Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanın Neolit dövrü əhalisinin genomu üzrə tədqiqatların ilkin nəticələri dərc edilib
08.07.2020 11:32
  • A-
  • A
  • A+

Azərbaycanın Neolit dövrü əhalisinin genomu üzrə tədqiqatların ilkin nəticələri dərc edilib

“Elsevier” sisteminə daxil olan yüksək impakt faktorlu “Cell” elmi jurnalının builki 181-ci cildinin 5-ci sayında “Anadolu, Şimali Levant və Cənubi Qafqazın Neolitindən Tunc dövrünədək genom tarixi” adlı beynəlxalq elmi tədqiqat layihəsinin ilkin nəticələrinə həsr olunmuş məqalə dərc edilib. Məqalənin beynəlxalq müəllif kollektivinə Azərbaycan, Almaniya, Türkiyə, İtaliya, ABŞ, İngiltərə, Fransa, Avstraliya və Cənubi Koreyanı təmsil edən tanınmış arxeoloqlar və genetiklər daxildir. Müəllif heyətində Azərbaycanı AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Tufan Axundov və Elmi ekspozisiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev təmsil ediblər.

Məqalədə nəticələri əks olunmuş tədqiqata Ön Asiya ərazisində Neolit, Xalkolit, Tunc və Erkən Dəmir dövrlərinə aid insan qalıqlarından götürülmüş nümunələr cəlb edilib.

Tədqiqata cəlb edilmiş Azərbaycan ərazisindəki Neolit dövrünə aid Şomutəpə mədəniyyətinin Menteştəpə (t.ü.f.d. F.Quliyev və fransalı arxeoloq, doktor B.Lyonnetin tədqiqatları) və Qarabağ Neoliti mədəniyyətinin Polutəpə (t.e.d.T.Axundovun tədqiqatları) abidələrində aşkar olunmuş insan qalıqlarından nümunələrin genetik analizi elmə yeni faktları məlum edib.

Müəyyən olunub ki, Neolitin sonunda Anadolu və Cənubi Qafqaz genofondu qarşılıqlı təsir proseslərinin məcmusu kimi təzahür edib. Həmçinin arxeogenetik tədqiqatlar, müasir Suriyanın şimal-qərbində quyu qəbirdə aşkar edilmiş insan qalıqları İlk Tunc dövrünün sonunda müasir İran və Türkmənistanın həmsərhəd arealından miqrasiyanın olduğunu göstərir. Hələlik bu cür fakt yeganə olduğu üçün “fərdi miqrasiya faktı” kimi dəyərləndirilib. Beləliklə, tədqiqatlar miqrasiyaların Son Neolitdə qarşılıqlı istiqamətlər üzrə getməsi barədə nəticəni ortaya çıxarır.

Qeyd edək ki, məqalədə əksini tapmış nəticələr Maks Plank adına Təbiətşünaslıq İnstitutunun Arxeogenetika departamenti laboratoriyasının layihəsi üzrə aparılan tədqiqatların ilkin mərhələsinə daxildir. İlin sonunda azərbaycanlı tədqiqatçıların da daxil olduğu tədqiqatlara əsasən regionun Son Tunc və Erkən Dəmir dövrü əhalisinin genetik nümunələrinin analizi üzrə nəticələri elmi ictimaiyyətə açıqlanacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: