Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan Ordusu istənilən vaxt ərazi bütövlüyümüzü bərpa etmək qüdrətindədir
16.07.2020 12:09
  • A-
  • A
  • A+

Azərbaycan Ordusu istənilən vaxt ərazi bütövlüyümüzü bərpa etmək qüdrətindədir

İqtisadi böhranla yanaşı, pandemiya şəraiti Paşinyanı ölkədəki vəziyyətdən xalqının fikrini yayındırmaq üçün daha bir cahil hərəkət etməyə vadar etdi. Ermənistan rəhbərliyi Azərbaycan-Ermənistan sərhədində atəşkəsi pozmağa cəhd etdi və aldığı layiqli cavabla başını əngələ saldı. Olmayan ağlı ilə nə edəcəyini bilməyən Nikol Paşinyan ölkədəki gərginliklə kimə “daş” atacağını unutdu. Yoxsa Azərbaycan tərəfindən üst-üstə yediyi şillələr ona ağırlıq etdi?

Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Vətənə, dövlətə sədaqət ilə seçilən Azərbaycan Silahlı Qüvvələri Qafqaz regionunda ən güclü, müasir tələblərə cavab verən qüdrətli bir orduya çevrilib. Heç kəsə sirr deyil ki, Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilir. Azərbaycan Ordusunun zirehli texnikası, hava hücumundan müdafiə sistemləri, yeni nəsil artilleriya qurğuları, gözətçi və hərbi gəmiləri, müasir standartlara cavab verən döyüş təyyarələri, döyüş pilotsuz uçuş aparatları, hərbi helikopterləri və digər sadalamadıqlarımız hərbi silahları düşmənin bütün hərbi obyektlərinə ağır zərbələr endirməyə, məhv etməyə qadirdir. Bütün bunlar Silahlı Qüvvələrimizə göstərilən diqqətin əyani nəticəsi olmaqla yanaşı, Azərbaycan Ordusunun güc və qüdrətindən xəbər verir.

İstər 2016-cı il aprel döyüşləri, istərsə də 2018-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordu tərəfindən aparılmış əməliyyatlar ermənilərə heç bir zaman yaddaşlarından silinməyəcək zərbələr endirib. Bu gün lazım gəlsə qüdrətli ordumuz şücaəti ilə özünü göstərəcək. Necə ki, yeri gəldikcə, lazım olduqca göstərir. İstənilən vaxt ərazi bütövlüyümüzü bərpa etmək qüdrətinə qadir olan Azərbaycan Ordusu Tovuz rayonu istiqamətində hücuma keçən mənfur erməni faşistlərinə layiqli cavab verdi. Şanlı tariximizə adını qızıl həriflərlə yazdıran və gənc nəsil üçün bir nümunə olan igid, qəhrəman oğulların qisasını aldı.

Tarixə Aprel döyüşləri və ordumuzun peşəkarlığı nəticəsində uğurlu Naxçıvan əməliyyatı-Günnüt zəfəri və tarixi yaddaşlara həkk olunan bir çox zəfər yürüşləri xalqımızın orduya olan inamını artırır və gənclərin hərbi vətənpərvərlik ruhunu, dövlətə sədaqətini yüksəldir. Azərbaycan ərazisinin bütövlüyünün qorunub saxlanılmasında qəhrəman, igid oğullarımızın davamçıları, qəlbi vətənpərvərlik ruhu ilə döyünən gənclər bu gün qürur doğuran addım ataraq cəbhəyə can atır, erməniləri isə döyüşdüyü ərazilərdən qaçmağa vadar edirlər.

Ölkə Prezidenti İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşən xalq ərazi bütövlüyü uğrunda öz vəzifəsini yerinə yetirməkdədir. Əsgərlərimiz Vətəni qorumaqla, peşəsindən asılı olmayaraq hər bir kəs isə ölkəmizin uğurlu gələcəyi üçün işi ilə öz töhfəsini verməyə çalışır. Belə də olmalıdır. Biz birlikdə güclüyük.

İlkin Vəlibəyov, AMEA-nın Naxçıvan Bölməsinin Seysmoloji xidmət şöbəsinin müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: