www.science.az
23.06.2020 10:13

Əlyazmalar İnstitutu ilk dəfə “Qəşəm xan və Gülüstan xanım” dastanını oxuculara təqdim edir

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan XX əsrin əvvəllərinə aid “Qəşəm xan və Gülüstan xanım” yazılı abidəsinin yeganə nüsxəsinin mətni kitab halında çapdan çıxıb.

Nəşrdə XX əsrin əvvəllərinə aid “Qəşəm xan və Gülüstan xanım” yazılı abidəsinin Əlyazmalar İnstitutunda saxlanılan yeganə əlyazma nüsxəsi folklor nümunəsi kimi tədqiq olunub. Dastanın paleoqrafik, ideya-məzmun və dil xüsusiyyətləri araşdırılıb, transfoneliterasiya edilmiş mətni olduğu kimi ilk dəfə oxuculara təqdim olunub.

Dastanın elmi-paleoqrafik, filoloji araşdırması və mətninin transfoneliterasiyası müəssisənin Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğlu tərəfindən aparılıb. Kitabın elmi redaktorları həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aybəniz Rəhimova və Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Rauf Şeyxzamanlı, rəyçisi isə professor Azadə Musayevadır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.