Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Vaqif Fərzəliyevin 75 illik yubileyi qeyd olunacaq
06.11.2014 00:00
  • A-
  • A
  • A+

Akademik Vaqif Fərzəliyevin 75 illik yubileyi qeyd olunacaq

AMEA Rəyasət Heyətinin 5 noyabr 2014-cü il tarixli iclasında akademik Vaqif Fərzəliyevin 75 illik yubileyi ilə bağlı qərar qəbul edilib.

Qərarda akademik Vaqif Fərzəliyevin Azərbaycan kimya elminin inkişafındakı xidmətləri nəzərə alınaraq AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi, institutun Elmi şurasında alimin 75 illik yubileyinin qeyd olunması, həyat və yaradıcılığına həsr olunmuş materialların mətbuatda işıqlandırılması, onun təltif edilməsi ilə bağlı müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılması nəzərdə tutulur.

Qeyd edək ki, Əməkdar elm xadimi, akademik, kimya üzrə elmlər doktoru, professor Vaqif Fərzəliyev 1939-cu il dekabrın 19-da Bakı şəhərində anadan olmuşdur. Alimin elmi fəaliyyətinin əsas istiqamətini sürtkü yağlarına, yanacaqlara və yağlayıcı-soyuducu mayelərə yüksək təsirli aşqarların və onların əsasında yüksək keyfiyyətli yağ, yanacaq və yağlayıcı-soyuducu maye kompozisiyalarının yaradılmasının elmi əsaslarının işlənib hazırlanması təşkil edir. O, yeni aşqarların sintezi, onların funksional təsir mexanizminin və həmçinin tərkib və quruluşlarının effektivliyə təsirinin öyrənilməsi sahəsində sistematik fundamental tədqiqatlar aparır.

Akademik 1963-cü ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, həmin ildə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuş, 1968-ci ildə “neft kimyası” ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsini almışdır.

V.Fərzəliyev aspiranturanı bitirdikdən sonra Aşqarlar Kimyası İnstitutunda kiçik elmi işçi, laboratoriya müdirinin müavini, laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. O, 1988-ci ildən bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun direktoru vəzifəsində çalışır.

Alim, 1986-cı ildə “neft kimyası” ixtisası üzrə kimya elmləri doktoru dərəcəsini və 1987-ci ildə həmin ixtisas üzrə professor elmi adını almış, 2001-ci ildə “Neft kimyası” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. V.Fərzəliyev 2007-ci ildə AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, 2008-ci ildən 2013-cü ilə kimi AMEA-nın akademik-katibi vəzifələrində çalışmışdır.

Alimin apardığı çoxşaxəli elmi-tədqiqat işlərinin nəticələri 583 elmi əsərdə, o cümlədən 106 müəlliflik şəhadətnaməsi və patentdə, 2 monoqrafiyada öz əksini tapmışdır.

Akademik Vaqif Fərzəliyev Azərbaycan Milli Elmlər Akademiyasının «Neft emalı və neft kimyası» koordinasiya şurasının, AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu nəzdində dissertasiya şurasının, “Azərbaycan Kimya Jurnalı”, “Neft emalı və neft kimyası” və “Kimya Problemləri” jurnallarının redaksiya heyətinin üzvü, “Elm dünyası” və “AMEA-nın Xəbərlər məcmuəsi” jurnallarının baş redaktorunun müavinidir.

Onun rəhbərliyi ilə 8 elmlər doktoru, 20 fəlsəfə doktoru hazırlanmışdır.

Akademik Vaqif Fərzəliyev elm və texnikanın inkişafındakı nailiyyətlərinə və elmi nəticələrin istehsalatda tətbiqinə görə 1970-ci ildə “V.İ. Leninin 100-illik yubileyi”, 1986-cı ildə “Əmək şərəfinə görə” və 1987-ci ildə “Əmək veteranı” medalları, 2005-ci ildə “Şöhrət” ordeni, 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilmişdir.

Akademik V.Fərzəliyev, həmçinin Rusiya Elmlər Akademiyasının təsis etdiyi “Akademik N.M. Emanuelin xatirəsi” medalı və diplomla, Avropa Birliyi Elm-Sənaye Palatasının “Qızıl” medalı və diplomla, Türkiyənin Firat Univerisitetinin və Hindistan Texnoloji İnstitutunun xatirə medalları ilə təltif olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: