www.science.az
23.06.2020 11:31

Faşizm üzərində Qələbənin qazanılmasında xalqımızın tarixi xidmətləri: faktlar, rəqəmlər və reallıqlar

“Qorxmaz şahinlərin hər bir döyüş zərbəsində, Sovet tankçılarının hər bir reydində, alman faşist qüvvələri üzərindəki hər bir qələbədə heç də az olmayan uğur payı Bakı neftçilərinə məxsusdur”. Bu fikirlər isə Sovet İttifaqı Marşalı Konstantin Rokosovskinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırova yazdığı məktubda yer alır.

Daha bir Sovet İttifaqı marşalı F.İ.Tolbuxin yazır: “Qızıl Ordu qazandığı çoxlu qələbələrinə, hücum edən hissələrə vaxtlı-vaxtında keyfiyyətli yanacaq göndərdiyinə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında borcludur. Stalinqrad ətrafında, Donda, Donbasda, Dneprin, Dnestrin sahillərində, Belqradda, Budapeştdə, Vyanada Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayan bizim cəbhənin döyüşçüləri neft Bakısının cəsur zəhmətkeşlərini salamlayırlar”.

Təəssüf ki, müharibədən sonra sovet rəhbərliyi Bakının qələbənin əldə edilməsində tarixi rolunu qiymətləndirmədi. Bakıya “Qəhrəman şəhər” fəxri adı verilmədi. Rusiya alimi və politoloqu A.Sevastyanov bu barədə yazır: “Müharibədən sonrakı illərdə bayramlarda, ildönümlərində Sovet rəhbərlərindən kiminsə Qələbədə Bakı neftinin rolu haqqında durub danışmağını heç xatırlamıram. Bakıya “Qəhrəman şəhər” fəxri adı verilmədi. Yada düşmədi, görmədilər, gözə dəymədi, sənəd çatmadı və sair və ilaxır... Mükafatlarla bağlı bunlar bir qayda olaraq baş verir. Axı, həqiqətin gözünə gərək düz baxasan! Azərbaycan nefti olmasaydı, müharibə uduzulacaqdı. SSRİ-nin taleyi 1941-ci və 1942-ci illərin payızında nazik simdən asılı qaldı. Bakı neftçilərinin sayəsində bu nazik sim qırılmadı. Hər beş təyyarədən, tankdan, avtomobildən dördü Bakının neft mədənlərindən çıxarılan neftlə, Bakının neft emalı zavodlarında alınan benzin və solyarka ilə doldurulurdu”.

Bakı Sovetlər İttifaqının həm də mühüm silah istehsalı mərkəzlərindən biri idi.

Böyük Vətən müharibəsi ərəfəsində Sovet hökuməti ölkənin müdafiə qabiliyyətinin artırılması və möhkəmləndirilməsi üçün geniş plan işləyib həyata keçirməyə başladı. Plana uyğun olaraq müharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçdi. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi.

Arxiv materialları və həmin dövrün mətbuatında dərc olunmuş məqalələrə əsasən bəzi faktlara diqqət yetirək. Bunlardan biri 1942-ci ilin iyul ayında Bakıda rekord bir müddət ərzində Hərbi Sursat Xalq Komissarlığının “Katyuşa” üçün M-13 mərmiləri istehsal edən 610 saylı yeni zavodun yaradılmasıdır. Zavod elə bu cür də adlanırdı - mərmi hazırlayan zavod.

1941-ci ilin sonunda hərbi məhsul istehsal edən zavod sexləri planı 200 faiz yerinə yetirmişdilər. Artıq ilin axırına yaxın Azərbaycanda 130 növdə silah, döyüş sursatı, hərbi ləvazimat, mal-material istehsal olunurdu. 1942-ci ildə Bakıda “doğulmuş” “YAK-3” qırıcıları cəbhəyə uçmağa başladı. Qeyd edək ki, yerli sənaye Xalq Komissarlığının, eləcə də “Azərsənayeşurası”nın xətti ilə Bakıda (Leninqraddan sonra) “Molotov kokteyli” adında yandırıcı butulka istehsalına başlanmışdı. 1941-ci ilin 8 noyabrında 35 min ədəd yandırıcı butulka və 14 min ehtiyat patron istehsal olunaraq, yeşiklərə yığıldı. Müəssisənin istehsal gücü isə sutka ərzində 10 min ədədə çatdırılmışdı.

Dənizçilərimiz və dəmiryolçularımız əzmlə çalışırdılar.

Müharibə başlayanda Xəzər gəmiçiliyi yük dövriyyəsinə görə SSRİ-də birinci yeri tuturdu. SSRİ-nin bütün dənizləri ilə daşınan yüklərin 1/3-i Xəzər dənizinin payına düşürdü. Bu, hər şeydən öncə, mədənlərin, neftayırma zavodlarının və pambıq bazalarının dənizə yaxınlığı ilə izah olunurdu. Qafqaza və Orta Asiya bölgələrinə daşınan taxılın, meşə-taxta məmulatlarının Ural və Volqa çayları vasitəsi ilə Xəzərə çatdırılması da yük dövriyyəsinin yüksək səviyyəsini şərtləndirirdi.

Xəzər dənizinin rolunu və əhəmiyyətini müəyyənləşdirən başlıca yüklər neft və neft məhsulları idi ki, bu da əsasən Bakıdan Həştərxana, oradan da Volqaboyunca yuxarıya, SSRİ-nin müxtəlif rayonlarına daşınırdı. Bakı limanı isə yük emalının yüksək intensivliyinə, eləcə də tutumlu buraxılış qabiliyyətinə görə fərqlənirdi. Artıq 1941-ci ilin iyulundan Bakı limanı vasitəsi ilə ölkənin qərb rayonlarından köçürülən insanların, zavod və fabrik avadanlıqlarının, taxılın və başqa yüklərin Orta Asiyaya, Qazaxıstana göndərilməsinə başlanmışdı.

Sovet hökuməti xəzərlilərin əmək uğurlarını yüksək qiymətləndirdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 aprel 1945-ci il fərmanı ilə Xəzər Donanması Qırmızı Bayraq ordeni ilə təltif edildi. Rəşadətli əməklərinə görə Xəzər gəmiçiliyinin 1534 işçisi Sovet İttifaqının orden və medalları ilə təltif olunmuşdu.

Təbii ki, bu yerdə Azərbaycan dəmiryolçularının fədakarlığını qeyd etməyə bilmərik. 1941-1945-ci illərdə Zaqafqaziya dəmir yolunun Bakı şöbəsi dəmiryolçuların şücaəti nəticəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon, o cümlədən 480 min vaqona qədər quru yük və 500 min sistern neft məhsulları göndərmişdi.

Azərbaycanın nəqliyyat imkanları “Lend-Liz” yükləri üçün əsl “həyat yolu” idi.

Faşist Almaniyasına qarşı mübarizədə SSRİ ilə birgə əməkdaşlığa dair 1941-ci il oktyabrın 1-də bağlanmış üçtərəfli sazişlə, habelə ABŞ-ın “Lend-Liz” kredit və icarə haqqında Qanununun həmin ilin noyabrında SSRİ-yə də şamil edilməsi ilə bağlı Böyük Britaniya və ABŞ İran körfəzi, habelə İran ərazisindəki dəmir yolları, sonra isə quru və dəniz yolları vasitəsilə müxtəlif təyinatlı yüklər göndərməyə başlamışdılar. Müharibə illərində ABŞ və İngiltərədən, sonralar isə Kanadadan SSRİ-yə 400 min avtomobil, 2,6 milyon ton neft və neft məhsulları, 9,6 min top, 10,8 min tank və 18,7 min təyyarə göndərmişdilər ki, bunlar da Azərbaycan dəmir yolu nəqliyyatı vasitəsilə təyinat yerlərinə çatdırılmışdı. Hərbi yüklərin daşınması üzrə işlərə rəhbərlik edənlərdən biri də azərbaycanlı general-mayor Ə.M.Əzizbəyov idi.

Bakının digər sənaye sahələri daxili tələbatın ödənilməsinə layiqli töhfələr verdi.

Xalqımızın qələbəyə töhfəsinin təkcə ön cəbhə ilə məhdudlaşmamasından söz açarkən əsasən Bakıda yerləşən yüngül sənaye müəssisələrinin işini də xüsusi qeyd etməliyik. Müharibədən əvvəl Bakı Şəhər İcraiyyə Komitəsi yerli sənayeni əhatə edən yeddi müəssisəni özündə birləşdirirdi. Həmin müəssisələr kimya, trikotaj, metal emalı, ağac işləmə, yeyinti və toxuculuq sahələrinə aid məhsul istehsal edirdi.

1941-ci ilin əvvəlində yerli sənaye Bakı şəhər əhalisinin çoxişlənən mallarla təminatı və zəhmətkeşlərə daha yaxşı xidmət sahəsindəki fəaliyyətini genişləndirmiş oldu. Lakin bütün müəssisələr, rayon və sənaye kombinatları Böyük Vətən müharibəsi başlanan ilk günlərdən istehsal yolunu dəyişərək, əsasən müdafiə tipli məhsulların buraxılmasına keçdi. Ordu üçün döyüş sursatı detalları, qoşqu-araba hissələri, hospitallar üçün mebel, yataq dəstləri, hava hücumundan müdafiə sığınacaqlarında quraşdırılan avadanlıq və bir sıra xüsusi ləvazimatlar həmin məhsullara aid idi.

Müəssisələrdə iş profilinin qəfil dəyişmə prosesi yeni istehsal növlərinin axtarışı, öyrənilməsi və mənimsənilməsi işçi kollektivlərinin gərgin, gücləndirilmiş iş rejimi ilə müşayiət olunurdu. Ordu üçün paltarların tikilməsi və təmiri məqsədilə yerli sənaye müəssisələrinə sistemli şəkildə sifarişlər, tapşırıqlar verilirdi. Belə işlərdə evdə çalışan qadınlar, qızlar, gəlinlər də fəal iştirak edirdilər. Onlar verilən tapşırıqları xüsusi ruh yüksəkliyi ilə, canla-başla, yüksək keyfiyyətlə, vaxtlı-vaxtında yerinə yetirirdilər.

Müharibə illərində respublikanın müəssisələri 1419 min ədəd şinel, 4227 min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron çantası, 1468 min dəst trikotaj istehsal etmişdi. 1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371 minik maşını və 301 digər avtomobil səfərbər edilmişdi.

Azərbaycan elminin qələbənin qazanılmasında tarixi xidmətləri

Azərbaycan xalqı nefti ilə yanaşı öz elmi potensialı ilə də Böyük Vətən müharibəsində qələbənin əldə edilməsinə sanballı töhfələr verib. Azərbaycan alimləri Böyük Vətən müharibəsi illərində “Hər şey cəbhə üçün! Hər şey düşmən üzərində Qələbə naminə!” çağırışına cavab olaraq gecəli-gündüzlü çalışırdılar. Vətənin başının üstünü qara buludlar alanda onlar bacarıq və biliklərini alman işğalçılarının darmadağın edilməsinə yönəldərək, elmi fəaliyyətlərinin xarakterini kökündən dəyişiblər.

Böyük Vətən müharibəsinin 8-ci ayında biz artıq yeni şəraitdə çalışan alimlərimizin fəaliyyətinin bəzi uğurlu yekunlarından söz aça bilərdik. Hələ müharibədən əvvəl Azərbaycan alimlərinin qarşısında duran ən vacib məsələ ölkənin yüksək keyfiyyətli yanacaq və sürtkü yağları ilə təminatı idi. Bu vəzifə müharibənin ilk dövründə xüsusilə aktuallaşdı. Xüsusən yeni tip döyüş təyyarələrinin böyük sürət yığması üçün yüksək oktanlı benzin istehsal etmək vacib idi.

Həmin ərəfədə görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin başçılığı altında bir qrup alim neft-kimya elmində böyük hadisə olan yüksək oktanlı aviasiya yanacağı əldə etdi.

Akademik Əli Quliyevin də rolunu xüsusi qeyd etmək istərdim. O, Yusif Məmmədəliyevlə birlikdə yüksək keyfiyyətli aviasiya yanacağı sayılan alkilbenzin alınması prosesinin tədqiqində, konkret olaraq sulfat turşusunun iştirakı ilə təbii qaz benzinin baş fraksiyasının alkilləşməsi prosesinin işlənib hazırlanması ilə məşğul olub.

Ümumilikdə, alimlərimiz Rüstəm İsmayılovun, Murtuza Nağıyevin, İzzət Orucovanın, Şıxbala Əliyevin həmin dövrdə xidmətləri böyük idi. Onlar 100 növ neft-kimya məhsullarının, o cümlədən 38 növ sürtkü yağının, 9 adda təyyarə benzininin, 8 növ dizel yağının istehsalını təşkil edə bildilər. Onların müharibə illərində Azərbaycan elminin inkişafına verdiyi töhfələr sonradan ölkəmizdə neft-kimya elminin sürətli inkişafına yol açdı.

Əliəşrəf Əlizadə, Sabit Orucov, Süleyman Vəzirov, Musa Əliyev, Əhəd Yaqubov, Baba Babazadə kimi alimləri sayəsində isə Azərbaycan neft sənayesi hasilatının artırılmasında böyük uğurlar əldə etdi.

Ermənistanın faşizm sevgisi

Böyük Vətən müharibəsindəki tarixi Qələbə bu zəfərin qazanılmasında iştirak edənləri birləşdirən ən böyük mənəvi dəyərdir. Lakin bir məsələni də qeyd etməliyik bu gün Ermənistanın timsalında faşizm üzərində Qələbənin əhəmiyyətinin heçə endirilməsi, əksinə faşizmə xidmət edənlərin qəhrəmanlaşdırılmasına rast gəlirik. Ermənistanda 2016-cı il mayın 28-də Hitlerin əlaltısı, hərbi cani, sovet məhkəməsi tərəfindən məhkum olunmuş Qaregin Njdenin heykəlinin açılışı olması buna sübutdur.

Hələ 1942-ci ilin avqustunda “K” təşkilatçı qərargahın işi haqqında qısa hesabat”da nasistlər Şimali və Cənubi Qafqaz xalqlarının və ərazi vahidlərinin idarə olunması prinsiplərini hazırlamışdılar. Onlar bu sənəddə ermənilərin faşizmə xidmətlərinin müqabilində Dağlıq Qarabağı erməni komissarlığına aid etmişdilər.

Prezident İlham Əliyev 1941-1945-ci illər müharibəsi ilə əlaqədar çıxışlarında hər zaman Azərbaycanın faşizm üzərindəki Qələbəyə sanballı töhfəsini xüsusi qeyd edir və soyqırımı canisi, Hitler faşizminin nökəri Qaregin Njdeni ifşa edir. Sevindirici haldır ki, ölkə başçısının Aşqabadda MDB-nin Zirvə görüşündəki məlum çıxışından sonra Rusiyanın Armavir şəhərində erməni kilsəsi tərəfindən zəbt edilmiş ərazidə Njdeyə qoyulan memorial lövhənin götürülməsi ilə əlaqədar qərar qəbul edilib. Prezidentin qeyd etdiyi kimi, özünü demokratik seçilmiş təqdim edən Ermənistanın yeni hakimiyyəti, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və faşist cəlladına ucaldılan heykəli sökməlidir.

Ötən ay Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində Prezident İlham Əliyev bu məsələyə bir daha münasibət bildirərək deyib: “Bəzən müəyyən dairələrin tarixi həqiqəti təhrif etmək, İkinci Dünya müharibəsində Qələbədə Sovet İttifaqının rolunu azaltmaq və faşizmi qəhrəmanlaşdırmaq üçün əlaqələndirilmiş səylərinin şahidi oluruq. Ona görə bu meylə son qoyulmalıdır, biz bunu yalnız birgə səylərimizlə edə bilərik. O cümlədən Böyük Vətən müharibəsi dövründə baş vermiş hadisələr haqqında həqiqəti gənc nəslə çatdırmaq yolu ilə. Ona görə ki, onlar həqiqəti bilməlidirlər, vətənpərvərlik, əcdadlarının qəhrəmanlığı ruhunda tərbiyə olunmalıdırlar. Əlbəttə, bəzi ölkələrdə baş verənlər, İkinci Dünya müharibəsi iştirakçılarının abidələrinə qarşı vandalizm aktı, faşistlərə heykəllər qoyulması nifrət və ikrah hissi oyadır. Bunu keçmiş SSRİ məkanında, MDB məkanında görmək xüsusilə xoşagəlməzdir. Axı faşizm üzərində ümumi Qələbə naminə ən böyük qurban verən Sovet İttifaqı olub. Buna görə bu meyillər pislənməli, bu cəhdlərə son qoyulmalı və mənim fikrimcə, dünya liderləri bu barədə daha açıq danışmalıdırlar”.

Azərbaycan Silahlı Qüvvələri öz missiyasını layiqincə yerinə yetirəcək.

İlk Sovet İttifaqı Qəhrəmanı adını alan azərbaycanlı İsrafil Məmmmədovun, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun, əfsanəvi partizan, “Mixaylo” ləqəbli Mehdi Hüseynzadənin, sinəsini düşmən pülemyotuna sipər edən Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara alsa da, təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, Fransada qəhrəmanlıq göstərən Əhmədiyyə Cəbrayılovun şücaətləri xalqımıza xas mərdlik və igidliyin tərənnümü idi. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. 1945-ci ilin yanvarında isə sovet ordusunun Polşaya hücumu zamanı Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi... Çox sayda vətən övladları müxtəlif orden və medallarla təltif olundu.

Bu Qələbə həm də, Sovet İttifaqı tərkibində yaşamış xalqların birgə mənəvi sərvətidir. Böyük Qələbədən 75 il keçir. Bu gün Azərbaycan müstəqil dövlət kimi inkişaf edir. Lakin vətənimiz indi də müharibə vəziyyətindədir. Bir vaxtlar alman faşizminə qarşı mübarizə aparan Azərbaycan indi erməni faşizmi ilə ilə üz-üzədir.

2016-cı ilin Aprel döyüşləri, Cocuq Mərcanlının azad edilməsi göstərdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Əgər sülh danışıqları nəticəsiz qalarsa və Ermənistan təcavüzkar siyasətini həyata keçirməkdə davam edəcəksə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz sözünü deyəcək və o zaman Azərbaycan Silahlı Qüvvələri öz müqəddəs missiyasını layiqincə yerinə yetirərək pozulmuş ərazi bütövlüyümüzü bərpa edəcək.

Böyük Vətən müharibəsinin qalibləri bu amansız müharibədə böyük itikilər vermiş xalqlardır. Azərbaycan xalqı da bu Qələbənin qazanılmasına kifayət qədər böyük töhfələr verib, istər ön cəbhədə, istərsə də arca cəbhədə. Bu xalqımızın qürur tarixidir. Bu qələbə bizim şərəfli keçmişimizin göstəricisidir. İndi qarşımızda dayanan ən böyük vəzifələrdən biri xalqımızın bu Qələbənin əldə edilməsindəki tarixi xidmətlərini təbliğ etmək, nəsildən-nəsilə ötürməkdir. Prezident İlham Əliyevin dediyi kimi “Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik”.

Ziyad Səmədzadə, Milli Məclisin deputatı, AMEA-nın həqiqi üzvü

"Respublika" qəzeti, 23 iyun 2020-ci il