Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvanın Eneolit dövrü abidələrindən bəhs edən monoqrafiyanın onlayn təqdimatı keçirilib
10.06.2020 17:39
  • A-
  • A
  • A+

Naxçıvanın Eneolit dövrü abidələrindən bəhs edən monoqrafiyanın onlayn təqdimatı keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyevanın “Naxçıvanın Eneolit dövrü abidələri” adlı monoqrafiyasının onlayn təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası ərazisində 2010-2019-cu illərdə qeydə alınmış 20-dən çox Eneolit dövrü abidəsinin arxeoloji materialları əsasında hazırlanan nəşrin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, müəllif bu monoqrafiyada Naxçıvançay vadisində yerləşən yeni abidələrlə yanaşı, Arpaçay vadisində daha əvvəldən məlum olan 5 abidənin materiallarını da tədqiqata cəlb edib.

Akademik İ.Hacıyev bildirib ki, kitabda Naxçıvanın Eneolit mədəniyyətinin 5 mərhələ üzrə dövrləşdirilməsi aparılıb və Cənubi Qafqaz regionundakı yeri müəyyənləşdirilib. Nəşrdə arxeoloji tədqiqat işi zamanı qeydə alınan çoxsaylı abidələrin böyük bir qismini təşkil edən Eneolit dövrünün maddi-mədəniyyət nümunələri kompleks və sistemli şəkildə xronoloji ardıcıllıqla təhlil edilib.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Naxçıvanın Eneolit dövrü abidələri monoqrafiyası haqqında bir neçə söz” mövzusunda məruzəsi dinlənilib.

Təqdimat mərasimində çıxış edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli, Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli nəşri Azərbaycan tarixşünaslığı üçün dəyərli mənbə kimi qiymətləndirib, kitabla bağlı fikirlərini bölüşüblər.

Sonda monoqrafiyanın müəllifi Zeynəb Quliyeva çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin dəstəyi ilə 2013-cü ildə Naxçıvan Bölməsində yaradılan və AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın apardığı qazıntıların nəticələrindən danışıb. Bildirib ki, Naxçıvanın Eneolit dövrü abidələri ilə bağlı əldə olunan mühüm arxeoloji materiallar elmimizə, tariximizə dövlət qayğısının bariz göstəricisidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: