Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan Respublikasının humanitar siyasətində qlobal pandemiya ilə mübarizə: beynəlxalq əməkdaşlıq, siyasi dialoq və həmrəylik
13.08.2020 11:02
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının humanitar siyasətində qlobal pandemiya ilə mübarizə: beynəlxalq əməkdaşlıq, siyasi dialoq və həmrəylik

Qlobal proseslərin sürətlə yayıldığı dünyada baş verən hadisələr, “yeni dünya nizamı” dalğasının genişlənməsi – yaşanan ziddiyyətlər fonunda dünya ictimaiyyətini dərindən yaralayan COVID-19 pandemiyası bir daha göstərmiş oldu ki, dövlətlərarası münasibətlərə yenidən baxılmalı və siyasi dialoqa diqqət artırılmalıdır. Bu isə öz növbəsində dünya xalqlarının beynəlxalq əməkdaşlığını möhkəmləndirməklə birgə mübarizənin əhəmiyyətini artırır və həmrəylik nümayiş etdirir. Mürəkkəb vəziyyətin davam etdiyi bir vaxtda Azərbaycan Respublikasının həyata keçirdiyi humanitar siyasət, qlobal pandemiya təhdidinə qarşı apardığı mübarizə öz bəhrəsini verir və mövcud sahədə problemlərin aradan qaldırılmasına çağırış edir. Beynəlxalq ictimaiyyətin bu dəfə də Azərbaycana göstərdiyi etimad, beynəlxalq təşkilatların respublika ilə qurduğu çoxşaxəli münasibətlər qarşılıqlı anlaşma və sülh şəraitində əməkdaşlığın davamlılığına əlverişli şərait yaradır. Bu səbəbdən, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürməsi Azərbaycan hökumətinin məsələyə beynəlxalq səviyyədə ciddi və həssas yanaşdığını əks etdirir.

Azərbaycan Respublikasının sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da qlobal pandemiyaya qarşı keçirdiyi Zirvə toplantısı mühüm nəticələrlə yadda qaldı və beynəlxalq ictimaiyyətin diqqətini bir daha məsələyə yönəltdi. Bununla yanaşı, Qoşulmama Hərəkatına sədrlik edən və yaxın üç il əzində sədrlik edəcək Azərbaycan Respublikasının beynəlxalq qurumun Təmas Qrupu ilə birgə 4 may tarixində koronavirusa qarşı keçirdiyi və sayca 2-ci Zirvə görüşü ümumbəşəri bəlaya çevrilən xəstəlik ilə mübarizədə Prezident İlham Əliyevin haqlı iradəsini bir daha dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdıra bildi, nəticə etibarilə beynəlxalq hüququn prinsiplərinə yüksək səviyyədə riayət olundu. Məhz dövlət başçısının səyləri nəticəsində Azərbaycan dövləti humanitar siyasətində COVID-19-la mübarizə işini beynəlxalq səviyyədə gücləndirdi və mövcud sahədə müsbət təcrübə əldə etdi.

Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına üzv 120 dövlətin tamamının və 97 BMT üzvünün dəstəyinin yetərli olmasına baxmayaraq, 193 üzvdən 130-nun dəstəyi ilə bu qurumun koronavirusa qarşı xüsusi sessiyasının keçirilməsinə nail olması İlham Əliyevin müstəqil dövlət başçısı olaraq uzaqgörən və müdrik siyasət yürütdüyünü açıq şəkildə bəyan etmiş oldu. Respublikanın BMT və onun ixtisaslaşmış qurumu Ümumdünya Səhiyyə Təşkilatı ilə həyata keçirdiyi əməkdaşlığı bu baxımdan qarşılıqlı dialoq və anlaşma şəraitində effektiv addımların atılmasında mühüm göstəricidir. Azərbaycanın pandemiyadan əziyyət çəkən ölkələrə (Asiya, Afrika, Latın Amerikası) yardım məqsədilə ÜST-yə ayırdığı ianə respublikanın müasir beynəlxalq münasibətlərdə oynadığı əhəmiyyətli roluna diqqət çəkir, siyasi və iqtisadi nüfuzuna dinamizm qatır.

Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə mübarizə tədbirləri vətəndaşlarımızın qlobal bəladan qurtulmasında mühüm rol oynayıb və beynəlxalq ekspertlər müsbət rəylərini dilə gətiriblər. Qısa vaxt ərzində əldə olunan nəticə Azərbaycan Prezidentinin regional, eləcə də beynəlxalq səviyyədə COVID-19 xəstəliyi ilə mübarizədə çevik və qabaqlayıcı tədbirlər həyata keçirdiyini təsdiq edir. Bununla bağlı ölkədə 46 xəstəxananın, 31 laboratoriyanın fəaliyyəti və 700 mindən yuxarı testin keçirilməsi Azərbaycan hökumətinin qlobal təhdidə qarşı mübarizəni yüksək səviyyədə təşkil etdiyini göstərir.

Dünya dövlətləri Prezident İlham Əliyevin bəşəriyyətin xilası naminə son dərəcə vacib olan BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyərək həmrəylik nümayiş etdirdiyi halda, Ermənistan buna qarşı çıxdı və bir daha özünü beynəlxalq dialoqdan, əməkdaşlıqdan və ümumi bəlaya qarşı mübarizədən təcrid etdi. Bunun isə tək səbəbi var – Azərbaycan Respublikasının regionda və beynəlxalq arenada artan nüfuzu, yüksəksəviyyəli tədbirlərə və layihələrə rəhbərlik etməsi, iqtisadi qüdrəti bu cılız ölkəni bir daha kiçiltmiş olur. Belə məqamlara baxmayaraq Azərbaycan Respublikası COVID-19 pandemiyası ilə beynəlxalq mübarizə tədbirlərini daha da genişləndirib və ölkə daxilində vəziyyət stabildir, birbaşa dövlət başçısının nəzarəti altındadır. Bu səbəbdən, Prezident İlham Əliyevin qlobal təhdidlə mübarizəyə mühüm töhfə verəcək BMT Baş Assambleyasının xüsusi sessiyası təşəbbüsünün gerçəkləşməsi Azərbaycan Respublikasının dünyada sülh, əmin-amanlıq, həmrəylik və bütün hallarda beynəlxalq əməkdaşlıq carçısı kimi ən yeni tarixdə böyük iz qoyacağına əsas yaradır.

Aqil Əhmədov, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Beynəlxalq münasibətlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: