Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.11.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində akademik Həmid Araslının xatirəsi anılıb

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində akademik Həmid Araslının xatirəsi anılıb

Bu gün AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Türk Dil Qurumunun həqiqi üzvü, İraq Elmlər Akademiyasının fəxri üzvü, İordaniya Kral Cəmiyyətinin üzvü, Azərbaycan və Özbəkistan respublikalarının əməkdar elm xadimi, görkəmli ədəbiyyatşünas alim, akademik Həmid Araslının anadan olmasının 105 illiyinə həsr edilmiş elmi sessiya keçirildi.

Öncə XX əsr Azərbaycanın elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən olan H.Araslının elmi yaradıcılığına həsr olunmuş sərgi nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə açan muzeyin dirktoru, akademik Rafael Hüseynov görkəmli alimin şərəfli həyat yolundan, elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatı tarixinin formalaşmasında və inkişafındakı misilsiz xidmətlərindən söhbət açdı. Bildirdi ki, Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində ədəbiyyatşünas alimin müstəsna xidmətləri olmuşdur. H.Araslı yarım əsrlik tədqiqatçılıq və ədəbiyyatşünaslıq fəaliyyəti dövründə Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar aparmış, xalqımızın ölməz abidəsi olan “Kitabi-Dədə Qorqud"un Azərbaycanda ilk tədqiqatçısı kimi tanınmış, böyük Azərbaycan şairi Nizami Gəncəvi, Məshəti Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Nemətullah Pişəvari, Şah İsmayıl Xətai, Saib Təbrizi, Molla Vəli Vidadi, Molla Pənah Vaqif və digər şairlər barədə sanballı araşdırmaları ilə ədəbiyyatşünaslıq elmini zənginləşdirmişdir. İlk elmi əsərini 1935-ci ildə nəşr etdirən alim elmimizin cəfakeşlərindən biri olmuşdur.

R.Hüseynov qeyd etdi ki, H.Araslı elmi-tədqiqat işləri ilə təşkilatçılıq fəaliyyətini özündə birləşdirən elm adamlarından idi. O, Azərbaycanın mədəni-ictimai həyatında yaxından iştirak etmişdir. Alimin Nizami adına Ədəbiyyat Muzeyinin yaranmasında göstərdiyi xidmətlərdən danışan R.Hüseynov bildirdi ki, H.Araslı 1940-cı ildən öz elmi-təşkilati fəaliyyətini bu muzeylə bağlamış, əvvəlcə elmi katib, sonra elmi işlər üzrə direktor müavini, 1960-1968-ci illərdə isə direktor vəzifələrində çalışmışdır: “Nizami muzeyinin tarixində H.Araslının adı şərəfli mövqe tutur. Muzeyin ilk qurucularından olan alimin həyatının müəyyən illəri bu elmi qurumla bağlı olmuşdur. Muzeyin sağlam təməl üzərində qurulmasının əsas səbəbkarı H.Araslı olmuşdur. O, həm Azərbaycan ədəbiyyatının öyrənilməsini və gələcək inkişafının istiqamətlərini müəyyənləşdirmiş, həm də bunun muzeydə əks olunmasının layihəsini ortaya qoymuşdur”.

Tədbirdə çıxış edən filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli, filologiya üzrə fəlsəfə doktorları Gülzar Məmmədova, Kəmalə Zeynalova və Kübra Şamilova H.Araslı yaradıcılığından ətraflı söz açdılar, onunla bağlı xatirələrini bölüşdülər.

Sonda çıxış edən alimin qızı, AMEA Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Nüşabə Araslı atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: