www.science.az
28.09.2020 12:24

Ermənistan törətdiyi təxribatlara görə peşman olacaq

Qəsbkar ermənilər havadarlarının köməkliyi ilə torpaqlarımızı işğal edib. Azərbaycan xalqı sülhsevərdir, müharibə istəmir. Fəqət azğın düşmən zəbt etdiyi torpaqlarımızı qaytarmaq fikrində deyil. Nə BMT-nin dörd qətnaməsinə əməl edir, nə də sülh yoluna gəlir. Ermənistan dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən tanınan tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayıb, geri qaytarmır, daim təxribatlar törədir. 

Bu sözləri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd deyib. O, bildirib ki, mənfur ermənilər mütəmadi olaraq sülh danışıqlarına əməl etmir, atəşkəsi pozur. Xalqımızın səbir kasası daha tükənib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında inşallah doğma Qarabağımızı düşmən tapdağından azad edəcəyik. Bu gün səhər saat 6.00-da yenə düşmən atəşkəsi pozub. Şanlı ordumuz düşməni susdurur. Düşməndən fərqli olaraq mülki əhaliyə atəş açmır. Şərəfsiz düşmən isə beynəlxalq humanizm qanunlarına əməl etməyərək, bizim mülki əhalimizə atəş açır. Günahsız insanların qanını tökür. Ermənistan dövləti insanlıqdan kənar hərəkətlər edir. Onlar törətdikləri təxribatlara görə peşman olacaqlar. Bizim rəşadətli ordumuz Ermənistanın qəsbkarlıq əməllərinə son qoyacaq. Qələbə bizimdir inşallah. Biz öz torpağımızı qoruyuruq. Ermənilərin hərbi obyektləri məhv edilir. Var olsun Azərbaycanımız, onun rəşadətli ordusu. Haqq bizimdir. Prezidentimiz demişkən, “Qarabağ Azərbaycandır”.

"AzərTac"