www.science.az
14.09.2020 10:51

Mərkəzi Elmi Kitabxanada oxucuların qəbulu üçün hazırlıq gedir

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi dəstək proqramları, sosial paketlər, səhiyyə islahatları və digər tədbirlərin mərkəzində insan - vətəndaş amili dayanır. Bu baxımdan, Azərbaycanın elm məbədinin intellektual sərvətlərinin qayğısına qalmaq, onu təbliğ etmək, gələcək nəsillərə əmanət etmək və Azərbaycan elminə, ziyalılarına yüksək səviyyədə informasiya xidməti göstərmək AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) ali missyası, vətən və dövlət qarşısında müqəddəs vəzifəsidir.

Pandemiya ilə əlaqədar karantin rejminin elan edildiyi gündən MEK öz fəaliyyətinin müəyyən istiqamətlərini dondursa da (oxucuların qəbulu, kitab verilişi və s.), alim və tədqiqatçılara informasiya xidmətini fasiləsiz olaraq onlayn rejimdə reallaşdırmağa nail olub. Bu müddətdə oxucuların sorğularına onlayn cavab verilərək, tələb olunan resurslar rəqəmsal formatda MEK-in saytında təqdim edilib, istifadəçilərə e-poçt vasitəsilə göndərilib. Eyni zamanda MEK-in fəaliyyət strukturunda və ədəbiyyat fondlarında əsaslı yeniliklər həyata keçirilib. Oxucuları qəbul etmək üçün fondlarda, qiraət zallarında, şöbələrdə yenidən dezinfeksiya işləri aparılıb. Önləyici tədbirlər görülməklə əməkdaşlar məhdud sayda, növbəli şəkildə işə cəlb edilib, təhlükəsizlik tədbirlərinə riayət edilməklə MEK-in daxilində fondların yerləşdirilməsi, şöbələrin rekonstruksiyası, virtual tədbirlərin təşkili yönündə əsaslı işlər görülüb. Kitabxanada oxucuların qəbulu şərtləri üzrə əməkdaşlara təlimlər keçirilib, binanın girişindən başlayaraq qiraət zallarında, açıq fondlarda, abonomentdə, oxucu-istifadəçi, oxucu-kitabxanaçı arasındakı sosial məsafənin gözlənilməsi qaydaları sayt vasitəsi ilə və məlumat lövhələrində təqdim edilib. Tibbi maskalar, antiseptik vasitələrlə təchiz olunmuş xidmət masaları hər mərtəbədə açıq istifadəyə hazırdır.

Kitabxananın kollektivi postpandemiya dövrünü yeni modern xidmət sahələri, zəngin elmi informasiya resursları ilə, eyni zamanda beynəlxalq təhlükəsizlik təcrübələrini öyrənib tətbiq etməklə qarşılamağa hazırlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.