Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Cavidşünaslıq” elmi araşdırmalar toplusunun növbəti cildləri nəşrə hazırlanıb
07.07.2020 13:13
  • A-
  • A
  • A+

“Cavidşünaslıq” elmi araşdırmalar toplusunun növbəti cildləri nəşrə hazırlanıb

AMEA-nın Hüseyn Cavidin Ev-Muzeyi tərəfindən “Azərbaycan və türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” adlı layihə çərçivəsində “Cavidşünaslıq” elmi araşdırmalar toplusunun növbəti beş cildi - XXI-XXV cildləri nəşrə hazırlanıb.

Növbəti cildlər üçün 2012-2015-ci illər cavidşünaslığına dair materiallar toplanılıb, sistemləşdirilərək ümumiləşdirilib və nəşrə hazırlıq mərhələsinə təqdim olunub.

Toplunun XXI cildinə 2012-ci ildə Hüseyn Cavidin 130 illik yubileyi, zəngin bədii irsi və şəxsiyyəti, pyeslərinin səhnə həyatı haqqında yazılmış məqalələr, xatirələr, internet materialları daxil edilib.

Cavidşünaslıqda 2013-cü ildə aparılmış tədqiqatlar, xüsusən də şairin həyat və yaradıcılığına dair dövri mətbuatda dərc olunan mühüm yazılar XXII cilddə yer alıb. Toplunun XXIII cildində 2013-cü il mayın 16-18-də Hüseyn Cavidin Ev-Muzeyinin iştirakı ilə Bakıda təşkil olunmuş “Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy və Hüseyn Cavid” adlı beynəlxalq elmi konfransın materialları verilib.

Oxucular XXIV cilddə Hüseyn Cavidin həyat və yaradıcılığının müxtəlif problemlərinə həsr olunmuş və 2013-2014-cü illərdə müxtəlif mənbələrdə işıq üzü görmüş elmi, elmi-publisistik, ədəbi-bədii materiallarla tanış olacaqlar. XXV cildə 2014-2015-ci illərin cavidşünaslıq materialları daxil edilib.

Çoxcildliyin elmi məsləhətçisi AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, layihə rəhbəri akademik Teymur Kərimli, tərtibçi-müəllifi isə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: