Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Gəmiqaya qayaüstü rəsmləri” adlı fundamental kitab işıq üzü görüb
08.06.2020 16:18
  • A-
  • A
  • A+

“Gəmiqaya qayaüstü rəsmləri” adlı fundamental kitab işıq üzü görüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun layihə rəhbərliyi ilə “Gəmiqaya qayaüstü rəsmləri” adlı fundamental kitab nəşr olunub.

Kitabın müəllifi Nizami Alıyev, elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevdir. Azərbaycan, ingilis və rus dilində işıq üzü görən nəşrin ilk səhifəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 26 aprel 2001-ci il tarixli Sərəncamı yer alıb.

Gəmiqaya təsvirlərinin sistemli şəkildə tədqiqinə qeyd olunan sərəncamın imzalanmasından sonra başlanılıb. Sərəncama əsasən, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Akademiyanın Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin elmi heyətinin iştirakı ilə Gəmiqaya abidəsinə ekspedisiyalar təşkil edilib. 2005-ci ildə yerli və xarici ölkə alimlərinin də iştirak etdiyi beynəlxalq ekspedisiya zamanı Gəmiqaya təsvirlərinin tarixi, eləcə də uzaq keçmişimizlə bağlı mühüm nəticələr əldə olunub. Gəmiqaya haqqında xeyli kitab və məqalə yazılmasına baxmayaraq, bu rəsmlər indiyədək toplu halında nəşr edilməmişdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən Gəmiqayadakı qayaüstü rəsmlərin mühafizə vəziyyətini gücləndirmək və rəsmlərin qeydiyyatını dəqiqləşdirmək məqsədilə 2016-cı ilin avqust ayında “Gəmiqaya ekspedisiyası” yaradılıb. Ekspedisiya üzvləri qayaüstü rəsmlərin yayıldığı 136 hektar ərazidə olub, Aşağı Baca, Göllər, Qaranquş, Nazağa, Nuh-Nəbi yurdu və Qızgəlin çuxuru bölgələri üzrə 2040 daş üzərində 7422 təsvir qeydə alıblar. Tədqiqatların nəticələri ilk dəfə kompleks şəkildə bu kitabda nəşr olunub.

“Gəmiqaya qayaüstü rəsmləri” adlı fundamental vəsait Azərbaycan xalqının qədim tarixi ilə maraqlananlar üçün qiymətli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: