Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Heydər Əliyevin obrazı dramaturgiyada və teatrda
22.06.2020 11:08
  • A-
  • A
  • A+

Heydər Əliyevin obrazı dramaturgiyada və teatrda

“Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm... Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum... O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu “oxumuşam, unutmamışam” sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam” - deyərək, bir şəxsiyyət kimi yetişməsində ədəbiyyatın rolunu xüsusi vurğulayan ümummilli lider Heydər Əliyev, zamanın elə bir məqamı gəlir ki, həyatda qəhrəman olmaqla yanaşı, ədəbiyyatın da qəhrəmanına çevrilir. Çox sevdiyi ədəbiyyatın, teatr səhnəsinin qəhrəmanı olur, onun sözlə portreti yaradılır, səhnə öz işıqlarını müxtəlif rakurslardan onun üzərinə salır. Ədəbiyyat, tarixi gerçəklikdən, zamanın özündən ədəbiyyata gələn Heydər Əliyevi həm də tarixin yaddaşına köçürür. O, səhnənin işıqları altında dahi lider, müdrik dövlət xadimi, uzaqgörən siyasətçi, gözəl həyat yoldaşı, ləyaqətli övlad və ata kimi görünür. Və diqqət çəkən məqam odur ki, Heydər Əliyevin səhnədəki obrazı özünü gələcək oxucusuna, tamaşaçısına tanıtmaqdan, təqdim etməkdən daha çox öyrədən rolunda, funksiyasında görünür. Çətin, çıxılmaz vəziyyətdən çıxış yollarını, vaxtında və yerində müdrik qərar verməyi, gələcək strateji məqamları əvvəldən görməyi və onu düzgün axara yönləndirməyi, özünün malik olduğu milli dövlətçilik baxışlarını və ictimai ideallarını öyrədir.

Bəzən bədii ədəbiyyat tarixi tarixin özündən yaxşı öyrədir. Heydər Əliyev haqqında yazılan dram əsərləri oxucuya Heydər Əliyevi bir tarixi şəxsiyyət, tədbirli dövlət başçısı kimi göstərməklə yanaşı, həm də o epoxanın ictimai-siyasi vəziyyətini əks etdirən salnamə hesab oluna bilər.

Dram əsərinin əsas ünvanı teatrdır, səhnədir. O, oxudan çox tamaşa üçün nəzərdə tutulur. Bu baxımdan, Heydər Əliyev haqqında yazılan dram əsərlərinin əksəriyyəti öz ünvanına çatıb. Belə ki, bu əsərlərin çoxu səhnə həyatını yaşayıb və uğurlu da alınıb.

Marat Haqverdiyevin “Üç dəniz əfsanəsi” ikihissəli dramında Heydər Əliyev bir obraz kimi iştirak etməsə də, əsər ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunub və bu pyesin remarkasında səsləndikdən sonra ekranda diktor mətni ilə sənədli kadrların nümayişi gedir. 1990-93-cü illər ölkədə baş verən ictimai-siyasi vəziyyət, xaos, silahlı qarşıdurmalar, qiyamlar, dövlət çevrilişləri, Ermənistanın hərbi təcavüzü, iqtisadi böhran haqqında kadrlar gedir. Belə bir çətin vəziyyətdə müəllif Heydər Əliyevin xalqın istəyi və təkidi ilə hakimiyyətə gəldiyini, ölkədə sabitlik yaratdığını, Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qurtardığını qeyd edir. “Üç dəniz əfsanəsi” isə əsrin müqaviləsi əsasında gerçəkləşən Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsi zamanı qarşıya çıxan problemlərdən, Heydər Əliyevin həmişə olduğu kimi, bu dəfə də sərgilədiyi əzmkarlıqdan, heyrətamiz qətiyyətindən bəhs edir. Əsər bütün yaxşı, işıqlı işlərə əngəl olmağa çalışan bədxah qüvvələrin bu dəfə də dinc durmadığı, “Üç dəniz əfsanəsi” adlanan neft layihəsinin çəkilməsinə törətdikləri maneçilikdən və buna nail ola bilməmələrinə həsr olunub. Adıçəkilən neft layihəsinin reallaşmaması üçün xarici qüvvələr daxili nümayəndələrinin əli ilə tədbirlər tökür, təxribat yaradır, bunun üçün yerli əhalidən istifadə edir, borunun keçəcəyi yerlərdə yaşayan əhali ilə görüşür, hər cəhdə əl atırlar.

Marat Haqverdiyev bu pyesdən başqa, 1993-cü ildə ulu öndər haqqında “Qarabağ şikəstəsi” və “Fədakarlıq” adlı ssenarilər yazmışdır ki, hər ikisinin əsasında bədii televiziya filmi çəkilmişdir. “Üç dəniz əfsanəsi” pyesi isə hazırda Gəncə Dövlət Dram Teatrında tamaşaya hazırlanır. Müəllif əsəri 5 ilə yazdığını qeyd edir.

Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” mənzum pyesində akademik İsa Həbibbəylinin dediyi kimi, tarixilik, elmilik və müasirlik vəhdət təşkil edir. Müəllif “əsərdə xalq qəhrəmanı Koroğlu ilə ümummilli liderimiz Heydər Əliyevin mübarizəsini və ideallarını böyük bacarıqla uzlaşdırmışdır. Beləliklə, əsər tarixiliklə müasirliyin vahid mövqedən təqdimi baxımından əhəmiyyətlidir”. Belə ki, əsərdə 93-cü ilin ortalarında Azərbaycanın çətin və qalmaqallı vəziyyətlə üz-üzə qaldığı vaxtda bir qəhrəmanın, xilaskarın gəlişinə ehtiyac duyulanda, el ağbirçəyi Telli xanımın və ağsaqqal aşıq Cünunun yadına Koroğlu - Heydər Əliyev düşür. Xalqın simvolu olan bu iki el vəkili dağlara çəkilmiş Koroğlunun yanına gedir, vətənin ona böyük ehtiyacı olduğunu deyir, onu Çənlibelə dəvət edirlər. Məmləkətin darda olduğunu görüb dəvəti qəbul edən Koroğlu xəyalən Babəkdən, Şah İsmayıldan və Atatürkdən xeyir-dua alır. Biri ona qılıncını, biri kamalını bağışlayır, Atatürk isə xalqa söykənməyi, ondan güc almağı tövsiyə edir. Qılınc, ağıl və xalqın dəstəyi ilə silahlanan Koroğlu Azərbaycanı parçalamağa, bölüb-bölüşdürməyə çalışan həm daxili, həm də xarici düşmənləri məğlub etməyi bacarır. Tökülən qanları, dartışmaları dayandırır, sabitlik, nizam və intizam yaradır. XX əsrin hadisələri ilə XVII əsrin qəhrəmanlarını bir səhnəyə gətirən dramaturq istəyinə nail ola bilmiş, Heydər Əliyev obrazını tarixdə iz qoymuş şəxsiyyətlərin malik olduqları keyfiyyətlərlə cilalamışdır. Nəriman Seyidbəylinin dediyi kimi, “dramaturq hadisələr üzərində o qədər düşünüb daşınmışdır ki, əsərdə heç bir hadisə tamaşaçıda təəccüb və etiraz doğurmur”.

Əsərin sonlarında səhnəyə çıxan Dədə Qorqud, Koroğlunu - Heydər Əliyevi “Oğuz lideri” adlandırır.

Aqşin Babayev “Xilaskar” adlı sənədli-publisistik pyesini Azərbaycan dövlətinin memarı və qurucusu olan ümummilli lider Heydər Əliyevə ithaf edib, amma təkcə ithaf yox, həm də oxucu əsərdə cərəyan edən hadisələrin mərkəzində Onun da obrazını görür. Dramda 90-cı illərin əvvəllərində Azərbaycanda mövcud olan xaotik ictimai-siyasi vəziyyətdən bəhs olunur. Təkcə xarici düşmənlərlə deyil, bəlkə onlardan da təhlükəli olan daxildəki hakimiyyət hərisləri ilə, hansı partiya idarəetmədə olacaqsa, ona üzv olmağa hazırlaşan, onun lideri ilə olan şəklini otağından asacağını deyən ikiüzlü insanlarla mübarizə apara biləcək liderə ehtiyac duyulur. Əsərin adından da göründüyü kimi, müəllif Heydər Əliyevi xilaskar obrazında cərəyan edən hadisələrin mərkəzinə gətirir.

Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm. Mən bu yoldan dönməyəcəyəm! Bu əsərdə Milli Məclis səhnəsindən verilən Heydər Əliyevin çıxış nitqidir.

Heydər Əliyev bunu o zaman deyirdi ki, Azərbaycanın müstəqil yaşamasına şübhə edənlər yetərincə idi. Bəziləri buna ümid etmirdi, bəziləri isə arzulamırdı və o arzulamayanlar Milli Məclisin iclası qurtaran kimi öz fəaliyyətlərinə başlayırlar.

Amma xalqın arzusu keşməkeşlərdən sonra həqiqət oldu. Azərbaycan öz müstəqilliyini çətinliklə də olsa, bərpa etdi və nə xoş ki, müstəqilliyimizi qoruyan, möhkəmlədən Heydər Əliyev kimi əzmli, cəsur liderimiz vardı.

2012-ci ildə on bir dilə tərcümə olunub çap olunan “Müstəqil vətənin memarı” poemasının müəllifi İftixar Piriyev daha sonra ulu öndər haqqında “İşıqlı, nurlu sabah”, “Qurtuluş”, “Qurtuluşa gedən yol”, “Qurtuluş dastanı”, “Nurlu ömrün anları”, “Azərbaycan bayrağı” adlı pyeslər yazmışdır və bunların əksəriyyəti səhnələşdirilmişdir. Bu əsərlərin hamısında Heydər Əliyev tələbkar, işgüzar, cəsarətli, yeri gələndə sərt mövqe sərgiləməklə yanaşı, həm də qayğıkeş, həssas lider kimi görünür.

İftixar “İşıqlı, nurlu sabah” ikihissəli publisistik, xronikal, mənzum dastanında b.e.ə. III minillikdən Aratta ilə başlayan dövlətçilik tariximizin müstəqillik dövrünə qədər keçdiyi yola səyahət edir. Lillubi, Kuti, Manna, Atropatena, Albaniya, Sasanilər, Şirvanşahlar, Sacilər, Səlarilər, Şəddadilər, Rəvvadilər dövlətlərini xatırladan müəllif hadisələri XX əsrin axırları, XXI əsrin əvvəlləri Azərbaycan adlı böyük bir ölkənin şimal qütbündə cərəyan edən hadisələrə gətirib çıxarır. Bu əsərdə tarix özü bir obraz kimi çıxış edir. Gah meydanda, insanlar arasında görünən, gah qeybdən səsi eşidilən Tarix neçə qanlı savaşdan keçən, sinəsi dəlik-dəlik, bölük-bölük olmuş Azərbaycanın bu gün çox dözümlü və əzəmətli dövlətə çevrildiyini vurğulayır və bu əzəmətli dövləti məhv olmaqdan qoruyan, şanlı tarix yaradan Heydər Əliyevi talenin xalqa hədiyyəsi adlandırır. Müəllif əsərdəki obrazların dili ilə Heydər Əliyevi “nadir siyasi ustad”, “düşmənə sinə dağı”, “dosta sülh çırağı”, “azadlıq bayrağı”, “müstəqillik memarı”, “ədalət abidəsi”, “şərqə doğan günəş”, “türkün rəmzi nişanı” kimi xarakterizə edir.

“Nurlu ömrün anları” mənzum, xronikal elegiyası da müəllifin ümummilli lider Heydər Əliyevə həsr etdiyi pyeslərindəndir. Əsər fərqli səhnə quruluşuna malikdir. Belə ki, ocağın alov dilləri ilə işıqlandırılan meydanın tən ortasında yeddi metal şit vardır. Tamaşa boyu personajlar hər dəfə şiti çevirdikcə, Heydər Əliyevin ömrünün müxtəlif anlarını əks etdirən fotoları görünür. Əvvəl mərkəzdəki şitdə Heydər Əliyevin müdrik simasını canlandıran foto açılır və səhnəyə daxil olan insanlar ocağın ətrafında əl-ələ tutub birləşirlər. İkinci metal şitdə ulu öndərin uşaqlıq şəkilləri, üçüncü metal şitdə general rütbəsi ilə təhlükəsizlik orqanının geyimində olduğu portreti, dördüncü şitdə Azərbaycan KP MK-nın birinci katibi olduğu dövrdəki, beşinci şitdə 1993-cü illərdəki, altıncı şitdə Heydər Əliyevin neft kontraktına imza atma mərasimindəki, yeddinci şitdə ulu öndərin Zərifə xanımla birgə fotoşəkilləri əks olunur və hər dəfə bu fotolar açıldıqca, səhnədəki personajlar, Heydər Əliyevin həmin dövrdəki fəaliyyətini xatırladır, onun keçdiyi ömür yoluna səyahət edirlər. Əsər həm Azərbaycanda, həm Tiflisdə, Marneulidə, Bolnisidə dəfələrlə səhnələşdirilmişdir.

“Qurtuluş dastanı” əsəri də İftixar Piriyevin ulu öndərin obrazını yaratdığı əsərlərdən biridir. Əsər həm 90-cı illərin ictimai-siyasi ab-havasını, dövlətçiliyimizin müqəddəratının həll olunduğu bir dövrün durumunu, həm də Heydər Əliyevin müdrik obrazını əks etdirmək baxımından maraqlı pyesdir. Bu pyesdə Heydər Əliyevi Qorbaçovla, mətbuat nümayəndələri ilə, sənət adamları ilə, övladları ilə, xəyalən valideynləri - Əlirza kişi və İzzət xanımla, ömür- gün yoldaşı Zərifə Əliyeva ilə görüşdürən müəllif onun üzərinə müxtəlif rakurslardan işıq salır, ulu öndəri təmkinli, müdrik siyasətçi, dövlət xadimi, ailə başçısı kimi göstərməklə, həm onun ictimai - dövlətçilik, azərbaycançılıq idealını, həm də Şərq dəyərlərini özündə simvolizə edən bir şəxsiyyət kimi təqdim edir. Adlarını çəkdiyimiz insanlarla dialoqu, xəyali söhbətləri, bəzən sərt, bəzən yumorlu cavabların altındakı məna qatı Heydər Əliyev zəkasını əks etdirə bilmişdir. Elə əsərin ilk hissəsinin birinci şəklində Kremldə Qorbaçovla Heydər Əliyevin görüşündə biz ümummilli lideri həmsöhbətinin qarşısında təmkini, hədəfə yönəlmiş cavabları ilə qalib görürük.

İ. Piriyev ümummilli liderə həsr etdiyi başqa bir dram əsərində - “Qurtuluşa gedən yol” adlı ikihissəli tarixi dramında da Heydər Əliyevin dili ilə Qorbaçovun apardığı siyasətin qüsurlu olduğunu, naşılığını və beləliklə də, bütün regionda vəziyyəti gərginləşdirdiyini vurğulayır.

Elşən Feyzullayev “Qəsd” adlı dram əsərini ulu öndərin əziz xatirəsinə həsr edib. Əsərdə Heydər Əliyevin özü obraz olaraq iştirak etmir, amma Azərbaycan əsgərlərinə əsir düşmüş bir erməni əsgərinin dili ilə bu böyük şəxsiyyətin Azərbaycan üçün əvəzsiz xidmətlərini dilə gətirir, belə bir liderə görə şanslı olduğumuzu vurğulayır.

Ümummilli lider haqqında olan dram əsərlərində milli-siyasi qarşıdurmaları, vətəndaş qırğınını, Topxana meşəsində ağaclara vurulan baltaların Bakıda meydanlarda eşidilən əks- sədası, böyük imperiyanın çöküşü, Heydər Əliyevin Bakıya dönüşündən qorxuya düşən qüvvələrin dirənişi, öz müqəddəratını yenidən xilaskar liderinin ixtiyarına vermək istəyən xalqın çabaları, rus qoşunlarının törətdiyi 20 Yanvar faciəsi və bir-birini əvəz edən bu tragik səhnələr fonunda ümummilli lider qətiyyəti, əzəməti görünür. Bu səbəbdən də belə əsərlərin səhnə həyatı da uğurlu olur.

Aygün Bağırlı, filologiya üzrə fəlsəfə doktoru, dosent.

"Respublika" qəzeti

  • Paylaş: