Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvan Bölməsində xalçaçılığın tarixi və inkişafı ilə bağlı sistemli tədqiqatlar aparılır
07.07.2020 10:38
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində xalçaçılığın tarixi və inkişafı ilə bağlı sistemli tədqiqatlar aparılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə “Tədbirlər Planı” təsdiq edilib və görüləcək işlər müəyyənləşdirilib. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikasına aid təşkilatlar, nazirlik, komitə, təhsil müəssisələri ilə yanaşı, AMEA-nın Naxçıvan Bölməsinin də qarşısına bir sıra vəzifələr qoyulub. Belə ki, Naxçıvan Muxtar Respublikasında xalçaçılıq sahəsində aparılan elmi-tədqiqat işlərini sistemli şəklə salmaq üçün muxtar respublikanın Nazirlər Kabinetinin 25 iyul 2018-ci il tarixli qərarı ilə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun tərkibində Xalçaşünaslıq sektoru yaradılıb. Sektorda Naxçıvanda xalçaçılığın yaranması, keçdiyi inkişaf yolu, hazırkı vəziyyətinin öyrənilməsi və s. məsələlər başlıca vəzifələr kimi qarşıya qoyulub.

Bu barədə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli məlumat verib. O, bildirib ki, milli mədəniyyət tariximizin öyrənilməsində mühüm yer tutan xalçaçılıq sənəti hələ ən qədim dövrlərdən Naxçıvan diyarında da meydana gəlib və əsaslı inkişaf yolu keçib. Bu sənət növü xalq sənətkarları tərəfindən əsrlər boyu yaşadılıb, inkişaf etdirilib, zəmanəmizə qədər gəlib çatıb.

XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu sayda xalça və xalça məmulatı ixrac edildiyini deyən F.Səfərli qeyd edib ki, Orta əsrlər dövründə Naxçıvanda xalçaçılıq sənəti böyük şöhrət qazanıb və yüksək səviyyədə inkişaf edib.

“Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında da keçmiş mədəni irsə diqqət və qayğı artıb, xalq yaradıcılığı nümunələrinin, eləcə də xalçaçılığın inkişaf etdirilməsi üçün dövlət səviyyəsində bir sıra tədbirlər həyata keçirilib”, – deyən qurumun direktoru bildirib ki, bu tədbirlər Naxçıvan şəhərində və muxtar respublikanın müxtəlif yaşayış yerlərində yaradılan xalçatoxuma müəssisələrini, gənclərə xalçaçılıq sənətinin incəlikləri öyrədilən kursları, dərnəkləri xüsusilə qeyd etmək lazımdır. Əlavə edib ki, dövlətin diqqət və qayğısı nəticəsində Naxçıvan Dövlət Xalça Muzeyi yaradılıb, “Naxçıvan xalçaları”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabları çap olunub.

O, qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” 15 fevral 2018-ci il tarixli Sərəncamı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamı muxtar respublikada xalçaçılığın yüksək səviyyədə inkişafına müsbət təsirini göstərən mühüm dövlət sənədləridir.

Naxçıvan xalçaçılıq məktəbinin elmi cəhətdən və sistemli şəkildə araşdırılması, yeni elmi nəşrlərin hazırlanması, xalçaçılıq sahəsində unudulmaqda olan ənənələrin bərpası sahəsində tədqiqatlar aparılmasının bölmə əməkdaşlarının qarşısında mühüm vəzifə kimi qoyulduğunu vurğulayan F.Səfərli institutda Naxçıvanda xalçaçılığın yaranması, keçdiyi inkişaf yolu, hazırkı vəziyyəti ilə əlaqədar tədqiqatlar aparıldığını diqqətə çatdırıb. O, həmçinin sərəncama uyğun olaraq təsdiq olunmuş “Tədbirlər Planı”nda institut əməkdaşlarının üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində bir sıra işlər görüldüyünü qeyd edərək bildirib ki, xalçaçılıqla əlaqədar təsdiq edilmiş elmi-tədqiqat işi Dövlət Proqramına uyğun ardıcıl şəkildə yerinə yetirilir. Bununla yanaşı, 2019-cu ilin iş planına müvafiq olaraq Naxçıvanda xalçaçılıq sənətinin meydana gəlməsi istiqamətində araşdırmalar aparılıb.

Alim qeyd edib ki, ötən müddət ərzində əməkdaşlar tərəfindən xalçaçılıq sənəti ilə bağlı yaşlı nəsildən ənənəvi xalçaçılıq sənətinin bədii və texniki iş üsulları öyrənilib, xalçaçılıq, onun yaranması, inkişaf tarixi, xalça toxunmasında istifadə edilən naxışlar, ornamentlər, boyaqçılıq və s. ilə əlaqədar kütləvi informasiya vasitələrində çıxışlar olub və qəzet materialları, məqalələr dərc edilib. Tədqiqat materialları əsasında “Naxçıvanda xalçaçılıq: tarixdə və günümüzdə” adlı monoqrafiya çap olunub. Həmçinin institut əməkdaşları “Naxçıvan xalçaçılığı: keçmişdən günümüzə” adlı konfransda iştirak edib.

F.Səfərlinin sözlərinə görə, 2020-ci il üzrə təsdiq edilmiş elmi-tədqiqat işinə əsasən, “Naxçıvanda xalçaçılığın inkişaf tarixi” mərhələsi üzrə tədqiqatlar aparılır. Araşdırmalarda məlum olub ki, Azərbaycanın digər regionlarında olduğu kimi, Naxçıvanda da toxunan xalçalar xovsuz və xovlu texnikası ilə hazırlanıb, Naxçıvan zili, şəddə, vərni kimi xalça növlərinin yaradıldığı ilk mərkəzlərdən olub.

O, bildirib ki, tədqiqat ilində əməkdaşların Türkiyə Cümhuriyyətinin Mardin şəhərində keçirilən 3-cü Beynəlxalq Mardin Artuklu Elmi Araşdırmalar Konqresinə göndərilən məruzənin tam mətni beynəlxalq tədbirin materiallarında işıq üzü görüb. Həmçinin toxuculuq sənəti ilə bağlı Vikipediyada xalçaçılıq, xalçalar üzərində toxunan naxışlar, ornamentlər və kitabələr ilə bağlı material yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: