Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib
21.09.2020 11:27
  • A-
  • A
  • A+

Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib

Özbəkistanın paytaxtı Daşkənddə Seyid Əzim Şirvaninin qəzəlləri toplusu kitab halında nəşr olunub. İlk dəfədir ki, XIX əsr Azərbaycan poeziyasının bu parlaq təmsilçisinin əsərləri belə geniş həcmdə xarici oxuculara təqdim edilir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə ədibin 185 illiyinə töhfə olaraq hazırlanan “Qəzəllər” kitabının tərcüməçisi Özbəkistanın tanınmış şairi Tohir Qahhardır. Kitabda adı Yaxın və Orta Şərq xalqları arasında məşhur olan şairin daim qiraətçilərin və xanəndələrin ifasında Azərbaycandan kənarda da məşhur olmuş şeirləri birinci dəfə belə geniş həcmdə və yüksək keyfiyyətli tərcümədə təqdim olunur. Nəşrə Seyid Əzim Şirvaninin 233 qəzəlinin bədii tərcüməsi daxil edilib.

Kitaba yazdığı geniş müqəddimədə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov əvvəlcə Seyid Əzim Şirvaninin həyatı, ədəbi irsi, Azərbaycan maarifi və qəzetçiliyinin inkişafındakı xidmətləri barədə ətraflı məlumat verir. Akademik R.Hüseynovun qələmə aldığı müfəssəl müqəddiməni Seyid Əzim Şirvaninin əlyazmalarından fraqmentlər, tarixi fotolar, eləcə də Azərbaycan rəssamlarının müxtəlif illərdə çəkdikləri, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanan rəsm əsərlərinin reproduksiyaları bəzəyir.

Qeyd etmək lazımdır ki, yeni kitabın bədii tərtibatı Milli Azərbaycan Ədəbiyyatı Muzeyində gerçəkləşdirilib. Nəşrin hazırlanmasında yaxından iştirak etmiş Kərimulla Məmmədzadə, Gülbahor Aşurova, İbrohim Haqqulov, Erqaş Oçilov, Kəbirə Haşımova böyük şeir-sənət ustadının xatirəsinə layiq kitabın ortaya çıxması üçün ciddi səy göstəriblər.

Yaxın vaxtlarda Seyid Əzim Şirvaninin özbəkcə nəşr edilmiş “Qəzəllər” kitabının Daşkənddə və Bakıda təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: