www.science.az
10.07.2020 13:39

Muzeydə Tutuxanım Məmmədovanın 70 illiyi qeyd olunub

İyulun 2-də AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmin inkişafı və tədris layihələri şöbəsinin elmi işçisi Tutuxanım Məmmədovanın 70 yaşı tamam olub.

Bu münasibətlə karantin rejiminin tələbləri nəzərə alınmaqla muzeyin həyətində T.Məmmədovanın yubileyi qeyd edilib.

Mərasimdə çıxış edən Nizami muzeyinin direktoru, akademik Rafael Hüseynov T.Məmmədovanın gərgin əmək fəaliyyətindən, gördüyü işlərdən bəhs edib. Bildirib ki, uzun illər muzeyin bələdçisi olan Tutu xanımın apardığı ekskursiyalar tamaşaçıların yaddaşına həkk olunub. Eyni zamanda, onun yeni nəsil bələdçilərin yetişməsində özünəməxsus rolu vardır. 

Daha sonra akademik Rafael Hüseynov yubilyarı təbrik edərək, “Sözümüz” adlandırılmış xüsusi təbriknaməni ona təqdim edib. Muzeyin direktoru Şah İsmayıl Xətainin öz fərman, əmr və məktublarını “Sözümüz” başlığı ilə yazdığını xatırladıb: “Biz də bu ənənədən istifadə edərək təbrik məktubumuzu, ürək sözlərimizi kollektivin adından “Sözümüz” başlığı ilə Tutu xanıma təqdim edirik”.

Təbriknamədə yarım əsrdən artıq müddətdə muzeydə çalışan T.Məmmədovanın kollektivə gəldiyi ilk çağlardan tutmuş son dövrədək çəkilmiş fotolarından ibarət kollaj əks olunmuşdu. Həmçinin muzey əməkdaşlarının ortaq duyğularını ifadə edən təbrik məktubunda yubilyarın 1967-ci ildə muzeydə zal baxıcısı kimi fəaliyyətə başladığı, Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra isə onun yenidən Nizami muzeyinə qayidaraq burada izahatçı işlədiyi bildirilir. Qeyd olunur ki, Tutu xanım 53 illik muzey fəaliyyətində saysız-hesabsız ekskursiyalar, görüş və tədbirlər təşkil edib, neçə-neçə kitab və məqalələr ərsəyə gətirib.

Tədbirdə muzeyin Ekspozisiyanın qorunması, izahı və audiomüşayiətin təmini şöbəsinin müdiri Tomris Babanlı çıxış edərək yubilyarla bağlı xoş xatirələrini bölüşüb.

Muzeyin digər əməkdaşları da T.Məmmədovanı təbrik edib, ona möhkəm can sağlığı, fəaliyyətində uğurlar arzulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.