www.science.az
08.07.2020 10:39

Ədəbiyyat İnstitutunun Elmi şurasının onlayn iclasında bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib. AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəylinin sədrlik etdiyi iclasda direktor müavinləri, elmi katib, şöbə müdirləri və digər aidiyyəti əməkdaşlar iştirak ediblər.

Əvvəlcə akademik İsa Həbibbəyli gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına müvafiq olaraq Ədəbiyyat İnstitutunun Fəaliyyət planı müzakirə edilib. İnstitutun Mətbuat tarixi və publisistika şöbəsində hazırlanmış “Molla Nəsrəddin” ensiklopediyasının sərəncamın icrası istiqamətində görülən işlərə töhfə olduğu bildirilib.

İclasda akademik İ.Həbibbəyli pandemiya dövründə institutun şöbələrinin yerinə yetirdikləri elmi tədqiqat işləri ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.

Daha sonra müəssisənin Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Ədəbi proses-2019” yaradıcılıq müşavirəsinin məruzələrinin hazırlıq vəziyyəti barədə məlumat verib.

Azərbaycan ədəbiyyatı tarixi on cildliyinin ikinci cildinin çapa hazırlıq vəziyyəti barədə akademik İsa Həbibbəyli və professor İmamverdi Həmidov çıxış edib, cildin artıq nəşrə hazır olduğunu qeyd ediblər.

Sonra Azərbaycan ədəbiyyatı tarixi 7 cildliyinin V cildinin çapa hazırlanmasına dair müzakirələr aparılıb. Bununla yanaşı, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş Xüsusi buraxılışının çapa hazır olduğunu bildirib.

Tədbirdə  rəhbərlik və elmi şura iştirakçıları institutun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmmədi 60 illiyi münasibətilə təbrik ediblər.

İclasda, həmçinin institutun Türk xalqları ədəbiyyatı şöbəsində hazırlanmış “Muxtar Auezov: həyatı və yaradıcılığı” kollektiv monoqrafiyası, Uşaq ədəbiyyatı şöbəsində hazırlanmış “Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası”, fil.e.d. Almaz Ülvi Binnətovanın “Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri)”, eləcə də institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlinin “Çingiz Aytmatov fenomemi və Azərbaycan” monoqrafiyaları çapa tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.