Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunda palinoloji tədqiqatlar davam etdirilir
08.09.2020 15:06
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda palinoloji tədqiqatlar davam etdirilir

AMEA-nın Coğrafiya İnstitutunda Azərbaycan ərazisində qədim dövrlərin coğrafiyası tədqiq edilir.

Coğrafiya elmləri doktoru Yelena Tağıyevanın rəhbərliyi altında institutun Paleocoğrafiya şöbəsi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə qədim insan düşərgələrinin paleoekoloji və paleocoğrafi şəraitinin bərpası istiqamətində tədqiqatlar aparır. Palinoloji və ya spor-tozcuq analizinin köməyilə alınan məlumatlar qədim və orta əsr insan paleoekologiyasının bir çox məsələlərinin həllində əsas rol oynayır.

Alimin bildirdiyinə görə, palinoloji tədqiqatlar göstərib ki, iqlim dəyişməsi Azərbaycanın Qarabağ düzənliyində yaşamış Leylatəpə mədəniyyəti daşıyıcılarının həyat tərzinin və təssərrüfat fəaliyyətinin dəyişməsinə bilavasitə təsir edib. Düşərgələrin əsas çay arteriyalarına nisbətən yaxın yerləşməsində bu özünü daha aydın göstərir. Belə ki, rütubətli dövrlərdə düşərgələr təpəlik yerlərdə, quru dövrlərdə isə çayların bilavasitə yaxınlığında salınıb. Yaşayış evlərinin tikilməsi üsulları kərpic xammalından tutmuş yüngül konstruksiyaya qədər dəyişib. 

Şöbə əməkdaşları, həmçinin AMEA-nın Botanika,  eləcə də  Geologiya və Geofizika institutlarının mütəxəssisləri ilə birgə bir sıra digər elm sahələri üçün də perspektivli istiqamət sayılan palinoloji metod vasitəsilə bitkilərin sistemləşdirilməsi üçün müqayisəli-palinomorfoloji tədqiqatlar aparırlar. Bu istiqamətdə birgə multidissiplinar tədqiqat Boraginaceae ailəsindən olan Nonea cinsinin tozcuqlarının skanlı elektron mikroskopunda öyrənilməsi məqsədilə aparılıb.

Tədqiqatın məqsədi tozcuqların yeni mikromorfoloji əlamətlərinin aşkar edilməsi və Azərbaycan florasının bəzi nümunələrinə “növ” statusunun verilməsidir. Bu barədə "Elsevier" beynəlxalq nəşr evinin nüfuzlu "Review of Palaeobotany and Palynology" jurnalına  məqalə təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: