Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK alim və tədqiqatçılara onlayn rejimdə fasiləsiz informasiya təminatı həyata keçirir
29.07.2020 12:00
  • A-
  • A
  • A+

MEK alim və tədqiqatçılara onlayn rejimdə fasiləsiz informasiya təminatı həyata keçirir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Prezident İlham Əliyevin sərəncamları, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişləri, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin müvafiq qərarlarına əsaslanaraq, məhdudiyyət qaydalarına riayət etməklə öz fəaliyyətini tənzimləməkdədir. Hazırda MEK-də sosial təcrid şəraitində alim və mütəxəssislərin informasiya təminatının ödənilməsinə dair, ümumiyyətlə, pandemiya və postpandemiya dövründə qurumun fəaliyyəti ilə bağlı tədbirlər planı hazırlanıb və artıq həyata keçirilməkdədir. Bu gün MEK-də rəqəmsal formatda xidmətlər üçün kitabxananın əməkdaşlarına məsafədən işləmək imkanları yaradılır, dezinfeksiya (kitab və mətbuat fondlarında, iş otaqları, oxu və sərgi zallarında, texniki avadanlıqlarda və s. ) işləri aparılır, məhdud sayda əməkdaşlar işə cəlb olunur, gigiyena qaydalarına ciddi riayət edilir, alim və tədqiqatçılara onlayn rejimdə fasiləsiz informasiya təminatı həyata keçirilir.

Bu fikirləri “Xalq qəzeti”nə açıqlamasında AMEA Mərkəzi Elmi Kitabxananın direktoru Sevil Zülfüqarova deyib.

Direktor qeyd edib ki, MEK özünün bina və fondlarının, xidmət obyektlərinin hazırlığı əsasında təhlükəsiz işin tədricən bərpa olunması üçün planlar hazırlamağa başlayıb. Bu məqsədlə pandemiya dövründə dünyanın ən iri dövlətlərinin əsas kitabxanalarının təcrübəsi öyrənilməkdədir. Məsələn, virusun səthlərdə yayılmasına dair mövcud olan qeyri-müəyyənliyin öhdəsindən gəlmək üçün ABŞ-da Muzey və Kitabxana Xidmətləri İnstitutu REALM (Reopening Archives, Libraries and Museums), IFLA, OCLC və Battele institutları kitabxana materiallarının etibarlı işlənməsini öyrənməyə davam edir. MEK UNESCO-nun Sənədli İrs və COVID-19 pandemiyası haqqında Bəyannaməsini imzalayan IFLA-nın kitabxanaların potensial imkanlarının nizamlanması fəaliyyətini yaxında izləyir və dəstəkləyir. Yuxarıda göstərilənlərə əsasən MEK geri qaytarılacaq sənədlərlə, kitablarla işləmək üçün karantin təyin edib, vəziyyət sabitləşməyincə oxucuların kitabları qaytarmamasına dair elan da verib. Gözləmə müddətini təmin edən təlimatlar hazırlamaqla, ən azı pandemiyadan sonra geri qaytarılacaq və ya dövriyyədə olacaq materiallar üçün xüsusi prosedurların işənilməsi də nəzərdə tutulur.

S.Zülfüqarova bildirib ki, MEK-də də bütün bu məsələlər elmi-metodiki, nəzəri-müqayisəli şəkildə öyrənilməklə yanaşı, fondlardan və xidmətlərdən məsafədən girişi genişləndirmək, alim və tədqiqatçılara məhsuldar informasiya mühiti yaratmaq üçün əlavə işlər aparılır. Elektron qaynaqlara olan marağın artması müşahidə edildiyi üçün kitabxananın saytının və kompüter sistemlərinin işlək olmasına, yenilənməsinə səy göstərilir. Elmi tədqiqat proseslərinin informasiya ehtiyacı öyrənilməklə, onlayn formatda oxucu konfransları, təqdimatlar təşkil edilir və virtual yubiley tədbirləri, sosial şəbəkələrdə elmi-informativ icmallar dərc edilir. Kitabxanada müasir dövrün elmi-informativ tələbləri nəzərə alınmaqla, struktur islahatları aparılır.

  • Paylaş: