Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Eldar Novruzov: Alimlər dövlət başçısının daxili və xarici siyasətini dəstəkləyir
23.07.2020 10:30
  • A-
  • A
  • A+

Eldar Novruzov: Alimlər dövlət başçısının daxili və xarici siyasətini dəstəkləyir

Cari ilin may ayında Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatına üzv ölkələrin Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə görüşü keçirilib. “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən videokonfransda Prezident tərəfindən BMT Bas Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü irəli sürülüb. Bu təklif Qoşulmama Hərəkatına üzv olan 120 ölkədə yekdilliklə bəyənilib və həmin ölkələr adından BMT-nin Baş katibi Antonio Quterreşə müraciət edilib. Xüsusi sessiyanın çağırılması üçün BMT-nin üzvü olan 197 ölkədən 97-nin razılığı kifayət idi. Lakin qısa zaman ərzində 130 ölkə öz razılığını rəsmi şəkildə bildirib və məsələnin vacibliyi vurğulanıb. Bu təşəbbüsə qarşı çıxış edən yeganə ölkə Ermənistan olub. Əlbəttə, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu Ermənistanı çox narahat edir. Bütün dünya COVID-19-a qarşı mübarizədə həmrəyliyin vacibliyini bildirdiyi halda, Ermənistan bu çıxışı ilə özünün əsl irticaçı simasını bir daha nümayiş etdirdi.

Azərbaycan Prezidentinin təşəbbüsü dünya miqyasında yüksək qiymətləndirilərək, Qoşulmama Hərəkatının gündəliyinə tarixi hadisə kimi daxil oldu.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Botanika İnstitutunun direktor müavini Eldar Novruzov söyləyib. O bildirib ki, son günlər mənfur qonşularımızın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozmaları və törətdikləri hərbi təxribatlar ilk dəfə deyildi. Son bir neçə ayda belə təxribatlar nəticəsində hərbi qulluqçularımız və mülki vətəndaşlarımız həlak olub. Biz müharibə istəmirik və başqalarının bir metr torpağında da gözümüz yoxdur. Ermənistan isə tarixboyu Azərbaycana qarşı ərazi iddiasında olub və mənfur niyyətini bu gün də davam etdirməkdədir. Hazırda Ermənistan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu işğal altında saxlayır. Bu, azmış kimi iyulun 12-də Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını pozaraq, qəfildən Azərbaycanın Tovuz rayonu sərhədindəki strateji əhəmiyyətli yüksəklikləri ələ keçirməyə cəhd edib. Ancaq qüdrətli ordumuz tərəfindən, əlbəttə ki, itkilər olsa da, düşmən geri çəkilməyə məcbur edilib.

Bu təxribatların başlıca səbəbi nədir? Əsas səbəb, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzuna qarşı dura bilməməsi, öz iflasa uğrayan daxili siyasətini ört-basdır etmək, təcavüzkar xarici siyasətini möhkəmləndirmək və Azərbaycan ərazilərinin işğal altında saxlanılmasına görə daşıdığı məsuliyyətdən beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa yönəldilmiş yeni cəhdidir. Ermənilər hələ də dərk edə bilmirlər ki, Azərbaycan Respublikası öz ərazilərinin beynəlxalq miqyasda dünyaya bəlli olan işğal faktı ilə heç zaman barışmayacaq və torpaqlarının bir qarışını da düşmən tapdağı altında qoymayacaq.

Əlbəttə, Azərbaycan münaqişənin beynəlxalq qaydalara riayət edilməklə, siyasi yolla həllinə üstünlük verir. Lakin ölkəmiz yaranmış vəziyyətin sonsuz olaraq belə davam etdirilməsi fikrində də deyil və işə cavabdeh olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən öz vasitəçilik səylərini bu istiqamətdə aparacaqlarını gözləyir və danışıqların nəticə verəcəyinə ümid bəsləyir.

"Ermənistan rəhbərliyi bilməlidir ki, sərhəddə yaranan gərginliyin son nəticəsi onların üzərinə düşəcək. Dünyanın müxtəlif ölkələrinin və beynəlxalq təşkilatların Tovuz rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin beynəlxalq konvensiyanın tələblərinə zidd olaraq Azərbaycan sərhədlərini pozmaq, evləri və həyətyanı sahələri ağır silahlardan atəşə tutmaq cəhdlərini, mülki vətəndaşın ölümü kimi vandalizm hərəkətlərini pisləməsinə dair məlumatlar bir daha bunu təsdiq edir.

Prezident İlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, həmçinin yaxın tariximizin hadisələrinə dair bildirdiyi fikirlər, ortaya qoyduğu qətiyyətli mövqe bütün ictimaiyyət, o cümlədən AMEA-nın əməkdaşları tərəfindən böyük rəğbət və razılıq hissi ilə qarşılandı. Ermənistanın təcavüzkar hərəkətinə qarşı ordumuzun vurduğu sarsıdıcı zərbələr, dövlətimizin başçısının Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsinə dair verdiyi tapşırıqlar bütün Azərbaycan vətəndaşları kimi biz alimləri də bir daha əmin etdi ki, dövlətimiz güclü və qüdrətlidir. Biz alimlər də torpaqlarımızın azad olunması istiqamətində dövlət başçısının daxili və xarici siyasətini dəstəkləyirik. Hər zaman sizinləyik!”, - deyə Eldar Novruzov bildirib.

  • Paylaş: