Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İşğal olunmuş ərazilərimizin bitki genefondu təhlükədədir
28.09.2020 16:43
  • A-
  • A
  • A+

İşğal olunmuş ərazilərimizin bitki genefondu təhlükədədir

Azərbaycanın Kiçik Qafqazda yerləşən Qarabağ ərazisi respublikanın ümumi sahəsinin 1/6 hissəsini (düzən, dağlıq və yüksək dağlıq) təşkil edir.

1988-ci ildən başlayaraq Ermənistan Respublikası tərəfindən Azərbaycan torpaqlarının 20%-nin işğal edilməsi, həmin ərazilərdən bir milyon insanın departasiyasına, o cümlədən tarixi, mədəni abidələrin dağıdılmasına, flora və faunanın bir çox növlərinin məhvinə səbəb olub. Halbuki, işğaldan əvvəl Qarabağın ümumi ərazisinin 36%-i və ya 160 min ha sahəsi ancaq meşəliklərdən ibarət idi. 

Ümumiyyətlə, Qarbağ zonası özünün flora və fauna müxtəlifliyinə görə həmişə zəngin olmuşdur. Vaxtilə həmin ərazilərdə səhra, yarımsəhra, quru bozqır, bozqır, eləcə də dağ kserofit bitkilik tipi üstünlük təşkil edirdi. Ərazinin orta dağ qurşağında, dəniz səviyyəsindən 300-350 m yüksəklikdə yarımsəhra bitki növləri, 1800 m yüksəkliklərdə enliyarpaqlı meşələr, kolluqlar, 2300 m yüksəklikdə isə subalp və alp çəmənlikləri, çox yüksəkliklərdə isə tundra növləri geniş yayılmışdır. Meşələrdə ağac və kol bitkiləri ilə yanaşı, bənövşə, lalə, qızılgül, zanbaq, qərənfil, böyürtkən və s. cinslərə daxil olan birillik, ikiillik, çoxillik və soğanaqlı növlər təbii halda bitirdi. Xüsusəndə Ağdərə, Əsgəran, Xocavənd rayonları palıd, vələsl, fıstıq və ağcaqayın meşələri ilə zəngin idi. Yüksək dağlıq hissələrdə şərq palıdına (Quercus majranthera), trautveter ağcaqayınına (Acer trautvetteri), tozağacının 4 növünə (Betula sp. Div), Şərq fıstığına (Fagus orientalis) rast gəlinirdi. Bu tip meşələrdə qeyd edilən bitkilik tipləri ilə yanaşı, bəzi yerlərdə su-bataqlıq bitkiliyinə də təsadüf edilirdi. Otlaq, meşə və kol massivləri arasında isə yerli əhali əsasən taxıl, bostan və texniki bitkilər becərirdilər.

70-ci illərdə həmin ərazilərdə floranın zəngin və qiymətli olmasını nəzərə alaraq, o vaxtlar Azərbaycan Respublikasının rəhbəri, ulu öndər Heydər Əliyev Qarabağ zonasında bir sıra yeni qoruqların salınması haqda qərar qəbul etdi. 

Azərbaycan Elmlər Akademiyasının Biologiya Bölməsinin müvafiq institutları tərəfindən hazırlanmış layihə əsasasında Kəlbəcər rayonunun Sarıyeri adlanan ərazisində çəmən-bataqlıq bitkiləri üçün 30 min hektar sahə ayrıldı ki, burada nadir və nəsli kəsilməkdə olan alp, su-bataqlıq bitkilərinin çoxaldılması istiqamətində böyük işlər aparılırdı. Həmin dövrlərdə Qarabağda ardıc və palıd meşə qoruqlarının yaradılması nəzərdə tutulmuşdur.

Qarabağın cənubunda yerləşən Bəsitçay Dövlət Qoruğunda qiymətli ağac cinsləri ilə yanaşı, Azərbaycanın “Qırmızı kitabına” daxil edilmiş şərq çinarı (Platanus orientalis) növü də artırılırdı, bununla bərabər Şuşa rayonunda (1600-1800 m dəniz səviyyəsindən yüksəklikdə) yerləşən Topxana Dövlət Qoruğu inkişaf etdirildi. Göygöl qoruğunda isə enliyarpaqlı və iynəyarpaqlı növlər, eləcə də subalp və alp çəmənlik bitki növlərinin biomüxtəlifliyi artırılırdı.  Erməni təcavüzkarları tərəfindən həmin ərazilərin işğalı nəticəsində respublikamızın milli və mədəni sərvəti olan bu qoruqlarda yüzlərlə relik, nadir ali və ibtidai bitki növləri, o cümlədən  21 növ Azərbaycan endemi, 82 növ Qafqaz endemi, həmçinin yüzlərlə nadir və nəsli kəsilməkdə olan növlər, 3000-ə yaxın sənaye əhəmiyyətli bitkilər təhlükə altındadır.

Burada floranın zənginliyi heyvandarlığın inkişafına da səbəb olmuşdur. Qış dövründə (altı ay ərzində) yüz minlərlə heyvan Kiçik Qafqazın aran rayonlarında otarılar, yayda isə heyvanlar 3-4 ay müddətində yay otlaqlarına köçürülərdilər. Belə bir sistem heyvanları bütün mövsümlərdə (qışda - səhra, yarımsəhra, bozqır, yayda - çəmən) yemlə təmin etməyə imkan verirdi. Göründüyü kimi vaxtı ilə Qarabağın florası və onun bitkiçiliyinin biomüxtəlifliyi dünyada analoqu olmayan rəngarəng şaquli zonallığı ilə fərqlənirdi.

Torpaqlarımızın işğalı nəticəsində Qarabağ və ona bitişik ərazilərdə ölkəmizin milli və mədəni sərvəti olan meşələr və qoruqlar dağıdılmış, qiymətli endemik bitki növləri məhv edilmiş, həmin sahələrin ölü zonaya çevrilməsinə səbəb olmuşdur. Statistik məlumatlara görə təkcə 63,414 ha ərazi hərbi təlimlərdə və yanğınlarda dağıdılmışdır. 100 min hektara yaxın kənd təsərrüfatına yararlı torpaq sahələri yararsız vəziyyətə düşmüşdür. Zəbt olunmuş ərazilərdə 311 kənd təsərrüfatı fermer təşkilatı dağıdılmışdır ki, bu da respublikanın ümumi ərzaq proqramının yerinə yetirilməsində taxılın 14,3%, pambığın 33,3%, üzümçülüyün 31,5%, kartof istehsalının 16,3%, ət məhsullarına 14,5%, süd məhsullarının 17,1%, yunçuluğun 19,3%, maldarlığın 15,8%- i həmin fermer təsərrüfatlarının payına düşürdü.

Əldə olunan məlumatlara görə erməni işğalçıları zəbt olunmuş ərazilərdə qiymətli ağac cinslərini məhv edərək (palıd, fıstıq, çinar, ağcaqayın və s.) əvəzində (səhra, yarımsəhra, bozqır) kənd təsərrüfatına və sənaye bitkiləri siyahısına daxil olmayan bitkilər becərirlər.

Bütün bu qanunauyğunsuzluqlar 1951-ci ildə Orxuskaya, 1965-ci ildə QAAQ, 1971-ci ildə Ramsar, 1995-ci ildə Pan–Evropa (Bolqarıstan), 1992-ci ildə BMT-də “Yerin flora və faunasının genefondunun saxlanılması və bitkilərin mühafizəsi” proqramı çərçivəsində keçirilən beynəlxalq konvensiyalara ziddir. Bu, təkcə Azərbaycanı deyil, eyni zamanda beynəlxalq ictimai təşkilatları narahat etməli, təbiətin qayğısına qalan alim və tədqiqatçıların Qarabağda və ona yaxın işğal olunmuş ərazilərdə bitki genefondunun mühafizəsində Azərbaycan dövlətinə dəstək olmalıdırlar.

Tofiq Məmmədov, Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: