Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Həbibulla Şahtaxtinskinin 120 illiyinə həsr olunan onlayn elmi konfrans keçirilib
08.07.2020 12:32
  • A-
  • A
  • A+

Akademik Həbibulla Şahtaxtinskinin 120 illiyinə həsr olunan onlayn elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, akademik Həbibulla Şahtaxtinskinin anadan olmasının 120 illiyinə həsr olunan onlayn elmi konfrans keçirilib.

Tədbiri institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev açaraq alimin həyat və fəaliyyətindən, onun kimya elminin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Həbibulla Şahtaxtinskinin elmi fəaliyyəti analitik kimya və qeyri-üzvi maddələrin texnologiyası sahələrini əhatə edir. Onun rəhbərliyi ilə metallurgiya sobalarından atmosferə buraxılan tullantı qazlarından qazvari reduksiyaedicilərlə sərbəst kükürdün alınma texnologiyası işlənilib hazırlanmış və yarımsənaye qurğusunda sınaqdan keçirilmişdir.

Qeyd olunub ki, Həbibulla Şahtaxtinskinin apardığı elmi və praktiki araşdırmaların nəticələri alimin “Zəylik yatağı süxurlarından alüminium duzlarının alınması”, “Alunitin kompleks emalından qalliumun alınması”, “Maqnezium və kalsiumun arsenat metodu ilə təyini”, “Miqdari kimyəvi analiz” və digər əsərlərində yer alıb. 7 monoqrafiya və dərsliyin, 380 elmi əsərin müəllifi olan akademikin rəhbərliyi ilə 3 elmlər doktoru, 35 fəlsəfə doktoru hazırlanıb.

Məruzəçi bildirib ki, kimyaçı alimin “Miqdari kimyəvi analiz” kitabı bu gün də elmi işçilərin, pedaqoji fəaliyyətlə məşğul olan mütəxəssislərin və tələbələrin stolüstü dərs vəsaitlərindən biridir.

Daha sonra institutun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva “Akademik Həbibulla Şahtaxtinskinin həyatı”, Əhməd Qarayev “Həbibulla Şahtaxtinskinin analitik və qeyri-üzvi kimya texnologiyasının nəzəri və təcrübi problemlərinin həlli yolları sahəsində yaradıcılığı” və Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov “Akademik Həbibulla Şahtaxtinskinin “Miqdari kimyəvi analiz” kitabının əhəmiyyəti haqqında” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda institutun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev çıxış edərək görkəmli alimlə bağlı xatirələrini bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: