www.science.az
11.09.2020 10:36

AMEA-nın müxbir üzvü Elmira Əliyevanın 60 yaşı tamam olur

Sentyabrın 12-də geologiya sahəsində tanınmış alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Elmira Əliyevanın 60 yaşı tamam olur.

Elmira Hacımurad qızı Əliyeva 1960-cı il sentyabrın 12-də Bakı şəhərində anadan olub. O, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsini bitirib, 1990-ci ildə "Cənubi-Xəzər çökəkliyinin qərb yamacının antropogen Didakna mollyuskaların filogenya, sistematika və paleoekoloji-biogeokimyəvi xarakteristikası" mövzusunda namizədlik, 2005-ci ildə "Orta və Cənubi-Xəzər çökəkliyinin qərb yamacının mezokaynozoy çöküntülərinin sedimentasiya tsiklliliyi və fasiyaları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Sedimentologiya və neft geologiyası üzrə yüksəkixtisaslı mütəxəssis olan E.Əliyeva 1991-ci ildən AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) işləyir, hazırda bu qurumda Neftli-qazlı hövzələrin litogenezi şöbəsinin rəhbəri kimi fəaliyyət göstərir. O, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

Alimin elmi fəaliyyətinin əsas istiqamətlərini müasir və qədim terrigen çöküntü sistem­lərinin toplanması şəraitləri və tsiklləri, mezokaynozoy çöküntülərinin sekvens və xemostratiqrafiyası, məhsuldar qatın karbohidrogen rezervuarlarının stratiqrafik arxitekturası, iqlim, dəniz səviyyəsinin dəyişməsi, mezokaynozoyda Xəzər ərazisinin paleo­coğ­ra­fiyası, ətraf mühit dəyişmələrinə qarşı geo­kim­yəvi və biokimyəvi reaksiyalar və s. təşkil edir.

E.Əliyeva 200-ə yaxın elmi əsərin, o cümlədən 3 kitabın müəlifidir. Bundan başqa, geoloq alim 17 doktorant, dissertant və magistrantın elmi rəhbəridir.

Pedaqoji fəaliyyətlə də məşğul olan alim AMEA-nın magistraturasının, “BP” şirkətinin təşkil etdiyi “Sedimentologiya, stratigrafiya və struktur geologiya” çoxhəftəlik yay tələbə kurslarının müəllimi, GGİ nəzdində Dissertasiya Şurasının üzvüdür. O, həmçinin “Neft-qaz hövzələrinin stratiqrafiyası və sedimentologiyası” beynəlxalq elmi jurnalının redaktorunun müavini vəzifəsini icra edir. 

Geoloq alim səmərəli elmi və ictimai fəaliyyətinə görə 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.

AMEA-nın müxbir üzvü Elmira Əliyevanı 60 illik yubileyi münasibətilə təbrik edir, ona bundan sonrakı çoxşaxəli fəaliyyətində daha böyük uğurlar və möhkəm cansağlığı arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.