www.science.az
21.05.2020 12:49

Neft-Kimya Prosesləri İnstitutunda yaradılan gübrələr sınaqdan keçiriləcək

“P Aqro” MMC-nin baş direktorunun müavini İlham Səfərov, baş aqronom Musa Hüseynov və təchizat şöbəsinin müdiri Xəqani Səfərov AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olublar.

Müəssisənin direktoru, akademik Vaqif Abbasovla keçirilən görüşdə NKPİ-də yaradılmış yeni iki (Azofos) və üç qida elementli (AzofosK) gübrələrin, bitkilərin boy stimullaşdırıcıları və ziyanvericilərinə qarşı dərman preparatlarının, eləcə də kənd təsərrüfatı təyinatlı texnikaların korroziyadan müdafiəsi üçün konservasiya mayelərinin “P Aqro” MMC-də istifadə məsələləri müzakirə olunub.

Qərara alınıb ki, NKPİ tərəfindən sınaq partiyaları hazırlanaraq MMC-nin sahələrində təcrübədən keçirilsin və alınan nəticələrə əsasən tətbiq planı hazırlansın.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.