www.science.az
02.10.2020 12:46

Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunda ən güclü ordudur

Azərbaycan dövləti ümummilli problemimiz olan Qarabağ məsələsinin sülh yolu ilə həllində hər zaman qətiyyətli addımlar atıb. Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə bu problemin siyasi, tarixi və etnik aspektləri barədə ətraflı məlumat verib, Ermənistanın işğalçılıq siyasətini ifşa edib. Bununla yanaşı, ölkəmizdə ordu quruculuğu məsələsi dövlətimizin başçısının diqqət mərkəzindədir. Bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun ən güclü ordusudur. Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır.

Bu fikri AMEA-nın müxbir üzvü Novruz Quliyev söyləyib. O bildirib ki, Ermənistanın işğalçılıq siyasətinin sonu olmadığından mənfur qonşu dövlətin törətdiyi təxribatlara adekvat olaraq ordumuz əks-hücumla torpaqlarımızı azad etməyə başlayıb.

“Bu gün qüdrətli ordumuz rəşadətlə vuruşur və düşmənə ağır zərbələr endirir. Düşmən böyük miqdarda itki verir. Azərbaycanın mülkü əhalisi və hərbi qulluqçuları arasında da itkilər var. Bütün bunların məsuliyyəti Ermənistanın təcavüzkar hakimiyyətinin və silahlı qüvvələrinin üzərinə düşür. Bizim işimiz haqq işidir, ordumuz Vətənimizin bütövlüyü uğrunda mübarizə aparır. Xalqımız hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin və şanlı ordumuzun yanındadır. Əminik ki, torpaqlarımız düşməndən tezliklə azad olunacaq və qələbəmiz uzaqda deyil. Bu gün güclü ordumuz döyüş meydanında, Prezidentimiz isə siyasi arenada düşməni məğlub edir. Allah Prezidentimizi və ordumuzu qorusun”,- deyə N.Quliyev qeyd edib.

"AzərTac"