Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı alim Azərbaycan televiziyasında Kür çayı ilə bağlı problemlərdən danışıb
07.07.2020 12:30
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim Azərbaycan televiziyasında Kür çayı ilə bağlı problemlərdən danışıb

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, c.ü.f.d., dosent Məhərrəm Həsənov Azərbaycan televiziyasında yayımlanan “Telesəhər” proqramının qonağı olub. 

Coğrafiyaçı alim verilişdə Kür çayında suyun səviyyəsinin aşağı enməsi məsələlərinə aydınlıq gətirib. Bildirib ki, Azərbaycanın su ehtiyatının 70 faizi qonşu ölkələrdə formalaşıb ölkəyə gələn suyun səviyyəsindən asılıdır. 2014-cü ildən başlayaraq son 6 il ərzində Azərbaycana daxil olan Kür suyunun həcmi 25 faiz azalıb.

Bir neçə gün öncə akademik Ramiz Məmmədovla Kür ətrafı ərazilərdə çayı tədqiq edərkən Neftçala, Salyan rayonlarında 60 km ərazidə Xəzərin Kürə qarışdığını müşahidə etdiklərini deyən mütəxəssis sakinlərin şirin su qıtlığından əziyyət çəkdiklərini qeyd edib.

Alim yaranmış vəziyyəti düzəltmək üçün təcili olaraq Kürün deltasını Xəzər dənizinə qovuşan yerdə asılı materiallar və gildən təmizləməyin vacib olduğunu vurğulayıb. Qeyd edib ki, əks təqdirdə, Kürün suyu artarsa, bu, daşqınlara səbəb ola bilər. M.Həsənov bildirib ki, qlobal istiləşmə ilə əlaqədar buxarlanmanın artması, buzlaqların, eləcə də yağıntıların azalması da Kürdə suyun səviyyəsini aşağı salan səbəblərdəndir.

M.Həsənov, həmçinin istifadə olunmuş suyun təmizləndikdən sonra dənizə axıdılmasını israfçılıq hesab edərək, onun təkrar emalının məqsədəuyğun olduğunu deyib. O, hər kəsi suyun istifadəsində qənaətcil olmağa səsləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: