Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Fikrət Əliyevin koordinatoru olduğu layihə “Horizon 2020” üzrə beynəlxalq qrant müsabiqənin qalibi olub
07.07.2020 13:11
  • A-
  • A
  • A+

Akademik Fikrət Əliyevin koordinatoru olduğu layihə “Horizon 2020” üzrə beynəlxalq qrant müsabiqənin qalibi olub

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsi və Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutu əməkdaşlarının tərəfdaş olduğu və “Horizon 2020” beynəlxalq qrant proqramına xarici həmkarlarla birgə təqdim edilmiş “Spektral Optimallaşdırma: riyaziyyatdan fizika və yüksək texnologiyaya” (SOMPATY – Spectral Optimization: From Mathematics to Physics and Advanced Technology) adlı layihə qalib elan olunub.

Almaniyanın İlmenau Texniki Universitetinin koordinatorluğu ilə yerinə yetiriləcək layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Proqramda Almaniya, Çex Respublikası və Ukraynanın müvafiq qurumları iştirakçı, Azərbaycan, Belarus, Qazaxıstan və Özbəkistan qurumları isə tərəfdaş qismində iştirak edirlər.

Məqsəd iştirakçı və tərəfdaş ölkələrin ali məktəbləri, elmi tədqiqat mərkəzləri arasında kadr mübadiləsi, müştərək elmi tədqiqatların aparılması və təlimlərin təşkil olunmasıdır.

Qrant layihəsində Azərbaycanı BDU-nun Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev (layihənin Azərbaycan üzrə koordinatoru), həmin institutun elmi katibi, dosent Nərgiz Səfərova, aparıcı elmi işçisi, dosent Qəmər Məmmədova, aparıcı elmi işçisi Nazilə Hacıyeva, Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov, Hesablama riyaziyyatı kafedrasının dosenti Elvin Əzizbəyov, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının əməkdaşı Aysel Ramazanova təmsil edirlər.

Aprelin 1-dən reallaşdırılan layihə 2024-cü il martın 31-dək davam edəcək. Layihənin büdcəsi 883 200 avro, maliyyələşmə sxemi isə Mari Skladovskaya Küri Tədqiqat və İnnovasiya üzrə Əməkdaşların Mübadiləsi (Research and Innovation Staff Exchange) əsasındadır.

Layihə haqqında ətraflı məlumatı cordis.europa.eu linki vasitəsilə əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: