Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan populyasiyasının müqayisəli analizləri aparılıb
20.05.2020 12:56
  • A-
  • A
  • A+

Azərbaycan populyasiyasının müqayisəli analizləri aparılıb

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) direktoru, akademik İradə Hüseynova, MBBİ-nin əməkdaşları, dosentlər Nurməmməd Mustafayev, Ələmdar Məmmədov, dissertant Elşən Məmmədov və AR Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənovun həmmüəllifi olduqları məqalə çapa qəbul edilib.

“15 Autosom STR marker əsasında Azərbaycan populyasiyasının populyasion-genetik və müqayisəli interpopulyasion tədqiqi” adlı məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış yüksək impakt faktorlu (IF=2,638) “GENE” jurnalında dərc ediləcək.

Məqalədə 765 nəfər qohum olmayan vətəndaşdan ibarət Azərbaycan populyasiya nümunəsi 15 STR lokusun daxil olduğu identifikasiya markerləri şəbəkəsi ilə tədqiq edilib, hər bir STR lokus üzrə əsas populyasion-genetik və forensik parametrlər təyin olunub. Həmin parametrlərin qiymətləndirilməsi əsasında göstərilib ki, bu lokus şəbəkəsi identifikasiya məsələlərinin həllində uğurla tətbiq oluna bilər.

Bundan başqa, Fischer genetik məsafə indeksləri, onların dəqiqliyinin P-qiymətləri əsasında populyasiyamızla dünyanın 17 müxtəlif populyasiyaları arasında müqayisəli analizlər aparılıb. Populyasiyalar arasında korrelyasiya əlaqələrinin aydınlaşdırılması üçün F(st) genetik məsafələri əsasında prinsipal komponent (PCA) və prinsipal koordinat (PCoA) analizləri həyata keçirilib. Ney genetik məsafələri və iki riyazi yanaşma ilə (yaxın qonşuları birləşdirmə – NJ və arifmetik ortalı çəkisiz cüt-cüt qruplaşdırma – UPGMA) filogenetik ağaclar qurulub. Tədqiqatlar göstərib ki, Azərbaycan populyasiyası Qafqaz mənşəli Avrasiya populyasiyalarına yaxın olaraq onlarla bir qrupda klasterləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: