Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 132-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
27.10.2014 00:00
  • A-
  • A
  • A+

Görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 132-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

Oktyabrın 24-də dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 132-ci ildönümü münasibətilə təməli ulu öndər H.Əliyev tərəfindən qoyulan ənənəvi tədbirin növbəti yığıncağı AMEA Hüseyn Cavidin Ev Muzeyi və Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin (YİH) birgə təşkilatçılığı ilə ədibin abidəsi önündə keçirildi. Tədbirdə Cavidşünaslar, musiqişünaslar, bədii qiraət ustaları, bir sıra dövlət və mədəniyyət xadimləri iştirak edirdilər. Tədbir iştirakçıları H.Cavidin abidəsinin önünə tər güllərdən hazırlanmış əklillər qoydular. Bakı şəhəri YİH başçısının I müavini Səməd İslamov tədbiri giriş sözü ilə açaraq dramaturqun həyat və yaradıcılığı, zəngin ədəbi irsi haqda ətraflı məlumat verdi. Daha sonra akademik Teymur Kərimli çıxış edərək Hüseyn Cavidin XX əsr Azərbaycan dramaturgiyasının inkişafındakı əvəzsiz xidmətlərindən söz açdı.

Tədbirdə Muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı çıxış edərək bildirdi ki, Hüseyn Cavidin yaradıcılığı, onun zəngin irsi təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə də tədqiq və təbliğ olunur. Bu il Muzeyin təşəbbüsü ilə ingilis dilinə tərcümə edilmiş “Şeyda” və “Topal Teymur” əsəri ABŞ-ın Çikaqo Universitetində tədris olunacaq. O, bildirdi ki, H.Cavidin istedadlı qızı, Cavidlər ailəsinin layiqli davamçısı olan Turan Cavidin anadan olmasının 91-ci ildönümü münasibətilə Muzeyin “Turan Cavid. Ömür salnaməsi” adlı kitabı işıq üzü görüb. Kitabda T.Cavidin ümummilli lider H.Əliyevə ünvanladığı məktubları, ulu öndərin T.Cavidə yubiley münasibətilə göndərdiyi təbrik məktubları, Hüseyn Cavidin Ev Muzeyinin açılışında H.Əliyevin xatirə kitabına yazdığı ürək sözləri, T.Cavidin tərcümeyi-halı, həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkilləri, T.Cavidin qeyd dəftərindən olan əlyazmaları, diplomları, təltifləri, təbrik məktubları, avtoqrafları, bir sözlə bütün həyatı və yaradıcılığını əks etdirən fotolar və başqa sənədlər araşdırılaraq təqdim edilmişdir.

G.Babaxanlı çıxışında bildirdi ki, Cavidlər ailəsinin ensiklopedik zəkası Ərtoğrol Cavidin 1938-1941-ci illərdə professor Ü.Hacıbəylinin və professor Bülbülün rəhbərliyi altında Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Musiqi Elmi-Tədqiqat Kabinetində çalışdığı müddətdə toplayıb təhlil etdiyi əlyazmalar əsasında Hüseyn Cavidin Ev Muzeyi 10 cilddə “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyini 2011-ci ildə nəşr etdirmişdir. Bu il, eyni zamanda Ə.Cavidin 95 illiyi münasibətilə toplunun növbəti 3 cildi olan “Balaman məktəbi”, “Ərtoğrol Cavidin nota köçürdüyü el mahıları” və “Ərtogrol Cavidin yarımçıq qalmış musiqi əsərləri” kitabları da hazırlanıb çapa təqdim edilmişdir.

Tanınmış cavidşünas alim Kamran Əliyev, xalq şairi Nəriman Həsənzadə, İstanbul Azərbaycan Kültür Evinin rəhbəri, şair Hikmet Elp, H.Cavidin nəşinin Sibirdən vətənə gətirilməsində yaxından iştirak edən Həmid Cəfərov, Hüseyn Cavid ədəbi məclisinin rəhbəri, Kamalləddin Qədim çıxış edərək H.Cavidin nəsillərə örnək olacaq zəngin və təkrarsız yaradıcılığının zaman keçdikcə daha çox aktuallıq kəsb etdiyini bildirdilər və xalqımızı bu əziz gün münasibətilə təbrik etdilər.

Tədbir konsert proqramı ilə davam etdi. Xalq artisti Mələkxanım Əyyubovanın, əməkdar artist Nuriyyə Hüseynovanın ifasında H.Cavidin sözlərinə bəstələnmiş mahnılar səsləndirildi. Cavidsevər Qəndab Əhmədova H.Cavidin şeirlərindən parçalar səsləndirdi.

Sonda “Turan Cavid: Ömür Salnaməsi” kitabının təqdimat mərasimi keçirildi və kitab tədbir iştirakçılarına hədiyyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: