Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Gənclər ön cərgədədirlər
30.07.2020 12:49
  • A-
  • A
  • A+

Gənclər ön cərgədədirlər

Artıq yarım ildən çoxdur ki, COVID-19 dünya birliyinin əsas probleminə çevrilib. Dünyanın demək olar ki, bütün ölkələrinə yayılmış koronavirus insanları sınaq qarşısında qoymaqla, onlardan məsuliyyət və dözümlülük tələb edir.

Koronavirus respublikamızdan da yan keçmədi. Lakin Azərbaycan xalqı ruhdan düşmədi, dövlətin yüksək qayğı və dəstəyi ilə epidemiya ilə mübarizəyə başladı. Ön cərgələrdə qərarlaşan gənclər də koronavirusla mübarizədə dövlətə dəstək olur, ehtiyacı olanlara yardım göstərir, tibb işçilərinə kömək edirlər.

Azərbaycan gəncliyinin müasir intibahı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1996-cı il fevralın 1-də onun təşəbbüsü və dəstəyi ilə Azərbaycan gənclərinin I forumu keçirildi. Bundan bir il sonra – həmin forumun ildönümü münasibətilə gəncləri qəbul edən ulu öndər 2 Fevral tarixinin ölkəmizdə gənclər günü kimi qeyd olunması barədə sərəncam imzaladı. O zamandan etibarən hər il bu tarix respublikamızda gənclər günü kimi qeyd edilir. Bu, MDB məkanında ilk belə hadisədir.

Ümummilli lider Heydər Əliyev Azərbaycan gəncləri barədə deyib׃ “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.

Son günlərdə gənclərdən ibarət könüllü dəstələrin ictimai yerlərdə, xüsusən dayanacaqlarda növbə çəkməsinin, nəqliyyat vasitələrini yoxlamasının, sərnişinlər tərəfindən karantin qaydalarına riayət olunmasına nəzarət etməsinin şahidi oluruq. Bu, bizi fərəhləndirir, eyni zamanda hamımızı daha məsuliyyətli olmağa səsləyir. Gözəgörünməz düşmənlə mübarizədə qalib gəlmək üçün həmrəy olmaq, karantin qaydalarına əməl etmək vacibdir.

Hər yerdə olduğu kimi, AMEA Memarlıq və İncəsənət İnstitutunda da gənclər dövlət siyasətinin həyata keçirilməsinə dəstək nümayiş etdirir. Koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu dəstək özünü daha aydın büruzə verməyə başlayıb. İnstitutda çalışan gənclər karantin qaydalarına riayət olunmasına nəzarət edir, ehtiyacı olan hər bir kəsə, xüsusən yaşlılara kömək edirlər.

Azərbaycan gəncləri hər zaman ölkə başçısı İlham Əliyevə dəstək nümayiş etdirirlər. Koronavirusla mübarizə bu dəstəyi bir daha nümayiş etdirdi. Gənclərimiz dövlətin onlara göstərdiyi etimadı doğrultmağa həmişə hazırdır.

Pərvanə Əliyeva, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: