Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” monoqrafiyasının təqdimatı keçirilib
01.09.2020 14:29
  • A-
  • A
  • A+

“Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” monoqrafiyasının təqdimatı keçirilib

AMEA-nın Naxçıvan Bölməsində türkiyəli professor Yaşar Qurdun “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” adlı monoqrafiyasının təqdimatı keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək Orta əsrlər Naxçıvan mühitinin yetirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Nemətullah Naxçıvani ilə bağlı ciddi elmi araşdırmaların aparılması, alimin irsinin öyrənilib tədqiq edilməsinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 oktyabr tarixli sərəncamı ilə başlanıldığını deyib. Bildirib ki, sərəncamla təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Naxçıvan Bölməsində Nemətullah Naxçıvani irsinin araşdırılması məqsədilə 7 nəfərdən ibarət tədqiqat qrupu yaradılıb. 2019-cu il 21-25 may tarixlərində Türkiyə Respublikasının Səlcuq Universitetinin Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” mövzusunda konfrans keçirilib, alimin həyat və yaradıcılığı ilə bağlı çıxışlar edilib, tədbirdə “Nemətullah vətəni Naxçıvan” filmi nümayiş olunub. Bundan əlavə, nümayəndə heyəti Nemətullah Naxçıvaninin məzarını ziyarət edib, Ağşəhərdə Nemətullah Naxçıvani adına İmam Hatib dini orta məktəbində olublar. Türkiyədə çap edilən Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” adlı 5 cildlik təfsiri də olmaqla, ümumilikdə Nemətullah Naxçıvani ilə bağlı 21 adda kitab muxtar respublikaya gətirilib.

Vurğulanıb ki, Naxçıvanda 2019-cu il iyulun 8-də “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə həmin konfransın materialları, Naxçıvan Bölməsində hazırlanan “Nemətullah Naxçıvani: taleyi və sənəti” adlı kitab, eyni zamanda N.Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi) adlı 3 cildlik təfsiri nəşr olunub.

NMR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən “Təfsir alimi Nemətullah Naxçıvani” sənədli filmi hazırlanıb, Naxçıvanşünaslıq Mərkəzində “Nemətullah Naxçıvaninin həyat və yaradıcılığı” mövzusunda açıq dərslər keçirilib, məqalələr yazılıb, keçirilən tədbirlər işıqlandırılıb. Türkiyənin Naxçıvandakı Baş konsulu tərəfindən Nemətullah Naxçıvaninin Türkiyə kitabxanalarında saxlanılan 12 əlyazmasının nüsxəsinin elektron variantı Naxçıvan Bölməsinə təqdim edilib.

Məlumat verilib ki, Türkiyənin Samsun 19 Mayıs Universitetinin professoru Yaşar Kurtun 300-dən artıq elmi ədəbiyyatdan bəhrələnərək qələmə alınan “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” adlı monoqrafiyada Nemətulla Naxçıvaninin yaşadığı dövrdə təfsir, hədis, fiqh, kəlam, tibb, tarix, ədəbiyyat kimi elmlər, dini təriqətlər və onların cəmiyyət həyatında rolu təhlil olunub. Müəllif tədqiqat əsərində Nemətulla Naxçıvaninin bütün əsərlərindən söz açıb, onlar haqqında ümumi məlumat verməklə, əlyazma nüsxələrini oxuculara təqdim edib. Qeyd olunub ki, aparılan tədqiqatlar bu nəticəyə gəlməyə əsas verir ki, Şərqin böyük filosofu və din aliminin elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə İslam dini dünyagörüşü vəhdət təşkil edir. Görkəmli mütəfəkkir məşhur elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi bütün dünyada tanınır və böyük ehtiramla anılır. Qeyd olunub ki, monoqrafiya Nemətullah Naxçıvani irsinin tədqiqatçıları, tarixçilər, dinşünas alimlər və ali təhsil müəssisələrinin tələbələri, ümumilikdə Naxçıvanşünaslıq üçün qiymətli mənbə rolunu oynayacaq, gələcəkdə Nemətullah Naxçıvaninin elmi irsinə yeni baxışların və tədqiqatların yaranması ilə nəticələnəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: