Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.06.2020 14:51
  • A-
  • A
  • A+

Ətraf mühit problemlərinə həsr olunan elmi-praktiki konfrans keçirilib

Ətraf mühit problemlərinə həsr olunan elmi-praktiki konfrans keçirilib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə tələbə, magistr, doktorant və dissertantların onlayn rejimdə elmi-praktiki konfransı keçirilib. Tədbir “Ətraf mühit problemləri və onun qorunub saxlanılması strategiyası: gələcəyə baxış” mövzusuna həsr olunub.

COVID-19 pandemiyası ilə əlaqədar karantin qaydalarına riayət olunmaqla keçirilən konfransı giriş sözü ilə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d., dosent Famin Salmanov açıb. O, xüsusi karantin rejimi dövründə gənc alimlərimizin müasir dövrün çağırışlarına uyğun olaraq beynəlxalq onlayn konfranslara qatıldığını, proqram və layihələrdə fəal iştirak etdiyini bildirib. F.Salmanov tələbə, magistr, doktorant və dissertantlar üçün ixtisaslaşmış bugünkü tədbirin elmi əhəmiyyətini vurğulayaraq, bu kimi konfransların gənclərin elmə marağını artırdığını, onların dünya elminə inteqrasiyası prosesini sürətləndirdiyini söyləyib. Şura sədri AMEA-da doktorantura-dissertantura ilə yanaşı, magistratura təhsilinin də uğurla həyata keçirildiyini, yüksəkixtisaslı kadrların hazırlandığını bildirib.  

Daha sonra Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev müəssisədə gənc alimlərin elmi fəaliyyəti üçün yaradılan şəraitdən bəhs edib.

Konfrans məruzələrin dinlənilməsi ilə davam edib.

Məruzələrdə bildirilib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilir. Hazırda ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl işlər davam etdirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması bu qəbil işlərdəndir.

Xatırladaq ki, konfransa 53 tezis qəbul olunub və müvafiq mövzular ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: