Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.06.2020 17:09
  • A-
  • A
  • A+

Akademik Ramiz Mehdiyev Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpa və yenidənqurma işləri ilə tanış olub

Akademik Ramiz Mehdiyev Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpa və yenidənqurma işləri ilə tanış olub

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilmiş Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə baxış keçirib.

Tibbi maskadan istifadə və sosial məsafə gözlənilməklə baş tutan tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, MATM-in direktoru, akademik Nailə Vəlixanlı və muzey əməkdaşları iştirak ediblər.

AMEA rəhbərliyi əvvəlcə muzeyin yeni nəşrlərindən ibarət sərgi ilə tanış olublar.

Ölkə başçısının "Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi haqqında" 4 dekabr 2019-cu il tarixli Sərəncamını xatırladan akademik Nailə Vəlixanlı qonaqlara Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi barədə məlumat verib. Qeyd edib ki, məşhur xeyriyyəçinin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan muzey 9 otaqdan - H.Z.Tağıyevin iş kabineti, Şərq zalı, kitabxana, yemək, məlumat, yataq, təmizlik otaqları və Sona xanım Tağıyevanın otağından ibarətdir. N.Vəlixanlı otaqların görünüşü, eləcə də əşya və mebellərin H.Z.Tağıyevin ailə fotoalbomu əsasında Azərbaycan və İtaliya mütəxəssisləri tərəfindən bərpa edildiyini diqqətə çatdırıb.

Tağıyevin iş kabineti haqqında danışan akademik burada Nadir şah Əfşar və Fətəli şah Qacarın, həmçinin görkəmli xeyriyyəçi ilə İran şahı Müzəffərəddinin görüşünü əks etdirən nadir portretlərin, eləcə də rəssam Ayvazovskinin “Dənizdə fırtına” əsərinin ziyarətçilərə təqdim olunduğunu söyləyib. Direktor ev-muzeyin Şərq zalının isə qədim oriyental ornamentləri özündə birləşdirdiyini və burada H.Z.Tağıyev tərəfindən qəbulların, rəsmi müşavirələr və təntənəli mərasimlərin keçirildiyini vurğulayıb. Buxara əmirinin H.Z.Tağıyevə gümüşdən hazırlanmış qab dəsti hədiyyə etdiyini xatırladan N.Vəlixanlı sözügedən eksponatın, həmçinin qoz ağacından düzəldilmiş, gözəl ornamentli böyük bufetin isə yemək otağında nümayiş etdirildiyini bildirib.

Akademik N.Vəlixanlı, o cümlədən muzeydə elektron monitorların quraşdırıldığını və ziyarətçilərin H.Z.Tağıyevin həyat və fəaliyyəti barədə Azərbaycan, rus və ingilis dillərində məlumatlarla tanış ola biləcəklərini söyləyib.

AMEA rəhbərliyi, həmçinin Tağıyevin Qış eyvanı, yataq otağı, qonaq otağı, eləcə də Böyük Vətən Müharibəsi zalı və Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi çərçivəsində görülmüş hazırlıq işləri və digər zəngin eksponatlarla tanış olublar.

Akademik Nailə Vəlixanlı muzeyin yeni materiallarla zənginləşdirilməsi, qonaqlar üçün daha da baxımlı olması istiqamətində mütəmadi işlərin aparılması və MATM-in 100 illiyi münasibətilə zəngin eksponatlardan ibarət yeni kompozisiyanın hazırlanması barədə də məlumat verib.

Sonda çıxış edən AMEA prezidenti muzeydə görülmüş bərpa və yenidənqurma işlərini yüksək qiymətləndirib, burada Azərbaycanın tarixi ilə tanış olmaq üçün zəngin materialların olduğunu bildirərək qurumun fəaliyyətinə uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: