17 il qədər heç də az olmayan bu müddətdə nəinki sarsılmamış, əksinə qüvvətlənmiş, çiçəklənmişdir. Bu gün “biz bir millət, iki dövlətik” fəlsəfəsinin yenilməz meyarları - türk birliyi, türk həmrəyliyi prinsipləri Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin dolğun siyasi idarəçilik səriştəsi ilə  monolit körpüyə çevrilmişdir.

Xatirə Quliyeva, AMEA-nın Fəlsəfə İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru

  • Paylaş: