Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvanda meyvə və üzüm genofondunun tədqiqi istiqamətində elmi araşdırmalar aparılır
01.07.2020 10:18
  • A-
  • A
  • A+

Naxçıvanda meyvə və üzüm genofondunun tədqiqi istiqamətində elmi araşdırmalar aparılır

Naxçıvan Muxtar Respublikası (MR) ərazisində yayılan yabanı və mədəni meyvə, giləmeyvə bitkilərinin genofondunun toplanılması, tədqiqi və səmərəli istifadə olunması yollarının müəyyənləşdirilməsi müasir dövrdə aktuallıq kəsb edən problemlərdən biridir. AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasında muxtar respublikanın tükənməz təbii sərvəti olan meyvə və üzüm genofondunun tədqiqi, qorunması, seleksiya yolu ilə zənginləşdirilməsi, aqrotexnikasının öyrənilməsi, iqtisadi əhəmiyyətli sortların müəyyənləşdirməklə istehsalata yönəldilməsi istiqamətində məqsədyönlü elmi araşdırmalar aparılır.

Bu barədə laboratoriyanın rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyev məlumat verib. O, Naxçıvanda meyvəçilik və üzümçülüyün müasir vəziyyəti və perspektivlərindən, bu elm ocağının qarşısına qoyulan məqsəd və vəzifələrdən, əldə olunmuş elmi və praktiki nəticələrdən danışıb.

Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası ərazisində 2003-cü ildən aparılan tədqiqatlar nəticəsində yabanı meyvə və giləmeyvə bitkilərindən, alma, armud, quşarmudu, yemişan, alça, gavalı, itburnu, zirinc, böyürtkən, qarağat, çaytikanı, itüzümü cinslərinə daxil olan növlərin sistematik tərkibi və yayılma zonaları öyrənilib, təbii ehtiyatı və səmərəli istifadə yolları araşdırılıb: “Hazırda Naxçıvanın florasında almanın bir növ, iki variasiya, 21 formasına, armudun 17 növ, 3 variasiyasına, zirincin 6 növ və 2 formasına, quşarmudunun 17, yemişanın 17, çaytikanının bir, böyürtkənin 3, itüzümünün 3, qarağatın 2, itburnunun 30, alçanın 4, gavalının isə 6 növünə yabanı halda rast gəlinir”.

V.Quliyev aparılan çoxillik tədqiqatlar nəticəsində ilk dəfə olaraq Azərbaycan və Naxçıvan MR floraları üçün yeni olan 6 fəsilə 9 cinsə aid 29 növ, 5 variasiya və 2 formanın müəyyən edildiyini vurğulayıb. Onun sözlərinə görə, tədqiqatlar nəticəsində növlərin təbii ehtiyatı hesablanıb və istifadə imkanları müəyyənləşdirilib.

“Müasir dövrdə muxtar respublikada meyvəçilik, həmçinin üzümçülük aqrar sektorun prioritet sahələrindəndir və bu istiqamətdə mühüm dövlət tədbirləri həyata keçirilməkdədir”, – deyə bildirən laboratoriya rəhbəri muxtar respublikada meyvəçiliyin genişləndirilməsi, əhalinin yerli meyvə məhsulları ilə etibarlı təminatının yaxşılaşdırılması istiqamətində qəbul edilən dövlət sənədlərindən bəhs edib. Bildirib ki, bu sahədə dövlət proqramlarına uyğun olaraq laboratoriyada meyvə genofondunun tədqiqi, sort tərkibinin müəyyənləşdirilməsi, tətbiqyönümlü sortların öyrənilməsi, seçilməsi və iqtisadi qiymətləndirilməsi məqsədilə mühüm araşdırmalar aparılıb.

V.Quliyev qeyd edib ki, tədqiqat dövründə muxtar respublikada tumlu, çəyirdəkli və qoz meyvələrinin genofondu tədqiq olunub, tətbiqyönümlü sortlar aşkarlanıb, hər bir ərazidə neçə sort və formanın yayıldığı müəyyən edilib, onlar üzərində qiymətləndirmələr aparılıb. Müəyyən edilib ki, ərazidə tumlu meyvələrdən alma, armud, heyva, əncir, əzgil, nar, tut, yemişan, çəyirdəkli meyvələrdən albalı, gilas, şaftalı, ərik, alça, zoğal, qoz, meyvələrdən isə qoz, badam, fındıq, püstə və başqa növlər geniş yayılıb. Ekspedisiyalar nəticəsində məlum olub ki, ərazidə müvafiq növlər üzrə tumlu meyvələrdən almanın 116, armudun 51, heyvanın 10, əzgilin 1, tutun 5, əncirin 4, narın 6, yemişanın 18 sortu, çəyirdəkli meyvələrdən gilasın 14, gilənarın 7, gavalının 14, zoğalın 1, alçanın 21, göyəmin 2, əriyin 31, şaftalının 14 sortu mövcuddur. Ərazidə, həmçinin qozun 26, püstənin 2, badamın 8, limonun 4 sortunun yayıldığı aşkarlanıb.

Son dövrlər Azərbaycanda, o cümlədən Naxçıvan MR-də üzümçülüyün genişləndirilməsinə böyük diqqət ayrıldığını deyən V.Quliyev laboratoriyada üzümçülüyün genofondunun öyrənilməsi, sort müxtəlifliyinin, perspektivli genotiplərin müəyyənləşdirilməsi, ampeloqrafik, genetik xüsusiyyətlərinin araşdırılması, iqtisadi qiymətləndirilmələrin aparılması, yeni sortların introduksiyası, kompleks davamlı və şaxtaya dözümlü sortların əldə olunması istiqamətində müxtəlif seleksiya üsulları ilə məqsədyönlü elmi-tədqiqat işlərinin aparıldığını diqqətə çatdırıb.

Qeyd edib ki, ilk dəfə olaraq “Üzümdə çiçəkləmə dövrü, qametogenez mərhələdə genom mutasiyasının alınması metodikası” işlənib hazırlanıb. Meyotik və mitotik poliploidləşmə üsulu ilə yeni autotetraploid genoma malik olan üzüm formaları alınıb. Eksperimental poliploidiya, hibridləşdirmə və klon seleksiyası yolu ilə yeni 30 hibrid, 17 klon, 8 autopoliploid üzüm formaları əldə olunub. 92 aborigen sortun və 14 yeni alınmış üzüm formasının beynəlxalq miqyasda genetik ehtiyatlar üzrə qeydiyyatı üçün müvafiq metodika əsasında ampelo-deskriptor xüsusiyyətlərinin təsviri hazırlanıb.

Bununla yanaşı, “Naxçıvan Muxtar Respublikasında aborigen üzüm sortlarının rəqəmsal ampeloqrafik təyini” üsulu hazırlanıb, 92 sortun rəqəmsal təyinatı aparılıb. Müxtəlif genetik üsullarla-klassik hibridləşdirmə yolu ilə 200-dən çox hibrid təbiətli üzüm formaları seçilib, eksperimental poliploidiya və klon seleksiyası yolu ilə məqsədyönlü seleksiya işləri aparılıb, təsərrüfat əhəmiyyətli, stress amillərə davamlı, yüksək məhsuldarlığa və şəkərliliyə malik olan 50-dən çox perspektivli formalar əldə olunub. Genofonda daxil olan 120-dən çox üzüm sortunun biomorfoloji, aqrotexnoloji xüsusiyyətlərinin və xəstəliklərə qarşı davamlılığı tədqiq edilib, beynəlxalq miqyasda qəbul edilmiş qaydada ampelo-deskriptor xüsusiyyətləri araşdırılıb, rəqəmsal ampeloqrafiya əsasında irsi əlamətləri kodlaşdırılıb və şifrələnib. İntroduksiya olunmuş 23 sortun adaptasiya olunma, əsas biomorfoloji və aqrobioloji xüsusiyyətləri araşdırılıb, muxtar respublika ərazisində üzümlüklərdə becərilməsi üçün 5 süfrə, 4 texniki istiqamətli daha perspektivli sortlar seçilib.

O, əlavə edib ki, Naxçıvan MR-in 28 üzüm sortu Azərbaycan Dövlət Aqrar Universitetinin təcrübə sahəsində, 42 sortu Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun təcrübə sahəsində, 24 aborigen üzüm sortu isə ABŞ-a aparılaraq Kaliforniya ştatında üzümlüklərdə əkilib.

Onun sözlərinə görə, aparılmış tədqiqatlarla bağlı laboratoriya əməkdaşları tərəfindən 70-dən çoxu xarici jurnallarda və beynəlxalq indeksli nəşrlərdə olmaqla 345 elmi əsər, 16 monoqrafiya nəşr edilib. Qeyd edib ki, laboratoriyada uzun illər aparılan elmi axtarışların nəticəsi olaraq 2 cilddə “Azərbaycan ampeloqrafiyası” və “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” adlı fundamental əsərlər çap olunub. 

Sonda V.Quliyev vurğulayıb ki, hazırda rəhbərlik etdiyi laboratoriyada muxtar respublikanın meyvə və üzüm genofondunun tədqiqi, tətbiqyönümlü sortların əldə olunması və istehsalata yönəldilməsi istiqamətində məqsədyönü elmi araşdırmalar davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: