www.science.az
28.07.2020 12:55

Azərbaycan xalqı Sizinlədir, hörmətli Prezidentimiz!

XX yüzilliyin əvvəllərində tarixi Azərbaycan torpaqlarında öz qondarma dövlətini yaratmağa nail olan təcavüzkar ermənilər öz havadarlarının himayəsi ilə Azərbaycanın bir sıra torpaqlarını hissə-hissə mənimsədilər, hətta iri güclərin köməyi ilə torpaqlarımızın 20 %-ni işğal etdilər. Bütün bunlara görə, iri dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən heç bir cəza almayan ermənilər bu il iyul ayının 12-də bir sıra strateji əhəmiyyətli yerləri ələ keçirmək, bununla da Azərbaycanın gələcəkdə daha da inkişaf etməsinin qarşısını almaq məqsədilə Tovuz istiqamətində Azərbaycan ərazisinə hücuma keçdilər. Onlar bu ərazidən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini, Bakı-Tbilisi-Qars dəmir yolunu, Bakı-Ərzurum-Qars boru kəmərini və s. nəzarətə götürmək istəyirdilər. Ancaq Ermənistan dövləti, xüsusilə onun heç bir dövlətçilik və idarəçilik qabiliyyəti olmayan baş naziri Nikol Paşinyan arzusuna çata bilmədi. Qəhrəman Azərbaycan Ordusu öz həlledici sözünü dedi, erməni ordusu ciddi itkilər verərək geri çəkilməyə məcbur oldu.

Burada bir məqamı xüsusi vurğulamaq istərdik. Tovuz istiqamətində döyüş başlanan ilk gündən bütün Azərbaycan əhalisi, gənclərdən tutmuş ahıllaradək hamı vətənin müdafiəsinə qalxdı. Yüz minlərlə insan vətəni müdafiə şüarları ilə keçirilən nümayişlərə qoşuldu. Nümayişlərin iştirakçıları Prezident İlham Əliyevin qətiyyətli səyləri ilə həyata keçirilən tədbirləri dəstəklədi. Tovuz döyüşləri Azərbaycan Ordusunun qüdrətini, gücünü ortaya qoydusa, bu nümayişlər xalq-iqtidar birliyini parlaq surətdə bir daha sübut etdi. Nümayişlər göstərdi ki, xalq öz Prezidentinə inanır, onu sevir və hər zaman onun yanındadır. Xalqımız qəti əmindir ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqımızı zəfərlərə aparır, onun həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində işğal altında olan torpaqlarımız qısa müddət ərzində azad ediləcək, ədalət bərpa olunacaqdır.

Bu şərəfli və məsuliyyətli vəzifənin həyata keçirilməsi üçün Prezidentimiz cənab İlham Əliyevə uğurlar arzulayırıq. Azərbaycan xalqı Sizinlədir, hörmətli Prezidentimiz!

Fəxrəddin Səfərli, Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.