Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın əsərləri Ukraynada kitab şəklində nəşr olunub
13.11.2014 00:00
  • A-
  • A
  • A+

Görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın əsərləri Ukraynada kitab şəklində nəşr olunub

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünas, professor Mir Cəlalın əsərləri Ukrayna dilində “Yakiy obrati şlyax?” (“Yolumuz hayanadır?”) adlı kitab şəklində nəşr edilib.

Kitaba Mir Cəlalın “Yolumuz hayanadır?” romanı, “Bir gəncin manifesti” povestindən bir parça, “Salam, ana!”, “Sizə xoşbəxtlik arzu edirəm!” və başqa hekayələri, “Yetim”, “Əllər”, “Allah bilir” və s. lirik miniatürlər daxil edilib. Kitabda müəllifin tərcümeyi-halı ilə bağlı məlumatlar da yer alıb.

Azərbaycanın Kiyevdəki səfirliyinin təşəbbüsü ilə çap olunmuş kitabın tərtibçisi və redaktoru Azərbaycanın Ukraynadakı səfiri, dosent Eynulla Mədətlidir. Əsərləri Ukrayna dilinə İnna Sosnovçik tərcümə edib.

Nəşrə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin yazdığı “Böyük ədəbiyyata gedən yol” sərlövhəli ön sözdə deyilir: “Görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayev öz böyük istedadı və daimi yaradıcılıq axtarışları sayəsində milli nəsrin inkişafında yeni imkanlar kəşf edə bilib”. Akademik vurğulayır ki, istedadlı yazıçı və ictimai xadim Mir Cəlal Paşayev çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə fərqlənirdi. Bədii nəsrin, publisistikanın, ədəbiyyatşünaslıq elminin inkişafında onun böyük xidmətləri olub. Milli mətbuat tarixində Mir Cəlal publisistikasının özünəməxsusluğu ilk növbədə məzmunun anlaşıqlı və aydın, bədii palitranın geniş, dilin və üslubun cəlbedici olmasıdır. Mir Cəlal publisistikasının bəzi nümunələri öz ifadə məziyyətlərinə görə bədii hekayələr kimi qəbul edilirdi.

Qeyd edək ki, yaxın günlərdə Kiyevdə “Yolumuz hayanadır?” kitabının Ukrayna dilində nəşrinin təqdimatı keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: