Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Ədəbiyyat İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı

AMEA Ədəbiyyat İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı

Bu gün AMEA Ədəbiyyat İnstitutunun elektron akt zalında Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının on birinci ildönümü ilə əlaqədar tədbir keçirildi.

Öncə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli dahi şəxsiyyətin misilsiz xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən, respublikanın sosial-iqtisadi və mədəni quruculuq sahəsinin inkişafındakı misilsiz rolundan danışdı. Bildirdi ki, Azərbaycan Respublikası bütün sahələrdə sürətli inkişafa məhz bu müdrik siyasi xadimin böyük səyləri sayəsində müvəffəq olmuşdur.

Dahi şəxsiyyətin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu söyləyən İ.Həbibbəyli azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsi, müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusuna çatmasına nail olduğunu qeyd etdi.

Heydər Əliyevin dünya miqyasında qəbul olunmuş böyük şəxsiyyət olduğunu söyləyən İ.Həbibbəyli AMEA-nın tarixində də ulu öndərin xüsusi yeri olduğunu, onun akademiyanın hərtərəfli inkişafına kömək göstərdiyini vurğuladı. Qeyd etdi ki, Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra akademiyaya yeni həyat verilmiş, ona dövlət statusu verilmişdir: “Akademiya “Milli Elmlər Akademiyası” statusunu ulu öndər Heydər Əliyevin sərəncamı ilə qazanıb”.

Akademik bildirdi ki, bu gün ölkə Prezidenti İlham Əliyev də Heydər Əliyevin siyasətini bütün sahələrdə, o cümlədən akademiyaya olan münasibətdə davam etdirir.

Sonra “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyi tərəfindən hazırlanmış Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Mən azərbaycanlıyam!” sənədli filmi nümayiş etdirildi.

Tədbirdə çıxış edən institutun şöbə müdiri, professor Asif Rüstəmli, “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova, filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlı və başqaları dahi liderin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən, idarəçilik məharəti və zəngin mənəvi keyfiyyətlərindən geniş bəhs etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: