Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Sahilyanı dövlətlərin xarici siyasətində Xəzər problemi (XX əsrin sonu – XXI əsrin əvvəlləri)” adlı kitab nəşr olunub
13.07.2020 11:10
  • A-
  • A
  • A+

“Sahilyanı dövlətlərin xarici siyasətində Xəzər problemi (XX əsrin sonu – XXI əsrin əvvəlləri)” adlı kitab nəşr olunub

AMEA-nın Tarix İnstitutunun elmi-tədqiqat planına uyğun olaraq, bu günlərdə tarix üzrə fəlsəfə doktoru Mahir İbrahimovun “Sahilyanı dövlətlərin xarici siyasətində Xəzər problemi (XX əsrin sonu – XXI əsrin əvvəlləri)” adlı kitabı çap olunub.

Kitabın "Ön söz"ünün müəllifi akademik Yaqub Mahmudov, elmi redaktorları tarix elmləri doktoru Pərvin Darabadi və tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovdur.

Monoqrafiya Azərbaycanın beynəlxalq münasibətlər tarixinin aktual məsələlərindən birinə çevrilən Xəzər problemi və onun ətrafında cərəyan edən proseslərin tədqiqinə həsr edilib. Tədqiqatın başlıca məqsədi Xəzəryanı ölkələrin mövcud problem üzrə yürütdükləri xarici siyasət kursunda əlaqələrin müasir vəziyyətini qiymətləndirmək, Xəzəryanı dövlətlər üçün bu məsələnin tarixi əhəmiyyətini müəyyənləşdirmək, onun həllində Azərbaycan və digər Xəzəryanı dövlətlərin ortaya qoyduqları mövqelərin obyektiv təhlilini vermək, habelə mövcud siyasi, iqtisadi, elmi-mədəni münasibətləri qarşılıqlı və kompleks şəkildə araşdırmaqdır.

Əsərdə bölgənin təhlükəsizliyində Xəzər probleminin həllinin vacibliyi konkret faktlarla göstərilir və bu prosesdə ulu öndər Heydər Əliyevin digər dövlətlərlə apardığı danışıqların, çevik siyasi manevrlərin mahiyyəti açılır. Bildirilir ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Xəzər diplomatiyası Azərbaycanın bugünkü rifah və firavanlığının əsas təminatlarından biridir.

Tarix İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan monoqrafiya beynəlxalq münasibətlər tarixi və siyasi elmlərlə məşğul olan mütəxəssislər, elmi işçilər, doktorantlar, tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: